Radarla bağlı YENİLİK; hər şey "Asan"laşır
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən bəzi cərimələrin daha asan, elektron qaydada ödənilməsi üçün çoxfunksiyalı “ASAN Ödəniş” sisteminin yaradılması nəzərdə tutulub. Artıq “ASAN ödəniş” sisteminin pilot qaydada istifadəyə verildiyi də bildirilib. Hazırda bu sahədə vəziyyətin necə olması, Fərmanda nəzərdə tutulan tədbirlərin necə həyata keçirildiyini öyrənmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanovdan aldığımız müsahibəni təqdim edirik
- Ceyhun müəllim, “ASAN Ödəniş” sistemi nəyi və nələri təmin etməlidir. Hazırda bu sahədə görülən işlər hansı vəziyyətdədir?
-“ASAN ödəniş” sistemi bütün dövlət orqanları tərəfindən tətbiq edilən inzibati cərimələrin vahid ödəniş sisteminə daxil edilməsini, həmin sistem vasitəsilə vətəndaşların məlumatlandırılmasını və inzibati cərimələr üzrə ödənişlərin qəbul edilməsini əhatə edir.Sistem Daxili İşlər Nazirliyinin informasiya sistemlərinə tam inteqrasiya olunub Hazırda pilot layihə çərçivəsində Daxili Işlər Nazirliyində olan protokolların sistemə yönləndirilməsi ilə bağlı işlər davam etdirilir. “ASAN ödəniş” sisteminin terminalları pilot layihə çərçivəsində 1 saylı “ASAN xidmət” mərkəzində tətbiq olunur. Bakıda olan digər “ASAN xidmət” mərkəzlərində isə bu sistemin tətbiq olunması ilə bağlı işlər görülür. Yaxın günlərdə işlərin yekunlaşdılması nəzərdə tutulub. Eyni zamanda qeyd etmək istəyirəm ki, inzibati cərimələrin onlayn qaydada ödənilməsini təmin edən “ASAN Ödəniş” portalı yaradılmışdır.
-Bu sistemin yaranmasında əsas məqsəd nədir?
-Əsas məqsəd vətəndaşların işlərinin asanlaşdırılması, cərimələrin dövlət büdcəsinə ödənilməsi prosesində effektivliyin artırılması və ən əsası vətəndaş məmnunluğuna nail olunmasıdır. Artıq vətəndaşlar onların inzibati cərimələri ilə bağlı ətraflı şəkildə məlumatlı olacaq, “ASAN ödəniş” sistemi vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq öz cərimələri ilə bağlı ətraflı məlumat əldə edəcəklər. Şəxsi kabinetdə ödəniş tarixçələri ilə bağlı məlumatı görəcək, əgər qayda pozuntuları xüsusi texniki vasitəsələrinköməyi ilə qeydə alınıbsa, həmin çəkilmiş şəkil və videolarla tanış olmaq imkanına sahib olacaqlar.
-Sistemin hansı üstünlükləri olacaq. Digər ödəmə sistemlərindən nə ilə fərqlənəcək ?
-İlk dəfə olaraq dövlət orqanları tərəfindən tətbiq edilən inzibati cərimələrin vahid mənbədə toplanılmasını və vətəndaşlara çatdırılmasını, eyni zamanda ödənişlərin qəbulunu həyata keçirən Sistem yaradılmışdır. Digər bir üstünlük isə şəxsi kabinetin olmasıdır ki, bu da vətəndaşlara əlavə imkanlar yaradır. Sistemin ən üstün cəhətlərindən biri SMS məlumatlandırma ilə bağlıdır. Vətəndaş öz inzibati cəriməsi ilə bağlı dərhal məlumat alacaq. SMS məlumatlandırma tək cərimələrlə bağlı deyil, sistemdə olan dəyişiklərlə bağlı da olacaq. Məsələn, əgər vətəndaşın inzibati cəriməsinin ödəmə müddətinin bitməsinə 3 gün qalıbsa, həmin şəxsə dərhal SMS göndəriləcək. Bu isə onların cərimələrinə əlavə dəbbə pulunun gəlməsi ilə bağlı məlumat əldə etmələrini təmin edəcək. Bilirik ki, bir çox vətəndaşlar unutqanlıq ucbatından əlavə vəsait ödəməyə məcbur olurlar. Hansı ki, cəriməni vaxtında ödəyə bilərdilər. Digər bir üstünlüyü ondan ibarətdir ki, Asan ödəniş terminalları ölkə boyu vətəndaşların sıx toplaşdıqları yerlərdə yerləşdiriləcək. Terminallar vətəndaşlar üçün əlçatan olmaqla, həm kağız , həm metal pulların, həmçinin nağdsız ödənişlərinqəbul edilməsini təmin edir. Eyni zamanda bu terminallar ödədiyiniz artıq vəsaiti qaytarmaq funksiyasına malikdir. Beləliklə də vətəndaşlar öz inzibati cərimələrini daha asan şəkildə ödəyə biləcəklər.
-Sistemin tam formada fəaliyyətə başlaması üçün hazırda nələr çatışmır?
-Qeyd etdiyim kimi pilot layihə çərçivəsində sistem yalnız Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati cərimələrin vətəndaşlara çatdırılmasını və ödənişlərin qəbulunu təmin edir. Cənab Prezident tərəfindən qəbul edilmiş Fərmana əsasən bütün inzibati cərimələri qəbul edən qurumlar sistemə qoşulmalıdır ki, bununla bağlı işlər davam etdirilir. Ümumiyyətlə isə “ASAN ödəniş“sisteminin bütün Azərbaycanı əhatə etməsi planlaşdırılıb və bütün ölkə boyu terminallar yerləşdiriləcək. Gələcəkdə isə bütün inzibati cərimə tətbiq edən qurumların informasiya sistemlərinin inteqrasiyası təmin ediləcəkdir.
-Fərmanda mobil məlumatlandırılma da nəzərdə tutulub. İstifadəçi öz avtomobilinə yazılan cərimə haqqında məlumatı mobil telefonu vasitəsilə dərhal ala biləcəkmi?
-Vətəndaşın inzibati cəriməsi yol polisi və ya texniki vəsaitlər tərəfindən müəyyən edilir. Bundan sonra qanunvericiliyə uyğun olaraq həmin müddət ərzində Daxili İşlər Nazirliyinin məlumat sisteminə daxil edilir. Nazirliyin mərkəzi sisteminə daxil edildikdən sonra isə dərhal “Asan Ödəniş” sisteminə daxil edilir və vətəndaşın mobil nömrəsinə və mail ünvanına bildiriş göndərilir. Bildirişdə inzibati cərimə ilə bağlı cərimə məbləği və protokolun nömrəsidə daxil olmaqla bir sıra məlumatlar çatdırılır.
-Sistemdən necə istifadə etmək mümkün olacaq? Yalnız İnternet vasitəsilə yoxsa digər üsullar da nəzərdə tutulurmu?
-“Asan ödəniş” -i həm portal üzərindən onlayn formada və həm də “Asan ödəniş” terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.
Portal üzərindən sistemdən istifadə etmək üçün www.asanpay.azinternet ünvanına daxil olmaq kifayətdir. İnzibati cərimələrlə bağlı daha ətraflı informasiyalarla tanış olmaq, foto və video görüntülərə baxmaq üçün isə qeydiyyatdan keçmək və şəxsi kabinetə daxil olmaq zəruridir. Gələcəkdə isə mobil tətbiqlər vasitəsilə sistemdən istifadə olunması nəzərdə tutulub.
-İstifadəçi ona tətbiq olunan inzibati tənbehlərlə bağlı geniş məlumatları sistemdən əldə edə biləcəkmi ? Bu informasiyalar hansı formada veriləcək, video formatda informasiyalar nəzərdə tutulurmu?
-“ASAN ödəniş” sistemi vətəndaşyönümlü bir sistemdir və üstünlüyü də bundadır. Yəni vətəndaş proseslərin mərkəzindədir və onunla bağlı hər hansı bir məlumat olduğu təqdirdə həmin məlumat SMS və digər vasitələrlə dərhal özünə göndərilir. Eyni zamanda vətəndaşlar istənilən vaxt onlayn portala daxil olmaqla qeydiyyatdan keçir və barəsində olan bütün inzibati xətalar, cərimələr və s. bağlı məlumatlarla tanış ola biləcək. Biraz əvvəl vurğuladığım kimi, əgər vətəndaşın inzibati xətası texniki vasitələrlə, təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıbsa, həmin görüntülər vətəndaşın şəxsi kabinetində yerləşdirilir.
-Bu ödəniş zamanı təhlükəsizlik necə qorunur? Ödənişlər dərhal ünvana çatdırılırmı ? Ödəyicilərin bank məlumatları, kart nömrələri başqaları tərəfindən əldə edilə bilərmi?
- Vətəndaşlardan ödənişin alınıb aidiyyatı üzrə quruma çatdırılması ilə bağlı bütün işlər görülüb və bu sistem testdən keçirilib. İndiyə qədər həyata keçirilən ödənişlər müvəffəqiyyətlə nəticələnib.Yəni hələki ödənişlərin mənzilbaşına çatması ilə bağlı heç bir uğursuzluq olmayıb. Tətbiq olunan sistemlərlə bağlı beynəlxalq sertifikatlar alınıb və bu sertifikatların tələblərinə uyğun olaraq ödəniş sistemləri vətəndaşlara xidmət göstərir. Vətəndaşların təhlükəsizliyi ilə bağlı heç bir problemlər gözlənilmir.
- Sistemin istifadəçisinin inzibati cərimələr üzrə qərarlara etiraz etmək imkanı olacaqmı ? Bu necə həyata keçiriləcək?
- “ASAN ödəniş” sistemində vətəndaşların şikayət hüququnun təmin edilməsi ilə bağlı işlər görülür. İstifadəçi şəxsi kabinetinə daxil olaraq həmin məlumatlarla tanış ola və ya narazılığı varsa şikayətini edə bilcəkdir. Həmin şikayətlər isə birbaşa portal üzərindən aidiyyəti qurumlara yönləndiriləcək, eyni zamanda vətəndaşlar çağrı mərkəzlərinə müraciət etməklə də etirazlarını bildirə biləcəklər.
xeber.lent.az