"Huawei" ilk avtomobilini AITO markası altında satacaq
Huawei şirkəti genişmiqyaslı təqdimatı keçirərək, qatlanan telefon,ağıllı eynək və bir sıra yeni qadcetlərlə yanaşı, AITO M5 adlandırılmış avtomobili də nümayiş etdirib. Yeni krossover Sokon Indusrty Group konserninə məxsus olan Seres şirkəti ilə birlikdə yaradılıb. Seres şirkətinin rəhbərlərindən biri Tesla şirkətinin həmtəsisçisi olmuş Martin İberharddır.
Huawei və Seres əməkdaşlığa keçən il başlayıblar. Keçən yazda bazara Huawei Smart Selection SF5 krossoveri çıxmışdı ki, bu da Huawei elektronikası ilə təchiz edilimiş və yüngül şəkildə təkmilləşdirilmiş Seres SF5 krossoveri idi. İndi isə, əməkdaşlıq tamamilə yeni səviyyəyə qalxıb.
AITO adını Adding Intelligence To Auto kimi açıqlamaq təklif olunur. AITO M5 modeli də Seres SF5 modeli ilə eyni aqreqat bazasında yaradılıb, lakin onun kuzovu, interyeri və elektronikası tamamilə yenidir və əlbəttə ki, Huawei şirkətinin birbaşa iştirakı ilə yaradılıblar.
AITO M5 modeli Jaguar F-Pace və Genesis GV70 krossoverləri ilə eyni sinifdədir: onun uzunluğu 4770 millimetr, eni – 1930 millimetr, hündürlüyü isə 1625 millimetrdir. Krossoverin təkər bazasının ölçüsü 2880 millimetrdir. M5 krossoveri ardıcıl hibriddir – yəni, təkərləri elektrik mühərrikləri hərəkətə gətirir, 125 at qüvvəli 1,5-litrlik turbomühərrik isə yalnız generator rejimində çalışaraq 40 kilovat-saatlıq dartma batareyasını doldurur.
Seçim olaraq, bir-birindən elektrik mühərriklərinin gücü ilə fərqlənən iki tam ötürməli modifikasiya təklif edilir. Baza versiyası 428 at qüvvəsinə (224 at qüvvəsi ön oxda və 204 at qüvvəsi arxa oxda), Performance versiyası isə 496 at qüvvəsinə malikdir və 100 km/saata 4,4 saniyəyə sürətlənə bilir.
Yaradıcıları AITO M5 modelinin dolu batareya və yanacaq çəni ilə 1100 kilometr məsafə qət edə biləcəyini söyləyiblər. Özü də, bu göstərici köhnəlmiş NEDC dövrünə deyil, müasir WLTC dövrünə əsaslanır. Krossoverin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 0,8 litrdir.
İnteryerin əsas xüsusiyyəti Huawei şirkətinin Harmony OS əməliyyat sistemi ilə işləyən və 15,6-düymlük displeyi olan media sistemidir. Mediasistem digər Huawei qadcetləri ilə vahid ekosistemdə birləşib və geniş onlayn-imkanlara malikdir. Səs sistemi də Huawei Sound brendini daşıyır. Alın şüşəsinin dayağında sürücünü çəkən kamera quraşdırılıb, cihazlar paneli isə 10,4-düymlük ekrana malikdir.
AITO M5 krossoveri zəngin avadanlıq siyahısı ilə öyünə bilər: siyahıda adaptiv LED fənərlər, havalandırma və massaj funksiyası olan ön oturacaqlar, adaptiv kruiz-kontrol (radar və kamera ilə), panoram dam, dairəvi müşahidə kameraları və bir sıra digər sistemlər mövcuddur. USB girişləri təkcə mərkəzi konsolda deyil, həm də qapı ciblərində quraşdırılıblar.
AITO M5 krossoverinin satışlarına 2022-ci ilin yazında başlanmalıdır, onların istehsalı ilə Çuntsindəki Sokon zavodu məşğul olacaqdır. Hazırda bu zavodda Seres krossoverləri də buraxılır. AITO M5 krossoverinin satış qiyməti, dövlət subsidiyaları da nəzərə alınmaqla, 39 – 50 min dollar arasında olacaqdır. Huawei krossoverləri öz mağazalar şəbəkəsi və onlayn meydançaları vasitəsi ilə satmağı planlaşdırır. 2023-cü ildə ikinci modelin - tam ölçülü AITO elektrik krossoverinin debütü gözlənilir.