Reklam

Yol polisi Şəki kəndlərində görüşlər keçirib - FOTO

Yol polisi 18 Aprel 2019 15:20 Oxunub 1354
Yol polisi Şəki kəndlərində görüşlər keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənd sakinləri maarifləndirilib

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, 17 aprel 2019-cu il tarixdə Şəki rayonu Turan qəsəbəsi və Cəyirli kənd sakinləri ilə görüş keçirib. Tədbir zamanı, sakinlərə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, yaz mövsümü üçün aktual olan aşağıdakı 4 mövzu ətrafında geniş izah verilib:

1. Mal-qaranın avtomobil yollarının kənarına nəzarətsiz buraxılması.

Bu mövzu ətrafında çıxış edərkən Tural Niftalıyev bildirib ki, Şəki-Oğuz avtomobil yolu Şəki rayonunun Turan qəsəbəsi və Cəyirli kəndi ərazisindən keçir. Sakinlərə izah edilib ki, ev heyvanlarını asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxmamalıdırlar. Belə ki, mal-qaranın asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxılması, heyvanların qəflətən avtomobil yolunda hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısına çıxmaqla yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur və buna görə də mal-qara sahibləri inzibati məsuliyyət daşıyırlar.

Kənd sakinləri mal-qaranı otlaq sahələrinə apararkən, heyvanları yeraltı keçidlərdən keçirməli və ya mal-qaranın ötürülməsinə dair digər tələblərə əməl etməlidirlər.

Şəki Dövlət Yol Polisi bildirir ki, belə halların qarşısının alınması məqsədi ilə yol-patrul və post-patrul xidməti əməkdaşları birgə reydlər keçirəcək, bu növ xətaya yol vermiş şəxslər kənd icra nümayəndəliyi və bələdiyyələrinin köməkliyi ilə müəyyən edilərək barələrində qanunvericilyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görüləcəkdir. Mal-qaranın asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxılmasına və ya mal-qaranın ötürülməsi qaydalarına əməl edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci və 338.5.2-ci maddələrinə əsasən mal-qara sahiblərinə 40 (qırx) manat məbləğində cərimə nəzərdə tutulur.

Tural Niftalıyev onuda qeyd edibki, əsas narahatedici məsələlərdən biri də ondan ibarətdir ki, yollarda hərəkət edən nəqliyyat vasitələrinin qarşısına qəflətən səllim mal-qaranın çıxması zamanı heyvanı vurmamaq məqsədi ilə sürücü sükanı sağa və ya sola döndərməklə avtomobili hadisədən yayındırmaq istədikdə, bəzən yolun kənarında dayanmış günahsız piyadanın vurulması ilə nəticələnən daha ağır yol-nəqliyyat hadisələri baş verir. Buna görə də, avtomobil yollarının yaxınlığında yerləşən qəsəbə və kəndlərin sakinləri həm öz heyvanlarının tələf olmaması, həm avtomobillərə maddi zərər dəyməməsi, həm də ölüm və ya xəsarətlə nəticələnən daha ağır yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün mal-qaranı asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxmamalı və ya mal-qaranın ötürülməsi qaydalarına ciddi əməl etməlidirlər.

2. Kənd təsərrüfatı işlərinin başlanması ilə əlaqədar hərəkətin təhlükəsizliyinin təmin edilməsi.

Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspekoru Tural Niftalıyev, yaxın günlərdə kənd təsərrüfatı işlərinin qızğın çağlarının başlanacağı, zəhmətkeşlərin əkin sahələrinə, yüklərin isə əkin sahələrindən daşınması zamanı təhlükəsizliyin təmin olunmasının vacibliyi barədə kənd sakinlərinə, xüsusi ilə də sürücülərə ətraflı məlumat vermişdir.

Yük avtomobillərində adamların və yüklərin daşınması qaydaları sürücülərin nəzərinə bir daha çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikası yol hərəkəti haqqında qanunun 56-cı maddəsi (adamların daşınması qaydaları) və 57-ci maddəsi (yüklərin daşınması qaydaları) bənd-bənd izah edilmiş və bildirilmişdir ki, sürücülər bu qaydalara əməl edərsə, məsul şəxslər bu qaydaları sürücülərə vaxtaşırı təbliğ edərlərsə ümid edirik ki, kənd təsərrüfatı işlərini hadisəsiz başa vurmuş olacağıq.

3. Nəqliyyat vasitələrinin milli nümunəli dövlət qeydiyyat nişanları ilə təchiz olunmasının vacibliyi.

Bu mövzu ətrafında çıxış edərkən Tural Niftalıyev bildirib ki, Azərbaycan dövləti öz tarixi müstəqilliyini bərpa etdikdən sonra ölkə ərazisində yol hərəkəti sahəsində ictimai münasibətlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bununla əlaqədar, dövlət qeydiyyatında olan və qeydiyyata alınan nəqliyyat vasitələrinə qanunla müəyyənləşdirilmiş milli nümunəli dövlət qeydiyyat nişanları verilir. Bununla yanaşı, aparılan müşahidələr göstərir ki, hələ də xidməti ərazidə dövlət qeydiyyat nişanları mövcud standartlara uyğun olmayan (keçmiş SSRİ nümunəli) nəqliyyat vasitələrinə rast gəlinir. Buna görə də, Şəki Dövlət Yol Polisi dövlət qeydiyyat nişanları mövcud standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istismarının qarşısının alınması istiqamətində mübarizə tədbirlərini gücləndirmişdir. Belə qeydiyyat nişanları ilə idarə olunan nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılmaqla, sürücüləri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə inzibati məsuliyyət tədbirləri görüldükdən sonra, onların nəqliyyat vasitələrinin mövcud standartlara uyğun olaraq dövlət qeydiyyat nişanları ilə təchiz olunması məqsədilə, həmin nəqliyyat vasitələrinin sahiblərinin qeydiyyat-imtahan məntəqələrinə göndərilməsi təmin olunur.

Tural Niftalıyev, sürücülərə müraciət etdi ki, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ili tamam olur. Ona görə də, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin milli nümunəli dövlət qeydiyyat nişanları ilə təchiz olunması üçün özlərində məsuliyyət hissini artırsınlar.

4. Nəqliyyat vasitələrinin sürücülük hüququ olmayanlar tərəfindən idarə edilməsinin yol verilməzliyi.

Bu mövzu ətrafında çıxış edərkən Tural Niftalıyev bildirib ki, qəsəbə və kənd ərazilərində yetkinlik yaşına çatmadan, sürücülük hüququ olmadan avtomobil idarə etmə hallarına daha çox rast gəlinir. Qeyd olunub ki, sürücülük təhlükəli fəaliyyət növüdür, nəqliyyat vasitələri hərəkətdə olan təhlükə mənbəyidir. Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi, yol-nəqliyyat hadisələrinin baş verməsinə, eləcə də baş verən qəzalarda ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur. Ona görə də, nəqliyyat vasitəsini yetkinlik yaşına çatmayanlara, sürücülük hüququ olmayanlara idarə etmək üçün verməsinlər.

Yekunda, bu mövzularda sakinləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Turan qəsəbə icra nümayəndəsi Güloğlan Rəfiyev, icra nümayəndəsinin müavini Musa İsrafilov və qəsəbə məktəbinin direktoru Baba Yusifov çıxış edərək, belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə, ARB-Şəki televiziyasının çəkiliş qrupuda iştirak edib.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev televiziya kanalına tədbirin keçirilməsinin məqsədi və mahiyyəti barədə müsahibə verib. Bu mövzularda tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh