Reklam

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - FOTOLAR

COP29 27 İyun 2024 22:48 Oxunub 736
COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransı barədə əhalinin ekoloji maarifləndirilməsi məqsədilə COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib.

Avtosfer.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında keçirilən açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyi Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.

Tədbirdə Mərkəzin nümayəndələri tərəfindən rəsmilərə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, fərqli tematik zonalarda təşkil olunan müxtəlif rəqəmsal resurslar, eləcə də iqlim dəyişmələrinin təsirləri və bu təsirlərin yumşaldılmasının əhəmiyyətini göstərən interaktiv instalyasiyalar nümayiş etdirilib.

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil olunan Məlumat Mərkəzi vətəndaşlar arasında dayanıqlı vərdişlərin və nümunəvi davranışların inkişafına xidmət edəcək. Belə ki, Mərkəz konfransın məqsəd və hədəfləri, iqlim dəyişmələri ilə qlobal mübarizədə kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların əlçatanlığını və ekoloji biliklərin artırılmasını təmin edəcək. İnnovativ yanaşması ilə seçilən Mərkəzin məqsədi gündəlik dayanıqlı davranışları və həyat tərzini fəal şəkildə təşviq etməkdir.

Qeyd edək ki, Məlumat Mərkəzinin müxtəlif tematik zonaları ziyarətçilərə iqlim dəyişmələri və COP29 konfransı haqqında interaktiv və maraqlı təcrübə keçmək üçün yaradılıb. Belə ki, COP tarixi zonasında qonaqlar həmin mühüm konfransın xronoloji və coğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə nadir immersiv iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaft və iqlim şəraitini izləyə bilərlər. Ziyarətçilər xüsusi elektron platforma vasitəsilə elə buradaca ianə edərək ağac əkmək imkanından yararlana, karbon kalkulyatoru vasitəsilə isə gündəlik həyat tərzi nəticəsində əmələ gələn karbon ayaq izlərini ölçə və həmin nəticələrin minimallaşdırılması üçün atılmalı addımlara dair tövsiyələr əldə edə bilərlər.

Bununla yanaşı, növbəti aylarda həftəsonu günlərində Məlumat Mərkəzində müxtəlif idman, incəsənət və maarifləndirmə tədbirləri, həmçinin digər fəaliyyətlər təşkil ediləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh