Avtomobil hissələri bazarında xaos: saxta mallar tüğyan edir, heç kimin vecinə deyil!
Azərbaycanda avtomobillərin ehtiyat hissələri bazarında saxta mallar baş alıb gedir. Belə mallar əksər hallarda orijinal adı ilə müştərilərə sırınır. Bununla bağlı məlumatları Azad İstehlakçılar Birliyindən (AİB) də təsdiqləyiblər.
AİB sədri Eyyub Hüseynov bildirib ki, uzun müddətdir, onlara əmtəə bazarında saxta, standartlara uyğun olmayan avtomobil hissələrinin satıldığına dair şikayətlər daxil olur.
Onun sözlərinə görə, hökumətin sahibkarlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edən bir çox “işbazlar” saxta avtomobil hissələrinin satışını özləri də təsdiqləyirlər. Yəni bir çox hallarda satıcılar müştəriyə “bu, əsl ehtiyat hissəsidir, bu isə onun oxşarıdır” etirafını edirlər. Saxta malların isə heç bir mənşəə sənədləri olmur.
“Təsadüfi deyil ki, “Hyundai” avtomobillərini istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri də Azərbaycanda saxta ehtiyat hissələrinin satışından narahat olmuş, bu işlərə nəzarət etməyə cavabdeh olan dövlət orqanlarının əməkdaşlarına 23 avqust 2023-cü ildə treninqlər keçirmişdilər. Lakin vəziyyət düzəlmədi”, - E.Hüseynov vurğulayıb.
AİB sədri təəssüflə qeyd edib ki, ”Hyundai” şirkətinin Azərbaycandakı rəsmi distrübüteri olan “Avto Azərbaycan” MMC bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir.
E.Hüseynov deyib ki, Azad İstelakçılar Birıliyinin bazardakı araşdırması “Hyundai” avtomobil hissələrinin aşağıda adları qeyd olunan saxta variantlarını üzə çıxarıb:
Əyləc qəlibləri; yanacaq filteri; yağ filteri; hava filteri; mühərrik qayışı; hidravlik tarımlayıcı; sükan lenti; yağ karteri; yağ nasosu; salniklər; porşenlər; val; vanus (valın boyunluğu); mühərrik təmir dəsti; mühərrik yastığı; muftalar; alışqan şamları; əyləc diski; amartizatorlar; sürgü qolları; porşen üzlüyü; zəncir dəsti və s.
Qeyd olunan saxta avtomobil hissələrinin hər biri sürücülərin həyatına təhlükə yaradır, onları maddi itkilərə salır, eyni zamanda avtomobillərin sıradan çıxmasına təsir göstərir.
E.Hüseynov deyib ki, saxta malların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər rəsmi kassa çeki də vermirlər. AİB Babək prospektindəki mağazalarda, “Maşın bazarı” kimi tanın ticarət mərkəzində çoxlu belə faktlar aşkarlayıb.
“Əksər saxta mal satışı yerlərində istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “qaimə faktura”nı da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” haloqramından istifadə olunur”.
Müsahibimizin sözlərinə görə, mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya, Rusiyadan “Hyundai” markalı avtomobillərə məxsus müxtəlif növdə saxta hissələr idxal edirlər.
“Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhərindəki Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində, “Koreya avtomobil hissələri” (Köhnə adı “Fovarit”) mağazasında və həmin prospektdəki çoxsaylı dükanlardır. Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazardakı bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur”.
AİB sədri bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, sığorta şirkətləri də bu “fürsəti” əldən vermir, yəni saxta avtomobil hissələrinin istifadəsindən yararlanır və ödənilən məbləğdə bunu nəzərə alırlar:
“Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilənin bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsidir. Xidmətdən istifadə etmiş sürücünün ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, sonuncu dəfə avtomobilini harada təmir etdirdiyinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir”.
E.Hüseynov bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə cəzalar nəzərdə tutulub.
Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
“Tək “Hyundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil hissələrinin də saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə üşün müsadirə edilmir, niyə dövlətin qanunlarına əməl edilmir?!
Biz “Hyundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik”, - Eyyub Hüseynov vurğulayıb.
(modern.az)