Bakıda postların sayı azalır? - Polkovnikdən CAVAB

Yol polisi 7 May 2020 11:00 Oxunub 1907
Bakıda postların sayı azalır?      - Polkovnikdən CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı deyəndə səs-küylü hərəkət, izdihamlı hallar yada düşür

Son günlər xüsusən Bakıda karantin rejiminin davam etməsinə baxmayaraq, aktivlik müşahidə edilir. Əsasən də yollarda maşınların sayındakı artım və mərkəzi yerlərdə insan izdihamı nəzərəçarpacaq dərəcədə hiss edilir.

Avtosfer.az xəbər verir ki, paytaxt küçə və prospektlərində avtomobil sıxlığının səbəbləri barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az -a danışıb. Onun sözlərinə görə, karantin rejiminin yüngülləşdirilməsi normal olaraq, sıxlığın artmasına səbəb olub:

“Məlumdur ki, axır vaxtlar karantin rejiminin tələblərində yüngülləşdirmə nəzərdə tutuldu. Bir çox sahələrdə fəaliyyət bərpa edilib və evdən çölə çıxma üçün icazələrin müddəti 1 saat artırılıb. Hazırda avtomobillərin sayının artması gözümüzün öyrəşməsi ilə bağlıdır. İki aya yaxın şəhərin küçələrini boş gördüyümüz üçün indiki vəziyyətə öyrəşə bilmirik. Həm də Bakımız əvvəlki halına doğru gedir. Əslində burada təəccüblü və narahatlıq yaradan bir hiss olmamalıdır. Postların sayında heç bir azalma yoxdur. Nəzarət əvvəlki kimi qalır. Ötən günlərə nisbətən karantin rejiminin pozulması ilə bağlı sürücülərin inzibati məsuliyyətə cəlb olunma halları azalıb. Artıq vətəndaş və polis həmrəyliyi yüksək səviyyədə təşkil olunur. Hər halda Bakı böyük şəhərdir. Bakı deyəndə səs-küylü hərəkət, izdihamlı hallar yada düşür. Bir daha sürücülərə müraciət edirik ki, karantin qaydalarına uyğun davransınlar və buna görə də, cərimələnməklə üzləşməsinlər”.

Şəhərdə izdihamın olması həm də insanların karantin rejiminə əməl etməsinin göstəricisidir. Sosioloq Zəminə Səfərova Lent.az -a danışarkən, əhalinin rejimə daha məsuliyyətlə əməl etməli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın virusla mübarizədə nümunəvi ölkələr sırasında olması həmrəyliyimizdən xəbər verir:

“Karantin rejiminin hansı mərhələlərlə daha tez yumşalmağa başlanılması və ardıcıllığı hələ ki, dövlət tərəfindən müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək. Gəlin dövlət tərəfindən görülən işlərin, qoyulan yumşaq qaydaların üstündən xətt çəkməyək. Şərtlərin yumşaldılması heç də əhalidə arxayınlıq yaratmasın. Əks halda bu şərtlər daha da sərtləşdirilə bilər. Bəli bəzi sahibkarlar işə çıxıblar. Həmin sahibkarlar tərəfindən işçilərə nəzarət gücləndirilməlidir. Əgər haradasa boşluq yaransa pandemiyanın yenidən alovlanması baş verəcək.

Baxın aylarla evinə getməyən həkimlərimiz, polislərimiz var. Onları da düşünmək lazımdır. Biz birlikdə güclüyük deyirik, lakin əməllərimizdə də bunu göstəririkmi? O polis də, həkim də bizim ailələrin övladlarıdır. Ölkəmiz metodologiyalarına görə dünyada nümunəvi ölkələr arasında yer tutur. Ölkənin də bu sırada olmasına əhalinin həmrəyliyi səbəb oldu. Odur ki, gəlin bu həmrəyliyin üstündən xətt çəkməyək. Sosial məsafəni saxlamaq və qoyulan qaydalara əməl etmək, gərəksiz halda evdən çıxmamaq, lazımsız səfərlərə çıxmamaq ən azından hər birimizin məsuliyyətidir. Əgər biz bu sadə qaydalara əməl edəriksə belə halda da davam edə bilərik. Əks halda qaydalar daha da sərtləşə bilər və isti havalarda yenidən evdə qalmaq təhlükəsi bizi gözləyə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh