Yolun "anasını ağladanlar"ın DİQQƏTİNƏ! 

Yeniliklər 17 Fevral 2015 23:53 Oxunub 2973
Yolun "anasını ağladanlar"ın DİQQƏTİNƏ! 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəzalar sərtləşdirilir

Azərbaycanda avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin əhatə dairəsi genişləndirilir.

Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər edilməsi nəzərdə tutulur. Nəzərdə tutulan dəyişikliklərə əsasən, bundan sonra İXM-in 14-cü fəsli “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar” deyil, “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar” adlanacaq.

İXM-in 163-cü maddəsinə (Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərə görə, bundan sonra aşağıdakı xətalara görə də cərimələr tətbiq olunacaq.

Belə ki, bundan sonra örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə görə cərimə nəzərdə tutulacaq, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti cərimələnəcək.

Yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə görə cərimə tətbiq olunacaq, yolu və təhkim zolağını zibilliyə bilən materialları və yükləri müvafiq qaydada quraşdırılmadan aparanlar da cərimə olunacaqlar.

Bundan başqa, avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi cəzalandırılacaq.

Həmçinin, avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və qruntun götürülməsinə, oradakı otların biçilməsinə, ağacların və digər yaşıllığın qırılmasına yol verənlər qanun qarşısında cavab verəcəklər.

Eləcə də suvarma, sənaye, çirkab və kanalizasiya sularını avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdanlar, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarını, yol örtüyünü çirkləndirənlər yaxasını cəzadan qurtara bilməyəcəklər.

Yuxarıda qeyd edilən xətalara yol verən fiziki şəxslər 30 manatdan 50 manatadək miqdarda, vəzifəli şəxslər 150 manatdan 200 manatadək miqdarda, hüquqi şəxslər isə 1500 manatdan 2 min manatadək cərimə olunacaqlar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh