"Lexus RZ" elektrik krossoverinin ilk tizerləri dərc edilib

Avtodünya 4 Dekabr 2021 12:44 Oxunub 1040
"Lexus RZ" elektrik krossoverinin ilk tizerləri dərc edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lexus markasının model xəttində artıq bir elektrokar var – bu, benzin mühərrikli modelin bazasında hazırlanmış UX 300e krossoveridir. Lakin Toyota konserninin premium markası elektrokarlar üçün hazırlanmış xüsusi platformada inşa edilən ilk batareyalı modelini təqdim etməyə hazırlaşır.

Gələcək yenilik Lexus RZ adlandırılıb. Dərc olunmuş tizerlərdən göründüyü kimi, yeni model kross-kupe olacaqdır. Texniki cəhətdən RZ krossoveri Toyota bZ4X və Subaru Solterra modellərinin  yaxın qohumudur – yeni elektrokarın əsası olaraq eyni e-TNGA modul platforması götürülüb.

 

Lakin Lexus modelinin dizaynı özünəməxsus olacaqdır. Məsələn, Lexus modellərinə xas olan radiator barmaqlığı və L-şəkilli gündüz hərəkət işıqları yeni modeldə də mövcuddurlar. Arxa işıq texnikası son dəbə uyğun olaraq bütöv geniş zolaqdan ibarət olacaq, damda isə spoyler quraşdırılacaqdır.

Lexus faktiki olaraq RZ barədə heç bir mətbuat açıqlaması yaymayıb, YouTube kanalında dərc olunmuş videoçarxda krossoverin  yaradılmasının son mərhələyə qədəm qoyduğu bildirilir. Krossoverin gələcək alıcılarına “idarəetmədən görünməmiş ləzzət” və Lexus üçün ənənəvi olan komfort səviyyəsi, habelə “mükəmməl dinamik xarakteristikalar” vəd edirlər.

Əvvəlki məlumatlardan bilindiyi kimi, RZ modeli yeni NX krossoveri ilə bənzər ölçülərə malik olacaqdır. Modelin standart təchizatına Direct4 dartma qüvvəsinin paylanması sistemi olan tam ötürməli transmissiya və “naqillər” vasitəsi ilə işləyən sükan idarəetməsi daxil olacaqdır. RZ modelinin carçısı olan LF-Z Electrified konsepti 544 at qüvvəsi və 700 Nm hasilatı olan ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlirdi.  Seriya modelinin belə qurğu ilə təchiz edilib-edilməyəci sual altındadır. Misal üçün, Toyota bZ4X modelinin güc qurğusu 218 at qüvvəsi və 336 Nm hasil edir.

İlkin məlumata görə, Lexus RZ elektrik krossoveri 2022-ci ildə bazar debütü edəcəkdir. Yapon elektrokarı Mercedes-Benz EQC, Tesla Model Y, Audi Q4 e-tron və Genesis GV60 modelləri ilə rəqabət aparacaqdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh