"BYD Destroyer 05" modeli yeni donanmanı formalaşdırmağa başlayıb
Çinin BYD markası modellərin böyük çin xanədanlarının (Han, Tang, Song, Qin) şərəfinə adlandırılmasından imtina edir. Onların əvəzinə, gələcək modellərin adlarında dəniz mövzusuna üstünlük veriləcəkdir. Artıq yeni kiçik Marine ailəsinin formalaşdırılmasına başlanılıb – bu ailəyə BYD Dolphin hetçbeki və gələcək Ocean-X sedanı daxil edilib.
Mövcud olan modellər isə, yenilənmə ilə birlikdə Warship (“döyüş gəmiləri”) adlı çeşidə aid ediləcəkdirlər. Sedanlar üçün Destroyer (“Eskadra mina gəmisi”), krossoverlər üçün - Cruiser (“Kreyser”), kompaktvenlər üçün isə Landing Ship (“Desant gəmisi”) adları seçilib.
Yeni donanmanın ilk döyüş vahidi BYD Destroyer 05 sedanı olub. Bu sedan 2018-ci ilin BYD Qin Pro modelinin yenilənmiş versiyasıdır. İlk dəfə bu “eskadra mina gəmisi” noyabr ayında keçirilmiş Quançjou avtosalonunda nümayiş etdirilib.
Doğrudur, nümayiş avtomobili salonu gizlədən tünd şüşələrə malik idi və onun texniki hissəsi barədə məlumat verilməmişdi. İndi isə sedanın üzərindəki sirr pərdəsi tamamilə götürülüb. Əslində gizlədiləsi bir şey də yoxdur, çünki yenilənmiş model əvvəlkindən o qədər də fərqlənmir.
Uzunluğu 4780 millimetr olan BYD Destroyer 05 modeli ön və arxa hissənin yeni dizaynı ilə fərqlənir: başqa LED fənərlər və çərçivəsiz radiator barmaqlığı Audi modelləri ilə bənzərliyi azaltmağa imkan verib.
Təkər bazası dəyişilməyib və əvvəlki kimi 2718 millimetr təşkil edir. İnteryer arxitekturası da dəyişməyib, lakin bütün panellər və tərtibat yenidir. Avtomobilin avadanlıq siyahısında elektriklə tənzimlənən ön öturacaqlar, lyuk, dairəvi görüntü kameraları və avtoparklayıcı var.
Başlıca yeniliklərdən biri e3.0 platformasında inşa edilmiş BYD modelləri üçün hazırlanmış müasir elektron sistemlərdir. Buna görə də, Destryoer 05 model bütün müvafiq yardımçıları olan adaptiv kruiz-kontrola malikdir.
Sedanın salonunda 8,8-düymlük cihazlar paneli, geniş onlayn imkanları və dönən 15,6-düymlük displeyi (albom və portret istiqamətləndirməsinə malikdir) olan yeni meidasistem quraşdırılıb.
BYD Destroyer 05 modelinin debüt versiyası DM-i (Dual Mode intelligent) hibrid güc qurğusu ilə təchiz edilib. Bu qurğu bu ilin əvvəlində nümayiş etdirilib və BYD Qin modeli də daxil olmaqla bir sıra modellərdə quraşdırılır. Hibrid güc aqreqatı, Mitsubishi və Honda şirkətlərinin hibridlərində olduğu kimi, ardıcıl və paralel rejimlərdə işləyə bilər.
Kapotun altında Miller qənaət rejimində çalışan 110 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki yerləşir. Ardıcıl rejimdə avtomobil elektrik ötürməsi ilə hərəkətə gəlir, daxili yanma mühərriki isə ya söndürülür və yaxud generator rejimində çalışaraq 18 kilovat-saatlıq dartma batareyasını doldurur. Ön təkərləri 197 at qüvvəsi və 325 Nm fırlanma anı hasil edən elektrik mühərriki hərəkətə gətirir.
Sürətin artması ilə elektrik mühərrikinin səmərələliyi azalır və sistem paralel rejimə keçir – daxili yanma mühərriki mufta və birpilləli azaldıcı reduktorun köməkliyi ilə aparıcı təkərlərə qoşulur. Burada ötürmələr qutusu yoxdur. Akkumulyatoru məişət şəbəkəsindən və yeyin terminaldan doldurmaq mümkündür. Dolu batareya ilə sedan 96 kilometr qət edə bilər. Yarımüstəqil arxa asqısı olan şassi əvvəlki kimi qalıb.
BYD Destroyer 05 modeli 2022-ci ilin əvvəlində yerli bazarda satılmağa başlayacaqdır. Sedanın qiyməti təqribən 19-24 min dollar arasında olacaqdır. Destroyer 05 sedanın ardınca digər “döyüş gəmiləri” də “döyüş növbəsinə” çıxmalıdırlar ki, bunların arasında daha iri Destroyer 07 sedanı da var. Çox güman ki, iri sedan DM-i hibrid güc qurğusu ilə təchiz edilmiş BYD Han modelinin yenilənmiş versiyası olacaqdır.
autograph