COP29 ərəfəsində əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA

COP29 7 Oktyabr 2024 19:12 Oxunub 210
COP29 ərəfəsində əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev COP29 ərəfəsində əfv sərəncamı imzalanacağı barədə iddialara münasibət bildirib. Avtosfer.az “Pravda.az”a istinadən xəbər verir ki, o, Konstitusiyaya əsasən, əfv hüququnun Prezidentin müstəsna səlahiyyəti olduğunu xatırladıb.

Ə. Nuriyev qeyd edib:

“Nə zaman əfv olacağını yalnız Prezident bilir və bu qərarı Prezident tətbiq edə bilər. Hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Həm də nəzərə alaq ki, bir qayda olaraq, il ərzində 1 dəfə əfv sərəncamı imzalanır. Bu ilin may ayında əfvlə bağlı sərəncam imzalanmışdı. Xeyli sayda məhkumun adı həmin sərəncama daxil edilmişdi. Bəziləri azadlığa buraxılmışdı, bəzilərinin cəzası yarıbayarı azaldılmışdı.

Fikrimcə, yaxın vaxtlarda növbəti əfv sərəncamının olması az gözləniləndir. Bilirsiniz ki, ölkə COP29 kimi böyük bir konfransa hazırlaşır. 10 minlərlə insan Azərbaycana gələcək. Bütün dövlət qurumları, yüksək vəzifəli şəxslər, o cümlədən Əfv Komissiyasının üzvlərinin əksəriyyəti məhz bu tədbirin həyata keçirilməsi istiqamətində verilən tapşırıqlara uyğun öz vəzifələrini icra edirlər. Buna görə də hazırkı şəraitdə Əfv Komissiyasının iclaslarının keçirilməsi ehtimalını yüksək qiymətləndirmirik. Amma bu, Əfv Komissiyasının sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin səlahiyyətləri çərçivəsindədir. İşlərinin çox genişmiqyaslı olması, vacib, dövlət əhəmiyyətli məsələlər olduğu üçün Komissiyanın toplanacağını güman etmirəm.

Təkrar edirəm, Prezident hər zaman öz Konstitusiya hüququna istinad edərək əfv sərəncamı verə bilər. Buna görə də COP29 ərəfəsində əfv olub-olmayacağı barədə dəqiq fikir söyləmək çətindir. Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru və Əfv Komissiyasının katibi fasiləsiz işləyir. Bütün daxil olan müraciətləri emal edir. Hər bir müraciətlə bağlı müvafiq rəylər alınır, arayışın hazırlanması istiqamətində fəaliyyətlərini həyata keçirirlər. Əfv Komissiyasının katibi hər zaman Prezident tərəfindən verilən tapşırığa uyğun olaraq iclasların hazırlanması prosesi ilə bağlı müvafiq sənədlər təqdim edə bilər. Yenə də deyirəm, hazırda gərgin iş rejimidir, amma bütün hallarda qərarı cənab Prezident verir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh