“Bakubus” avtobusları ilə yola davam - XÜSUSİ REPORTAJ

Avtoreyd 13 Sentyabr 2015 01:47 Oxunub 2126
“Bakubus” avtobusları ilə yola davam - XÜSUSİ REPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“BakıKart”ı yeni marşrut avtobuslarının dayanacaqlarında quraşdırılan xüsusi aparatlardan da asanlıqla əldə etmək olur

 

Avropa Oyunları zamanı Bakıya gətirilən yeni avtobuslar artıq bir neçə marşrut xəttində istifadəyə verilib. Avtobusların hərəkət cədvəli isə səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir. “BakuBus” MMC-yə daxil olan bu marşrut avtobuslar ilkin olaraq 1 saylı xətt üzrə 28 may metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçməklə, Koroğlu metro stansiyasınadək hərəkət edirdi. Bu gündən isə 20-ci sahədən başlayaraq “Nərimanov” metro stansiyasına gedən avtobuslar xəttə buraxılıb.

“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. Ön qapıdan salona daxil olan sərnişin burada quraşdırılmış xüsusi ödəniş qurğusunda pulu kart vasitəsi ilə ödəyib salona daxil olur. Kartı olmayan sərnişinlərin marşrut avtobusuna minməsi qadağandır.  

Nəzarətçi Taleh Qasımovun sözlərinə görə, bu marşrut avtobusları yalnız şüşəli dayanacaqlarda dayanır: “Kənar heç bir yerdə saxlamır. Bu barədə bütün sürücülərimizi təlimatlandırmışıq. Avtobusa yalnız kart vasitəsi ilə daxil olmaq mümkündür”.

“BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni “BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər “BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar.

Eyni zamanda “BakıKart”ı yeni marşrut avtobuslarının dayanacaqlarında quraşdırılan xüsusi aparatlardan da asanlıqla əldə etmək olur. 

Dövriyyədə iki növ BakıKart ödəniş kartları var. Bunlardan biri məhdud istifadə üçün kağız kart, digəri isə daimi istifadə üçün plastik kartdır. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik kartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

Sərnişinlər bu avtobuslardan istifadənin çox rahat olduğunu deyir. Sevda Əliyeva şəhər nəqliyyatında bu cür avtobusların sayının çox olmasını arzulayır: "Bu avtobusdan istifadə edirəm, çox rahatdır. İstərdim ki, bütün avtobuslar belə olsun".

Nurlan Məmmədov “Bakubus” avtobuslarının xəttə buraqxılması ilə basabas probleminin aradan qalxacağına ümid edir: "Çox rahat avtobuslardır. Əvvəlki marşrutlara minib düşəndə basabas olur. Sürücülər qışqırır. Amma bu avtobuslara minib düşmək rahatdır".

Fransa istehsalı olan bu avtobusların uzunluğu 12,3 metrdir. Avtobusların üstün cəhətlərindən biri pilləkənlərin olmamasıdır. Bu da sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobusların hər birində 26 oturacaq var, daha 74 sərnişin isə ayaq üstə gedə bilər.

Avtobuslar yaşlılar və əlillər üçün yerlə də təchiz edilib. Sərnişinlərin ön qapıdan minib orta və arxa qapıdan düşmələrini nəzərə alaraq avtobusun daxilində 7 “Dayan” tələb düyməsi qoyulub.

Onu da qeyd edək ki, nəqliyyat vasitələrinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Eyni zamanda, avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh