"Polis mundirimi ən yüksək brend hesab edirəm" –Xanım polkovnik-leytenantın evindən bayram yazısı
Onunla görüşəcəyimizi planlaşdıranda fikirləşirdim ki, yəqin çox zəhmli bir qadınla qarşılaşacam. Zarafat deyil, artıq polis polkovnik-leytenantı rütbəsinə yüksəlib. Düşünürdüm ki, xanım olsa da, uzun illər polis sıralarında olması zərifliyindən çox şey qoparıb artıq. Hələ bir sual da açıq qalırdı: harada görüşəcəyik? Düzü, heç inanmazdım bizi evinə dəvət edə... Görüşdük... Bir daha əmin oldum ki, insanlarla bağlı ön hökmlü olmaq qətiyyən doğru deyil. Yazıya nəzər saldıqca siz də bunun şahidi olacaqsız.
Bayram ərəfəsində taleyimizdə bir polis polkovnik-leytenantının əlindən çay içmək, bişirdiyi paxlavadan dadmaq da var imiş...
Lent.az-ın balaca bir heyəti 8 mart beynəlxalq qadınlar günü ərəfəsində Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərovanın evində qonaq oldu. Bizi polis kimi qarşılayıb, evdar xanım kimi yola saldı. Düzü, o gündən bəri çox düşünürəm ki, hansı Məryəm daha yaxşı idi - polis zabiti, ya bizə öz əlləri illə mətbəxdə çay dəmləyən? Yaxşısı budu, özünüz qərar verin.
Məryəm Ömərova qarşımızda hələ ki polis mundiri ilə əyləşib, söhbətimizin axarı da elə bu yöndədir:
- Sizcə, qadın olmağınız polisliyinizə və ya polis olmaq xanımlığınıza mane olmur ki?
- Həqiqətən də bəziləri belə fikirləşir ki, qadının polis işləməsi onun şəxsi həyatında çətinliklər yaradır. Düzdür, polisdə işləmək böyük məsuliyyətdir. Amma nə qədər çətin və məsuliyyətli olsa da, bir o qədər şərəflidir. Məni polis peşəsini seçməyə kimsə istiqamətləndirməyib. Bunu özüm sevib, istəmişəm. Hesab edirəm ki, qadın və polis məfhumun bir arada olması təzadlara səbəb olmur. Əsas odur ki, insan özü yerində olsun. Hüseyn Cavidin qadınlarla bağlı yaxşı fikri var: "Sürüklənən bəşəriyyət qadınla yüksələcək". Qadın hansı peşəsini sevərsə, o sahəni mütləq yüksəldəcəkdir.
- Nə zamandan polis kimi fəaliyyət göstərirsiniz?
-1985-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. O gündən təyinatla polis orqanlarına daxil oldum. Bunu ən çox özüm istəyirdim. Xidmətə başladığım ilk gündən işə necə həvəslə gedirdimsə, bu gün də o intizama əməl edirəm.
Bu gün Daxili İşlər Orqanlarında işləmək qürurvericidir. Çünki bunun bəlli səbəbləri var ki, hər bir əməkdaşın fəaliyyəti, xidməti intizamı qiymətləndirilir, dəyər verilir. Çətin günlər gördük, ölkəmiz necə çətin təlatümlər içərisindən keçərək güclü, ictimai sabitliyin etibarlı olduğu ölkələrdən birinə çevrilib.
- Cəmiyyətdə ən çox eşitmək istədiyiniz söz nədir?
- Ətrafdakılar mənim həm də yaxşı ana olduğumu deyirlər. Əgər doğrudan da beləyəmsə, bunu da polisliyimə borcluyam. Bir polis kimi hər işə nizam-intizamla yanaşmağım, uşaqlarımı sevməyimə mane olmurdu. Və bu gün 3 övladımla da fəxr edirəm. İki oğlum da hüquqşünasdır, özlərini artıq cəmiyyətdə təsdiq ediblər. Qızım isə hələ təhsilini davam etdirir. Onun da xeyli uğurlarını sadalaya bilərəm. Yəni polis olmağım tərbiyəli övladlar yetişdirməkdə mənə qətiyyən mane olmadı, əksinə, köməklik etdi.
Polis olmağın yeganə məsuliyyəti bu adı doğrultmaq, cəmiyyətə bir nümunə olmaqdır.
- 1985-ci ildən danışırıq. O zaman cəmiyyət indiki qədər açıq deyildi. Heç deyən olubmu ki, bu qadın niyə gedib mətbəxdə oturmur, polis olur?
- Olub... Amma onu deyən insan məni yaxından tanıyan kimi fikrindən daşınıb. Çox yaxşı ki, doğulduğum ailədə bu cür düşüncə sahibləri olmayıb. Əksinə, mənə dəstək olublar. Xidmətə kriminalist ekspert kimi başladım. Təbii ki, asan işlə məşğul olmuruq. O işin yanında bu cür düşüncələr çox cılız görünür. İnsanın özündən də çox şey asılıdır. Özünü doğru təqdim etməlisən. Şəxsən mən bir çoxlarından “biz polis xanımlara qibtə edirik, kaş ki, polis olsaydım” kimi də fikirlər eşitmişəm.
- Həyat yoldaşınız necə düşünür bu barədə?
- Polis olmaq bir şərəfdir. Bu, kişilərlə yanaşı, qadın üçün də eynidir. İndi elə bir dövrdə yaşayırıq ki, polis bütün çağırışlara, cəmiyyəti maraqlandıran, qayğılandıran bütün hallara dərhal reaksiya verir. Cəmiyyətimiz bu barədə məlumatlıdır və bilir ki, polisin fəaliyyəti vətəndaş məmnunluğunun təmin olunmasına yönəlib. Yadıma gəlmir ki, nə vaxtsa telefonum sönmüş olsun. Çünki polis elə bir təşkilatdır ki, onun sıralarında xidmət edənlər üçün vaxt və zaman məhdudiyyəti yoxdur. Başqa sözlə, bu peşənin özəlliyində - xüsusiyyətində istisnalar olmur.
Məsələn, gecənin bir vaxtı da zəng gəlib, çağırıblar işə. Ailə üzvlərim bu halı tamamilə normal qarşılayır. Çünki bu, həyat tərzidir. Görünür, burda həyat yoldaşımın anlayışlı davranışını stimullaşdıran onun humanistliyi ilə yanaşı, hüquqşünas olması, nizam-intizama önəm verməsi başlıca şərtdir. Etiraf etməliyəm ki, onun bu sahədə mənə dəstəyi xidmətimi daha da səmərəli həyata keçirməyə ruhlandırır. Mən bu adama minnətdaram – hətta bəzən gecə yarı həyəcan siqnalı veriləndə deyir ki, nə kömək lazımdı, hara çatdırmaq lazımdı aparım...
- Qayınananız necə, polis gəlindən razıdır? Bəlkə oğluna müəllimə qız almaq istəyib?
- Qayınanam bir insan kimi mənim üçün dəyərlidir. Xatırlamıram ki, qayınanam seçim qarşısında qalaraq, müəllimə qız almaq haqqında düşünməsi ilə bağlı nəsə desin, eşitməmişəm. O, İkinci Dünya Müharibəsinin əmək veteranıdır. Zəhmətsevərliyi, ilə həmişə ailədə nümunə olub, yol göstərib.
Söhbətin bu yerində Məryəm xanımın gəlini nəvəsi ilə birlikdə otağa daxil olur. Nəvəsini görüncə gözlərinin içi gülür. Hələ 8 aylıq İsa əlini nənəsinə tərəf uzadır.
- Polis nənə... Sizcə, maraqlıdır?
- Nənəlik çox gözəldir, xoş ovqat yaradır, zövq verir. Bütün analara bu hissi yaşamağı arzulayıram. Yalnız nənə olduqdan sonra bunun nə olduğunu bilmək olur.
- Polis olmaq istəyən qadınlar indi də var. 8 mart ərəfəsində onlara nə tövsiyə edərdiniz?
- Tərəddüd etmədən bu peşəni seçsinlər deyirəm. Polislik insanı daha da kamilləşdirir. İctimai qaydanın və ictimai təhlükəsizliyin keşiyində dayanmaq, dövlətin və dövlətçiliyin əsas dayaqlarından olan polis peşəsindən gözəl nə ola bilər ki? Polislikdə qazandığımız nizam-intizamı həyatımıza da daşıyaraq, yaşamağı daha da rahat edə bilirik. Qadınlarımız elə fikirləşməsinlər ki, polis olsam ailəmə zaman ayıra bilməyəcəm. Mən həmişə deyirəm ki, əgər ailədə bir nəfər polis işçisi varsa, demək ki, orda olanların hamısı “polisdirlər”. Yəni ailənin hər bir üzvündə bu məsuliyyət yaradır.
- Mundir, yoxsa qadın geyimləri? Hansında daha rahatsınız?
- Birmənalı olaraq - mundir mənim üçün müqəddəsdir. Polis mundirimi dünyada ən yüksək brend hesab edirəm. Bilirsiz, eleqantlıq təkcə insanın nə geydiyi ilə ölçülmür. Bu, insanın özünü necə təqdim etməsindən, necə danışmasından daha çox asılıdır. İnsan təkcə dediklərinə, geyindiklərinə görə deyil, həm də etmədiklərinə görə məsuliyyət daşıyır.
Birlikdə mətbəxə keçirik. Hiss olunur ki, Məryəm xanım bayram ayına məxsus şirniyyatlar hazırlayır. Hətta paxlavası hazırdır. Sinidəki paxlavaları elə ustalıqla doğrayır ki... Çay dəmləyir bizə, boşqablara şəkərbura, qoğal düzüb bizi qonaq edir: "Dadına baxın, görün, polisin bişirdiyi şirniyyatlar necə olur". Hətta böyük bir qonaqpərvərliklə bişirdiyi nemətlərin dadına baxmağımızda israr edir: "Nə qədər yorğun olsam da, mətbəxə girmədiyim gün olmur. Ailə qurandan mətbəx qayğılarını da özüm çəkmişəm. İşdəki yorğunluğumun mətbəxə, ev işlərinə aidiyyəti yoxdur. Darvazadan içəri girən kimi polis olduğum yadımdan çıxır”.
- Ev yeməklərindən hansını daha yaxşı bişirirsiniz?
- Hamısını bacarıram. Mənim bu sahədə xoşbəxtliyim onda olub ki, bir sıra rayonların mətbəxini öyrənə bilmək imkanım olub. Yeni ailə quranda yoldaşımı Masallıya göndərdilər. Onların mətbəxini öyrəndim. Zaqatalalı olduğum üçün oranın mətbəxini bilirdim, ailə qurduğum şəxs də Şimal zonasından olduğundan onların da yeməklərini öyrənməyə başladım. Bizə gələn qonaqlar mənim yeməklərimin əla olduğunu deyirlər. Mən cavab verirəm ki, sirri bütün Azərbaycan mətbəxini birləşdirməyimdədir.
- Demək, polislik qadınlığınızdan heç bir şey qopara bilməyib...
- Polislik nə zəriflikdən, nə qadın olmaqdan heç nə qoparmır. Əksinə, polislik bütün fəaliyyətləri cəmləyib ən gözəl şəkildə həyata keçirməyinizə kömək edir. İşdə məsuliyyət nə qədər canıma hopubsa, evdə də çalışıram ki, həyat yoldaşım mənə bir irad tutmasın. Necə ola bilər ki, qadın bişirib süfrəyə qoysun, kişi desin ki, bu nədir, yaxud da övlad... İnsanda bütün sahələrdə məsuliyyət hissi olmalıdır.
- Yoldaşınız şanslıdır. Hər adama polis polkovnikinin əlindən yemək yemək, çay içmək qismət olmur...
- Vallah, nə qədər şanslı olub-olmadığını o özü daha yaxşı deyər. Bizim üçün yaşamaq vacib deyil, xoşbəxt yaşamaq vacibdir. Mübahisəli deyil. Həyatımızda baş verən bütün hadisələrə - uğurlara və uğursuzluqlara görə məsuliyyəti özümüz daşıyırıq. Bu mənada, ailə birliyi, qarşılıqlı inam, övlad tərbiyəsi bizim üçün bütün yaş dövrlərində əsas meyar olub. Deməliyəm ki, bu şans, tale qismətindən olduqca məmnunam.
İnsan haqlı olaraq, həyatında olan gerçəklərə nəzər yetirəndə aydınlaşdıra bilir ki, qazandığı uğurların arxasında nə dayanıb, kim dayanıb? Hüquq deklarasiyası imkan verir ki, başqasına zərər yetirmədən, başqasının hüquqlarını pozmadan insan istəyini reallaşdıra bilər. Amma necə? Ancaq hüquqda daha diqqət çəkən bir məqam var: əgər hər hansı bir halla bağlı qanunda cəza təhdidi yoxdursa, əxlaq kodeksi əsas götürülməlidir. Deməli, ailə dəyərlərindən danışırıqsa, məncə, elə nəsillərin qazandığı təcrübə, adət-ənənə əsas götürülməlidir. 33 illik ailə həyatım, 34 illik xidmət illərimin təcrübəsindən çıxış edərək deyirəm bunları...
- Bu barədə hardasa danışırsız?
- İşimlə bağlı çox tədbirlərdə oluram. Əsasən də təhsil ocaqlarında, zərərli vərdişlər, narkomaniya, erkən nikahlar, məişət zorakılığı, dini ekstremizm ilə bağlı müxtəlif mövzularda uşaqlarla söhbətlər aparırıq. Hər dəfə uşaqlara mütaliənin vacibliyindən danışıram, tərbiyənin, əhəmiyyətini mütləq qeyd edirəm. Uşaqlara tərbiyə verməyin ən gözəl yolu onlarla davranışlarınla nümunə olmaqdır. Özün kitab oxumasan, uşağa oxutdura bilməzsən.
- Xanımların bayramıdır. Onlara nə arzu edərdiniz?
- Yenə məşhur bir yazıçıdan sitat gətirəcəyəm. Avqustinin sözlərinə görə, qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. İndi bu mələklərimizə ən birinci Azərbaycan xanımlarına bayramları şad günlər kimi qeyd etməyə şərait yaratdığı üçün öncə ölkə rəhbərliyinə təşəkkür edirəm. Biz o zaman bayramı hiss edir və qeyd edirik ki, cəmiyyətimizdə əmin-amanlıq, stabillik olur. Bu sabitliyi təmin etmiş ulu öndərə Allah rəhmət etsin. Başda birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xanımlarının bayramını təbrik edirəm. Mən tam səmimi qəlbdən deyirəm ki, Mehriban xanımın həyat fəaliyyəti üzərində geniş dayanmalıyıq. Daim mədəniyyət, xeyriyyə, qayğı, yardımetmə ilə yadda qalan bu həyat fəaliyyəti bizim üçün örnəkdir.
Qadınlarımıza həmişə öz missiyasını yerinə yetirmək üçün gözəl əhval-ruhiyyə arzulayıram. 8 mart olanda kişilərə də arzularım olur. Yaxşı ki, onlar bizim yanımızdadırlar.