Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil

Bakının Əhməd Rəcəbli küçəsi paytaxtın mühüm biznes və nəqliyyat ərazilərindən biri hesab olunur. Ərazinin bir sıra əsas magistrallara və ictimai nəqliyyat imkanlarına çıxışı olsa da, burada piyada əlçatanlığı ilə bağlı problemlər mövcuddur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Əhməd Rəcəbli küçəsində nəqliyyat və piyada əlçatanlığını təhlil edib.

Ekspertin sözlərinə görə, ərazidə yerləşən iş mərkəzləri Ziya Bünyadov prospekti, Akademik Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti kimi mühüm nəqliyyat arteriyalarına çıxış imkanına malikdir. Bundan başqa, yaxınlıqda “Nəriman Nərimanov”, “Gənclik” və “Dərnəgül” metro stansiyaları, həmçinin Dərnəgül dəmir yolu dayanacağı yerləşir.
Rauf Ağamirzəyev bildirib ki, xəritə üzərində ərazi yüksək nəqliyyat əlçatanlığına malik kimi görünsə də, əsas məsələ bu imkanlara piyada çıxışın necə təşkil olunmasıdır.
“Əsas problem başqadır. Bu nəqliyyat imkanlarına piyada necə çatmaq olar? İş mərkəzlərindən metro stansiyalarına və avtobus dayanacaqlarına aparan bəzi piyada əlaqələri fasiləsiz deyil. Səkilərdə müxtəlif baryerlər mövcuddur, bəzi hissələrdə isə ümumiyyətlə adekvat piyada infrastrukturu yoxdur”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyət nəticəsində xəritədə 300–800 metr məsafədə görünən metro stansiyası və avtobus dayanacağı real istifadəçi üçün daha uzaq hiss olunur. Bu isə ərazinin mövcud nəqliyyat potensialını və ictimai nəqliyyatdan istifadə imkanlarını azaldır.
Ekspert həmçinin Xəqani Rüstəmov küçəsinin Ağa Nemətulla küçəsi ilə əlaqələndirilməsi kimi yeni yol bağlantılarının ərazinin Xətai istiqamətində alternativ nəqliyyat əlçatanlığını artırmaq potensialına malik olduğunu bildirib. Lakin onun sözlərinə görə, bu bağlantıların səmərəliliyi yalnız avtomobil yollarının genişləndirilməsi ilə deyil, fasiləsiz və baryersiz piyada şəbəkəsinin yaradılması ilə təmin oluna bilər.
Rauf Ağamirzəyev hesab edir ki, şəhərsalma baxımından metro stansiyasının 500–800 metr məsafədə yerləşməsi təkbaşına yüksək nəqliyyat əlçatanlığı demək deyil.
“Son 500 metr – yəni iş yerindən dayanacağa və metro stansiyasına qədər olan piyada bağlantısı ən azı magistral yol qədər vacibdir”, – deyə nəqliyyat eksperti vurğulayıb.
Ekspertin fikrincə, Əhməd Rəcəbli küçəsi kimi biznes potensialı yüksək olan ərazilərdə yalnız yeni avtomobil yollarının inşasına fokuslanmaq əvəzinə, mövcud nəqliyyat imkanlarını keyfiyyətli piyada infrastrukturu ilə əlaqələndirmək daha effektiv nəticə verə bilər. Bu yanaşma həm ictimai nəqliyyatdan istifadənin artmasına, həm də ərazinin şəhər daxilində daha əlçatan olmasına şərait yarada bilər.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT













