Banner

“Azərbaycanın müstəqil siyasət yeritməsi Rusiyanı narahat edir” – SİYASİ ŞƏRHÇİ - FOTO

Gündəm 1 İyul 2025 16:00 Oxunub 1216
“Azərbaycanın müstəqil siyasət yeritməsi Rusiyanı narahat edir” – SİYASİ ŞƏRHÇİ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən təzyiqlər və zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurub. Həbslər, qətllər və işgəncə xəbərləri artıq bu münasibətin təsadüfi deyil, məqsədli və sistemli olduğunu göstərir.

Müşahidələrə əsasən, bu davranışların kökündə Azərbaycanın müstəqil siyasəti, xüsusilə Qarabağda qazandığı qələbə və regionda artan nüfuzu dayanır. Rusiya isə bu prosesləri nə siyasi, nə də ictimai səviyyədə həzm edə bilmir.

Azərbaycan dövləti məsələni beynəlxalq müstəviyə çıxararaq vətəndaşlarının hüquqlarını qorumaq üçün qəti addımlar atmalıdır.

Bəs belə bir vəziyyətdə Azərbaycan Rusiyaya qarşı hansı diplomatik tədbirləri görməlidir?

Mövzu ilə bağlı siyasi şərhçi Oqyat Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, Rusiyada baş verənlər əslində təsadüfi hadisələr sayıla bilməz:


“İlk növbədə tarixi aspektdən baxsaq, Rusiyanın tarixi bu cür cinayətlərlə kifayət qədər zəngindir. Son 150 illik tarix onu göstərir ki, Rusiya işğal etdiyi ərazilərin xalqlarına qarşı apardığı siyasət onların zorla assimilasiya olunması, milli dəyərlərdən kənarlaşdırılması, zorla ruslaşdırılması və onlara qarşı qeyri-insani davranışlar sərgiləyib.
Eyni zamanda Rusiya cəmiyyəti rus şovinzinə yoluxub və bu düşüncə tərzi Rusiyanın siyasətinin əsas ana ünsürünə çevrilib. Bu ənənə son dövrlər xüsusilə geniş hal almaqdadır və nəzərə alsaq ki, Rusiyanın ən yüksək səviyyədə rəhbərliyi belə bu ideyanın daşıyıcısı və ilhamvericisi rolunda çıxış edir. 1990-cı illərdə bu cərəyanı “skinhead” adlandırılan küçə dazbaşları aparırdısa, hal-hazırda bu düşüncə artıq Rusiyanın hüquq-mühafizə orqanları adlandırılan qurumlarının düşüncəsində hakim kəsilib.

Rusiyanın azərbaycanlılara qarşı bu davranışının kökündə dayanan əsas səbəb ondan ibarətdir ki, Rusiya heç cür Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul edə bilmir. Rusiya Azərbaycanın öz gücünə əraziləri işğaldan azad edərək suverenliyini bərpa etməsini və yeni yaratdığı Azərbaycanın reallıqlarını qəbul edə bilmir. Rusiya Azərbaycan-Ermənistan arasındakı normallaşma, sülh müzakirələrindən kənarda qalmasını heç cür həzm edə bilmir”.


Okyat Qasımov əlavə olaraq qeyd edib ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın tutduğu mövqeyi qəbul etmir:

“Rusiya bilir ki, Azərbaycan güc tətbiq etməklə üçtərəfli bəyanatın 9-cu maddəsinin yerinə yetirilməsini təmin edəcək. Azərbaycansa daha pragmatik davranaraq bu məsələnin sülh müzakirələrindən ayrıca müzakirə olunmasını təklif etdi.

Bundan başqa, Rusiya Azərbaycanın müstəqil siyasət yeridərək dünyanın qlobal gücləri ilə, o cümlədən Çin və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq memorandumu imzalamasından xoşhal deyil. Azərbaycanın Türkiyə ilə münasibətlərinin daha yüksək səviyyəyə qalxması və strateji müttəfiqlik münasibətlərinin yaranmasını Rusiya qəbul edə bilmir. Azərbaycanın Türk dünyasının integrasiyasında, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsindəki rolunu və Azərbaycanın özünün müdafiə və təhlükəsizlik sistemini beynəlxalq standartlarda qurmasını həzm edə bilmir.

Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir dövlətdən asılı olmaması Rusiyanı ciddi şəkildə narahat edir. Rusiya isə hesab edir ki, keçmiş postsovet məkanı ölkələri onun təsir dairəsində olmalıdır və bu baxımdan da bu dövlətlərə təsir etməyə çalışır. Hal-hazırda Cənubi Qafqazda Rusiyanın siyasəti buna yönəlib, amma bu siyasət uğur gətirəcəkmi? Əksinə, Rusiyanın imicinə vurulmuş ağır bir zərbə oldu”.

Siyasi şərhçi son olaraq bildirib ki, hətta Azərbaycan cəmiyyətində müəyyən qədər Rusiyaya simpatiya bəsləyən kəsim belə artıq Rusiyanın vəhşi üzünü gördü və ondan üz döndərdi deyə bilərik:

“Şübhəsiz ki, Rusiya nə qədər bu siyasəti davam etdirəcəksə, bu, Rusiyanın bölgədə nüfuzunun zəiflənməsinə gətirib çıxaracaq və Azərbaycan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini gücləndirəcək. Bu təzyiqlərlə Azərbaycanı özünün müstəqil siyasətindən döndərmək mümkün olmayacaq”.

Politoloq Elxan Şahinoğlunun fikrincə isə Rusiyada son hadisələr fonunda Rusiya–Azərbaycan münasibətlərinin gərginləşəcəyi gözlənilən idi:


“Çünki daha əvvəl də, dekabrda təyyarəmizi vurdular, insanlarımızı öldürdülər. Nə normal qaydada üzr istəyən oldu, nə kompensasiya verildi, nə də cinayətkarlar cəzalandırıldı.

Bu, özü belə münasibətlərə mənfi təsirdir. Yekaterinburqda Azərbaycan vətəndaşlarına verilən işgəncələr, edilən qətllər münasibətləri daha da gərginləşdirdi. Yenə də yalan xəbərlər yayırlar.

Kremlə bağlı Rusiya mediası xəbərlər yayır ki, həmin şəxslər guya hansısa kriminal avtoritetlər olub, guya 25 il əvvəl cinayət dəlilləri olub. Yaxşı, siz insanları səbəbsiz yerə niyə həbs edib işgəncə ilə öldürürsünüz? Bu, əlbəttə, münasibətlərə mənfi təsir edəcək.

Rusiyada Azərbaycana qarşı təzyiq yolları ilə bağlı fikirlər yürüdürlər. Azərbaycandan kənd təsərrüfatı məhsullarını almasınlar, Rusiyadakı miqrantları geri göndərsinlər. Halbuki miqrantlar vaxtında Rusiyaya niyə gedib? Çünki orada boşluq olub. Rus vətəndaşları o işlərdə işləmədiyinə görə azərbaycanlılar, qazaxlar, taciklər, özbəklər o ağır işlərdə çalışırlar.

Azərbaycanla münasibətlərin gərginləşməsi ikitərəfli əlaqələrə mənfi təsir edəcək və bu, Rusiyanın özünə də faydalı olmayacaq. Onsuz da Qərblə gərginlik yaşayıb. Ukrayna ilə müharibə aparır”.

“Hətta qabırğalardan birini tapa bilmədik”

Politoloq əlavə olaraq vurğulayıb ki, bunun üstünə bir də Azərbaycanla münasibətlər gərginləşdirilsə, Rusiyanın Şimal–Cənub nəqliyyat dəhlizinə ehtiyacı olduğu bir vaxtda, bu, onun üçün iqtisadi baxımdan da zərbə olacaq:

“İqtisadi əlaqələr getdikcə zəifləyəcək. Bu hadisələr fonunda biz, əlbəttə ki, Türkiyə ilə ittifaqı da gücləndirməliyik. Mütləq mənada Türkiyənin Azərbaycanda hərbi bazası olmalıdır ki, İran və Rusiya Azərbaycana təzyiq edəndə, təxribat yaratmaq istəyəndə bilsinlər ki, qarşılarında Türkiyə və Türk–Azərbaycan ittifaqını görəcəklər”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh