“Xəzər-Qara dəniz-Avropa dəhlizlərinin texniki iqtisadi əsaslandırılması COP29-da açıqlanacaq”

COP29 30 Sentyabr 2024 20:42 Oxunub 226
“Xəzər-Qara dəniz-Avropa dəhlizlərinin texniki iqtisadi əsaslandırılması  COP29-da açıqlanacaq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizlərinin texniki iqtisadi əsaslandırılmasının ilkin nəticələri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində elan ediləcək.

Avtosfer.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.

Onun sözlərinə görə, həmçinin, Azərbaycan-Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji əməkdaşlıq haqqında hökumətlərarası sazişin tezliklə imzalanması nəzərdə tutulur:

“Bu dəhlizlər regional və qitələr arası bağlantılar qurmaqla təchizatının təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək”.

Nazir bildirib ki, bu gün Azərbaycan COP29-a sədrlik edən ölkə olaraq qlobal enerji keçidini dəstəkləyən təşəbbüslərin müəllifidir:

“14 təşəbbüsdən üçü "yaşıl enerji" üzrə zona və dəhlizlər, qlobal enerji saxlancları və şəbəkələri, hidrogen bəyannaməsi məhz enerji aspektində dünyada xalis sıfıra nail olmaq üçün çağırışların qarşılanmasına dəstək olmağı, enerji keçidini sürətləndirməyi hədəfləyir. İnanırıq ki, bu təşəbbüsləri yalnız COP29 çərçivəsində deyil, həmçinin qlobal miqyasda qarşıdakı 10 illiklərdə müəyyən edilmiş hədəflərin reallaşmasına da öz töhfəsini verəcək”.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Bu ilin sentyabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında birgə müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi” imzalanıb. Birgə müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək birgə müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh