Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?
Son günlərdə avtomobillərin yanacaq çənindən, filtrlərdən qum, su və digər qeyri-standart qarışıqların çıxması geniş müzakirə olunur. Bəs filtrdə belə çöküntülərin toplanması normaldırmı? Bir qədər geriyə qayıdıb tarixə ekskurs edək.
1970-ci ildə VAZ-2101 avtomobilləri satışa çıxarılanda sovet adamları narahat oldular. Volqadan fərqli olaraq bu maşınların yanacaq çəninin altında çöküntünün boşaldılması üçün yer qoyulmamışdı. Yanacaq çənini təmizləmək üçün onu bütövlükdə çıxarmaq lazım gəlirdi.
Bu məsələdə FIAT-ın dizaynerləri ilə sovet mühəndislıəri də ciddi mübahisə etmişdilər. İtaliyalılar keyfiyyətli yanacaq olduğu təqdirdə bu prosedura illərlə ehtiyac olmadığı qənaətində idilər. Hadisələrin gedişatı göstərdi ki, sovet adamları haqlı idi. Bu öz yerində.
Sovet texnikasında incə təmizləmə filtri olmadığı üçün xırda çöküntü və ya su ciddi problem yaratmır (xüsusi su buraxmayan filtrlər mövcuddur). Eyni şeyi müasir texnika üçün demək olmur. Ən böyük problem isə Dizel mühərriklərində baş verir. Səbəb sadədir: Dizel yanacağı hiqroskopikdir, yəni rütubəti özündə toplayır. Sovet dövründəki təlimata görə yanacaqdoldurma məntəqələrində (YDM) Dizel yanacağı çənə boşaldıldıqdan azı 2 saat sonra satışa buraxıla bilərdi. Bu 2 saat çökmə üçün kifayət edirdi. Su ağır olduğundan çənin dibinə çökür və özü ilə birgə mexaniki çöküntüləri də çənin dibinə aparır. Təlimata əməl olunmadıqda isə su yanacağa qarışaraq yüksək təzyiqlə avtomobilin çəninə dolur və “işini görür”.
Doğrudur, Avropada hansısa usta 2-3 yaşı olan avtomobilin çənini təmizləməyi təklif etsə ona qəribə baxarlar. Bizdə isə bu prosedurun az qala hər il icra eidlməsinə ehtiyac var. Bu səbəbdən yanacaq çəninin təmizlənməsi tövsiyəsinə ustanın əlavə pul qazanmaq istəyi kimi baxmayın. Xüsusən də istehsal ili köhnə olan, korroziyanın sürətləndiyi avtomobillərdə.
Vüqar