"Borgward" şirkəti müflis elan edilib
Çinin Foton Motor konserni Borgward Automobile Co törəmə şirkətinin müflis elan edilməsi üçün Pekin məhkəməsinə ərizə ilə müraciət edib. İflas və ləğvetmə haqqında qərar, uzunmüddətli böhran dövründən sonra, aprelin 8-də keçirilən şirkətin səhmdarlarının növbədənkənar yığıncağında qəbul edilib.
Alman Borgward brendinin dirçəlişi barədə fikirlər hələ keçən onillikdə peyda olmuşdu. 2008-ci ildə Kristian Borqvard (şirkətin yaradıcısı Karl Borqvardın nəvəsi) Borgward Group AG şirkətini Almaniyada qeydiyyatdan keçirib.
Uzun müddət investor axtarışından sonra, şirkət Borgward avtomobillərinin yaradılması və istehsalı ilə məşğul olan Çinin Foton konserninin mülkiyyətinə keçib. İlk model 2015-ci ildə təqdim edilib.
Avtomobillərin istehsalına 2016-cı ilin yayında başlanılıb, bir-birinin ardınca eyni platformaya əsaslanan üç krossover işıq üzü görüb, lakin biznes Foton strateqlərinin gözlədiyi kimi uğurla inkişaf etməyib.
Bu biznesə marağını itirən Foton konserni “Borqvard” markasını satışa çıxarıb və 2018-ci ildə səhmlərin 67 faizini avtomobillərin satışı və icarəsi ilə məşğul olan Çinin UCar Group şirkəti alıb.
Markanın yeni sahibləri dördüncü (və sonuncu) Borgward modelinin istehsalına başlayıb və daha sonra səhm payını 75,2 faizə çatdırıblar. Foton konserni isə 24,8 faizlik səhmlər paketini saxlasa da, bütün Borgward modellərini öz zavodunda istehsal etməyə davam edib.
2019-cu ildə satış rekordu qeydə alınıb: Çində 45.000 avtomobil satılıb. Bundan sonra isə, UCar şirkətinə ağır zərbə vuran pandemiya işə qarışıb. Borgward şirkətinə investisiyalar dayandırılıb,
2020-ci ildə isə, cəmi 8.703 avtomobil satılıb. Eyni zamanda, formal olaraq baş ofis hesab edilən Almaniya ofisi bağlanılıb. 2021-ci ilin yayında şirkətin əmlakı ödənilməmiş borclar səbəbindən həbs olunub və avtomobillərin istehsalı dayandırılıb.
İndi isə, məntiqi sonluq baş verib: şirkət artıq öz hesablarını ödəyə bilmir və onun borcu, ilkin məlumata görə, 5,33 milyard yuan (836 milyon dollar) təşkil edib. Tarixi brendin başqa bir istehsalçı tərəfindən satın alınma şansı çox azdır, lakin çox güman ki, Borgward markasının tarixi bununla sona çatıb.
autograph.az