“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Təəssüf hissi ilə qeyd etməliyik ki, ötən illərin təhlili göstərir ki, bəzi hallarda məzunlar və yeniyetmələr “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır. Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.
Xatırladırıq ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.
Eyni zamanda bildiririk ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırırıq. Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.
Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq.
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, “Son zəng” tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcəkdir.
Yol hərəkəti iştirakçılarından xahiş edirik ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl etsin, hərəkətin təşkilinə mane ola biləcək davranışlardan çəkinsin və ümumi təhlükəsizlik tədbirlərinə anlayışla yanaşsınlar.
“Son zəng” həyatınızın ən yaddaqalan günlərindən biridir. Bu günün sevincinin kədərə çevrilməməsi ilk növbədə sizin məsuliyyətli davranışınızdan asılıdır. Həyatınızın yeni mərhələsinə təhlükəsiz addım atın, özünüzün və başqalarının həyatını riskə atacaq davranışlardan uzaq olun".
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
Qəbələdə narkotik çəkib sükan arxasına keçən sürücü HƏBS OLUNDU - FOTO
Zərdabda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbir keçirilib - FOTOSESSİYA
Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar ARTIRILDI
Yanan maşındakı ata-oğulu son anda xilas etdilər - VİDEO
Sürücülər bu yollardan istifadə etsinlər - DYP-dən "Formula-1"lə bağlı müraciət
DYP piyadalara müraciət etdi
DYP kənd təsərrüfatı texnikası sürücülərinə müraciət etdi - Sayları artıb...











