Marsdakı “Jezero” kraterinə robot-rover göndəriləcək

Texnologiya 20 Noyabr 2018 21:28 Oxunub 1351
Marsdakı “Jezero” kraterinə robot-rover göndəriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehtimal olunan su hövzəsinin deltası bioloji sübutlarla zəngin ola bilər

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 2020-ci ildə Marsdakı “Jezero” kraterinə robot-rover göndərəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, robot-rover Mars planetinin 50 kilometrlik əraziyə malik olan və həyat əlamətlərinin aşkar olunması üçün ən münasib yer sayılan sahəsində tədqiqat aparacaq. Belə ki, peyk çəkilişləri vasitəsilə bu məkanda 3,5–3,9 milyard il əvvəl çay və ya göl olduğu ehtimalları əsasında hidroloji tədqiqatların aparılması nəzərdə tutulur. Alimlərin qənaətinə görə, həmin dövrdə Qırmızı planetin iqlimi daha isti və rütubətli olub. NASA missiyasının tədqiqatçı-alimi Ken Farli bildirib ki, ehtimal olunan su hövzəsinin deltası bioloji sübutlarla zəngin ola bilər. Onun sözlərinə görə, burada həyat əlamətlərini, o cümlədən mikrobioloji elementlərin qalıqlarını aşkar etmək mümkündür. Alim əlavə edib ki, “Jezero” kraterində qayalardakı gil və karbonat təbəqəsində də geniş tədqiqatlar aparılacaq. Marsı tədqiq edən alimlər dördillik məsləhətləşmələrdən sonra 500 metr dərinliyi olan bu krateri tədqiqat obyekti kimi seçiblər. NASA-nın elmi tədqiqatlar üzrə rəhbəri Tomas Zurbuçen bildirib ki, onların yeni təklifləri öyrənilir və Marsın ekvatorunda yerləşən, qərbi slavyanların dilində “göl” mənası verən “jezero” yarğanının tədqiqi üçün robot-roverin texnoloji göstəricilərinin təkmilləşdirilməsi işləri aparılır. Onun yerə göndərəcəyi nümunələr isə agentliyin və Avropa Kosmik Agentliyinin (ESA) laboratoriyalarında analiz ediləcək. Tomas Zurbuçen əlavə edib ki, 2020-ci ildə Marsa göndəriləcək robot-rover 2012-ci ildə “Qeyl” kraterinə göndərilən “Curiosity” (“maraq”) robotunun əsasında hazırlanır. Əvvəlki missiyanın uğurla keçməsi səbəbindən NASA bu nailiyyəti təkrar etmək qərarına gəlib. Bununla yanaşı, “Curiosity”nin cihazlarının yeni robotda istifadə edilməsi maliyyə vəsaitinə qənaət etməyə də imkan verir. Buna əlavə olaraq, yeni robot-rover ən müasir texnologiyalar, qazma qurğusu və lazerlə də təchiz olunacaq. Alimlər Qırmızı planetdə astronavtların necə oksigen əldə etməsi ilə bağlı eksperiment də keçirəcəklər. “Curiosity” ilə eyni "Skycrane" texnologiyası ilə uçacaq yeni robot-roverin Marsın səthindəki kraterə daha asan enməsi üçün mühəndislər tərəfindən “Terrain-Relative Navigation” adlanan uçuş xəritəsi planı da hazırlanıb. Qırmızı planetə göndəriləcək missiyanı daşıyacaq raketin buraxılma vaxtı isə planetlərin düzülüşünün daha münasib vəziyyətində müəyyən olunacaq. NASA robot-roveri 2020-ci ilin iyul-avqust aylarında göndərməyi, Marsa enişi isə 2021-ci il fevralın 18-də həyata keçirməyi nəzərdə tutur. Xatırladaq ki, NASA-nın Marsa zəngin və uğurlu missiyalar göndərilməsi təcrübəsi var. Agentliyin planetar elm bölməsinin rəhbəri Lori Qleyzin sözlərinə görə, 1965-ci ildən başlayaraq “Mariner” kosmik gəmisinin və “Curiosity” robot-roverin Qırmızı planetin orbitinə və onun səthinə dörd uçuşundan sonra yeni uğurlu tədqiqatlara ehtiyac yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh