Yeni "Porsche 911 Sport Classic" sportkarı debüt edib
Sport Classic indeksli 911 sportkarı artıq 997 nəsil ailəsində mövcud olub: kupe 2009-cu ildə təqdim edilib və 250 nüsxəlik tirajla buraxılıb. Bu gün isə, 992 seriyasından olan Porsche 911 sportkarının Sport Classic indeksli versiyası debüt edib. Xüsusi nəşrin tirajı yenidən məhdudlaşdırılıb – amma bu dəfə avtomobillərin sayı 1250 ədəd olacaqdır.
Belə versiyanın əsas ideyası əvvəlki kimidir - 1964-1973-cü illərdə buraxılan ilk Porsche 911 sportkarlarının müasir avtomobildə tətbiq edilən estetikası. Buradakı əsas retroelement 1972-ci ilin Porsche 911 Carrera RS modelindəkinə bənzər “ördək quyruğu” olan spoylerdir. O, karbon lifindən hazırlanır və sabit hücum bucağına malikdir. Baqaj qapağı və dam paneli də kompozitdən hazırlanır (“adi” modifikasiyalar üçün opsiyadır).
Bundan başqa, Sport Classic versiyası 1967-ci ilin 911 S modelində təqdim edilmiş Fuchs təkər disklərinin üslubunda dizayna malik olan mərkəzi kilidli orijinal disklərini alıb. Kuzovun Sport Grey Metallic rəngi klassik Porsche 356 modelindən ilham alınaraq yaradılıb. Digər rəngləri, habelə kuzov boyunca uzanan dekorativ zolaqları və ya qapılardakı start nömrələri (1-dən 99-a qədər) də sifariş etmək olar.
Sportkarın salonu da nostaljik üslubda tərtibata malikdir. Oturacaqlar damalı parça və konyak rəngli yarı anilin dəri ilə üzlənib, ön paneldəki dekor açıq məsaməli ağac sponundandır. Cihazlar panelinin qrafikası və şriftləri dəyişdirilib: onlarda da klassik 911 sportkarlarına istinad var. Üstəlik, effekti artırmaq üçün səs izolyasiyasının bir hissəsini çıxarılıb.
Lakin Porsche 911 Sport Classic modeli təkcə retro ruhu ilə seçilmir. Eyni zamanda, çoxlu mühəndislik işləri görülüb, çünki Sport Classic həm də mexaniki transmissiyası olan ən güclü versiyadır. Bu günə qədər bu titulu 510 at qüvvəli 4,0-litrlik mühərriki olan GT3 versiyası əlində saxlayırdı. Üstəlik xüsusi nəşr, uzun müddət yalnız PDK "robotu" ilə təklif edilən Porsche 911 Turbo sportkarına əsaslanır.
Lakin avtomobili yenidən işləyərək "soyundurublar". 3,7-litrlik biturbomühərrikin gücü 580-dən 550 at qüvvəsinə qədər azaldılıb, təkmilləşdirilmiş buraxılış sistemi və Carrera modelindən götürülmüş yeddi pilləli mexaniki ötürmələr qutusu quraşdırılıb. Tam ötürmənin əvəzinə isə, adi arxa ötümə tətbiq edilib.
Genişləndirilmiş təkər izi olan şassi və şişirdilmiş təkər tağları da Turbo versiyasından alınıb, lakin arxa qanadlardakı hava girişləri estetika xətrinə aradan götürülüblər. Əlavə havanın qəbulu spoylerin altındakı gözə çarpmayan kəsiklər vasitəsilə həyata keçirilir. Kupenin standart təchizatına adaptiv amortizatorları və 10 millimetr aşağı salınmış klirensi olan PASM asqısı, tam idarələnən şassi və karbon-keramik əyləclər daxildir.
Almaniyada Porsche 911 Sport Classic kupesinin qiyməti 273 min avrodur. Müqayisə üçün, 650 at qüvvəli mühərriki, PDK “robotu” və tam ötürmə sistemi olan adi 911 Turbo S modeli üçün 227 min avro tələb edilir.
İlk sportkarların müştərilərə çatdırılmasına bu ilin iyul ayında başlanmalıdır. Porsche 911 Sport Classic modelinin bütün tirajının tezliklə tam şəkildə satılacağından şübhə etməmək olar. Bununla belə, Porsche şirkəti xüsusi nəşri almaq şansını qaçıranlar üçün Heritage Design Classic paketini hazırlayıb. Bu paketin tərkibinə nostaljik tərtibat və dekor daxil olacaqdır.
autograph.az