"Givenchy" tərəfindən dizayn edilmiş Avatr 011 krossoveri debüt edib
Keçən ilin payızında Changan, Huawei və CATL Avatr Technology şirkətini yaratdılar. Yeni şirkət CHN (Cangan, Huawei, Ningde era - CATL şirkətiin Çindəki adıdır) modul platformasına əsaslanacaq və dizaynı Münhendəki studiya tərəfindən hazırlanacaq premium elektromobilləri buraxacaqdır. Brendin ilk krossoveri olan Avatr 11 modeli üzərindəki sirr pərdəsi bu ilin mart ayında götürülüb. İndi isə, növbə xüsusi 011 buraxılışına çatıb. Avatr 011 modelinin yaradılmasında Givenchy dəb evinin yaradıcı direktoru Mətyu Uilyams da iştirak edib.
Avatr 011 - dizaynı BMW 7 Series (G11) sedanının eksteryerinin müəllifi Nader Fəgihzadə tərəfindən yaradılmış beşqapılı fəstbəkdir (baqajın qapağı şüşəsiz açılır). Krossover ümumi gücü 578 at qüvvəsi olan iki elektrik mühərriki və üçlü katodu (NMC) olan 90,4 kilovat-saatlıq batareya ilə təchiz edilir. Elektrik sisteminin iş gərginliyi 750 voltdur. Sistem 240 kilovat gücündə daimi cərəyan mənbəyindən yükləməni dəstəkləyir, elan edilmiş yürüş ehtiyatı isə, 600 kilometrdir. Bununla belə, növbəti versiyalarda bu göstərici 700 kilometrə qədər artırılacaqdır.
Avatr 011 modeli 100 km/saat həddinə dörd saniyədən az müddətdə sürətlənir. Avtomobilin təchizatına daxil olan Huawei şirkətinin avtopilotu 34 sensordan (üç lidar, millimetrlik diapazondakı altı radar, 12 ultrasəs sensoru və 13 kamera) ibarətdir. Məlumatlar 400 TOPS (saniyədə trilyon əməliyyat) məhsuldarlığı olan hesablama platforması tərəfindən emal edilir. Müqayisə üçün, Nvidia Drive AGX Pegasus sistemi - 320, DiDi Gemini isə 700 TOPS “verir”.
Vizual olaraq, Avatr 011 tamamilə qara kuzovu, 22-düymlük təkər diskləri və Mətyu Uilyamsın baş hərflərindən ibarət olan MMW yazıları ilə seçilir. Dörd nəfərlik salonda üstünlük təşkil edən əsas cəhət - mərkəzdə quraşdırılmış dinamiki və üç displey olan çoxpilləli ön paneldir. Fiziki düymələr mərkəzi konsolda belə yoxdur, bununla belə, qadcetlərin simsiz doldurulması üçün bir neçə meydança mövcuddur. Bundan əlavə, salon tərtibatında bahalı Nappa dərisindən və ya kütləvi premium avtomobilləri seqmentində ilk dəfə olaraq, tutqun rəngli NUPRIMA dərisindən istfadə edilir.
Avatr 011 modekinin tirajı 500 nüsxədən ibarət olacaqdır. Krossoverin rəsmi təqdimatı 2022-ci ilin ikinci rübünə planlaşdırılıb. 011 modelinin qiyməti təqdimatdan sonra açıqlanacaqdır. Avtomobillərin müştərilərə çatdırılmasına cari ilin dördüncü rübündə başlanmalıdır.
autograph.az