NASA-nın "IceSat-2" peyki Yerin buz səthinin yeni xəritəsini hazırlayıb
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) planetimizin orbitinə çıxardığı ən güclü "IceSat-2" peyki Yerin səthi haqda məlumatlar toplayır. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, üç ay bundan əvvəl kosmosa göndərilmiş peykin lazer qurğusu su hövzələrinin florası, buz təbəqəsi, meşələrin və göllərin dəqiq ölçülərini əks etdirən xəritə hazırlayır. Missiyanın elmi qrupunun rəhbəri, Texas Universitetinin professoru Lori Maqruder BBC-yə bildirib ki, lazer şüaları okean, dəniz və göllərdə su səthinin 30 metr dərinliyinə nüfuz edir və Kariblərdə 300 kilometrlik sahədə floranı öyrənir. Arktikanın buz səthi üzrə hazırlanan unikal xəritənin ilkin variantı isə Amerika Geofizika Birliyinin iclasında təqdim olunub. Geofiziklər və astronomlar "IceSat-2" peykində yerləşdirilmiş yarım tonluq lazer qurğusunun saniyədə 10 min impuls işıq buraxmasını və onların hər birinin Yerin səthinin dərinliklərinə nüfuz etdikdən sonra siqnallar göndərməsini texnologiyanın mühüm nailiyyəti hesab edirlər. Onların fikrincə, bu metod Antarktida və Qrenlandiyada buz qatlarının əriməsi miqyasını da müəyyən etməyə imkan verir. Yeni lazer sisteminin daha bir üstünlüyü ondan ibarətdir ki, əvvəlki peyklərdən fərqli olaraq, dərin qatlarda baş verən dəyişiklikləri dəqiqliklə qeydə almaq mümkündür. Vaşinqton Universitetinin professoru Ben Smitin sözlərinə görə, əvvəllər buz dağları və vadilərdə radar cihazlarının istifadə olunduğu hündürlükölçənlə aparılan xəritəçəkmə işləri indi kosmosdan lazer texnologiyası vasitəsilə aparılır. Alim əlavə edib: "İndi biz Yerin səthində sürüşmə proseslərini, buzlaqların ərimə miqyasını daha dəqiq müəyyən edə bilirik. Lazer şüalarının ötürdüyü məlumatlar hər bir kiçik detalı üzə çıxarmağa imkan verir". NASA-nın Kaliforniyadakı laboratoriyasının əməkdaşı Ron Kvok bildirib ki, tədqiqatlar nəticəsində buz qatlarında hər bir çatlamanın orta hesabla 50 metr dərinlikdə baş verdiyi müəyyən edilib. Onun sözlərinə görə, bu dəyişiklikləri dəqiq ölçmək üçün lazer qurğusu 150 foton lazer şüası sərf edir və buz qatının dərinlikləri, həmçinin onda baş verən hərəkətləri dəqiqliklə hesablayıcı cihaza çatdırır. Beləliklə, artıq Arktikanın buzla örtülmüş bütün dəniz səthinin xəritəsi hazırlanıb. Lazer qurğusundan Sakit okeandakı 100 kiçik adanın sahilboyu ərazisinin dəqiq xəritəsinin tərtib olunması üçün də istifadə olunacaq.