Sərnişindaşımada nə baş verir? - Nəşəxor sürücülər, avtobusların “qonkaya” çıxması, daha nələr?..

Bakıda sərnişindaşıma sahəsində kifayət qədər ciddi problemlər olduğu gizlin deyil. Bu, xüsusən də özünü sürücülərin davranışında göstərir. Marşrut sürücülərinin çoxunun özünü anormal aparması, bəzilərinin sükan arxasında siqaret çəkməsi, telefonla danışması, sərnişinlərlə normal rəftar etməməsi kimi hallar tez-tez müşahidə edilir.
Ən böyük problem isə avtobus sürücüləri arasında narkomanların, nəşəxorların olmasıdır. Gizlin deyil ki, onlar arasında sərxoş vəziyyətdə də avtobusu idarə edənlər tapılır. Bir sözlə, marşrut avtobusları sürücüləri arasında qovdu-qaçdıdan başlamış narkomanlara qədər hər cür əcaibliklərə rast gəlinir. Təəssüflər olsun ki, bu məsələyə şirkətlərin özləri barmaqarası yanaşır.
Yeri gəlmişkən, dünən Bakıda 3 avtobus toqquşub və avtobusların aid olduğu şirkət rəhbərləri BNA-ya çağırılıb. Bakı Nəqliyyat Agentliyi Bakıda 3 avtobusun toqquşması ilə bağlı məlumat yayıb. Agentlikdən verilən məlumatda bildirilir ki, yanvarın 6-da Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib: “Hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb”.
Fəaliyyət göstərən müxtəlif marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərin işə götürdüyü sürücülərin bir qismində bu kimi halların özünü göstərməsi bir sıra şübhəli məqamlara yol açır. Dolaşan iddialara görə, müxtəlif marşrutlar üzrə sərnişindaşıma ilə məşqul olan şirkətlər BNA tərəfindən qeyri-şəffaf üsullarla seçilir. Yəni deyilənə görə, bu proses qeyri-şəffaf olduğu üçün bu cür neqativliklər baş verir.
Ümumiyyətlə, BNA tərəfindən şirkətlər arasında seçim hansı qaydalarla aparılır? Doğrudanmı, seçimlər qeyri-şəffaf keçirilir, burada şəxsi maraqlar rol oynayır?
- Mais Ağayev: “Daşımalara cəlb olunanlar qanunvericiliyin tələbinə əsasən müsabiqə yolu ilə müəyyən edilir”
BNA-nın mətbuat katibi Mais Ağayevin məsələyə münasibəti belə oldu: “ Bu gün Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların heç biri Bakı Nəqliyyat Agentliyinin fəaliyyət göstərdiyi illərdə yaranan sahibkarlıq subyektləri deyil. Bu şirkətlər BNA-dan əvvəl yaranmış və bu xidmət sektorunda fəaliyyət gösətərən hüquqi və fiziki şəxslərdir. Adi bir jurnalist araşdırması aparmaqla da siz bunu aşkarlaya bilərsiniz. Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayan zaman müntəzəm sərnişindaşıma sektorunda fəaliyyət göstərən daşıyıcıların sayı 57 olduğu halda, həyata keçirilən optimallaşdırma sayəsində bu rəqəm 27-ə endirilib. Bu 27 daşıyıcının da hamısı əvvəlcədən fəaliyyət göstərənlərdir. Marşrut xətləri üzrə sərnişindaşımaların daşıyıcılara qeyri-şəffaf üsulla həvalə olunmasına gəlincə, bu iddia kökündən yanlışdır. Daşımalara cəlb olunanlar qanunvericiliyin tələbinə əsasən müsabiqə yolu ilə müəyyən edilir”.
M.Ağayev vurğuladı ki, sərnişindaşımalarda ən vacib məsələlərdən biri də fasiləsizliyin qorunmasıdır: “Bu səbəbdən də işinə laqeyd yanaşan daşıyıcıların dəyişdirilməsi bir qədər uzun və çətin prosesdir. Çünki yeni avtobuslar alınıb gətirilməlidir ki, köhnələri xətlərdən çıxarılsın.
Biz ilk gündən daşıyıcılar qarşısında vətəndaşlarımızın rahatlığı, onlara layiqli sərnişindaşıma xidmətinin göstərilməsi üçün avtobus parkının yenilənməsi, qaraj sisteminin yenilənməsi, ümumilikdə sərnişindaşımaların muasir tələblər səviyyəsində qurulması ilə bağlı tapşırıqlar qoymuşuq. Bəli, sərnişindaşıma qaydalarına tam riayət etməyən, fəaliyyəti sərnişinləri narazı salan daşıyıcılar var. Bu məqamda sizinlə razıyam və mütəmadi olaraq biz özümüz də bu problemləri deyirik. Eyni zamanda da bu cür daşıyıcıların tamamilə marşrut şəbəkəsindən kənarlaşdırılması üçün çalışırıq. Ötən 6 ildə bununla bağlı kifayət qədər nümunələr olub. 11, 24, 30 və digər xətlər üzrə sərnişindaşıma fəaliyyəti qeyri-qənaətbəxş olan daşıyıcılar kənarlaşdırıldı. Bu proses bu gün də davam edir” - deyə M.Ağayev bildirdi.
- Elməddin Muradlı: “Tenderlər şəffaf şəkildə keçirilməlidir, tərəf tutulmamalıdır”
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə isə, avtobus sürücülərinin peşəkarlığının artırılmasına çox ciddi ehtiyac var. “Son zamanlar yenə avtobus sürücülərinin törətdiyi qayda pozuntuları nəticəsində qəzaların sayı artmaqdadır. Xüsusən də maddi zərərlə nəticələnən qəzaların sayı çoxalmaqdadır. Deməzdim ki, burada da avtobus sürücüləri günahkar deyil, hadisələrin bir çoxunda onların günahı olur. Manevr, ötmə qaydalarını kobud şəkildə pozurlar, avtobusa girmək-çıxmaq, avtobus dayanacağında ikinci zolaqda dayanmaq və sair qayda pozuntularına yol verirlər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, avtobus sürücülərinə təlimlər mütəmadi olaraq keçilməlidir. Yəni fasilə olmadan bu işlər görülməlidir. Daşıyıcı şirkətlərə bununla bağlı ciddi şərtlər qoyulmalıdır, avtobus sürücüsünün kriteriyası müəyyənləşdirilməlidir. Avtobus sürücüsü necə olmalıdır, ona nəzarət necə həyata keçirilməlidir? Daşıyıcı şirkətlər də bunu təmin etməlidirlər. Hazırda Bakı şəhərində barmaqla sayıla biləcək təxminən üç şirkət var ki, onlar öz sürücülərinə mütəmadi olaraq kameralar vasitəsilə nəzarət edə bilirlər, onların iş və istirahət rejiminə ciddi yanaşırlar, əmək müqaviləsi ilə işləyirlər, bu səbəbdən də onların heç bir problemi yoxdur. Amma şirkətlər də var ki, köhnə qayda ilə işləyirlər, yenə də 20-30 qəpik davası gedir və fikrimcə, onlara ciddi nəzarət həyata keçirilməlidir. O ki qaldı şirkətlər arasında qeyri-şəffaf üsulla seçimə, bu marşurut xətləri tender vasitəsilə seçilir. Sözün düzü, tenderlərin keçirilməsi qaydası ilə bağlı geniş məlumata malik deyiləm. Amma hər bir halda tenderlər şəffaf şəkildə keçirilməlidir, tərəf tutulmamalıdır, daşıyıcı şirkətlərə bərabər hüquq yaradılmalıdır. Amma sözün açığı, orada nə proseslər getdiyini bilmirəm. Narkoman sürücülərlə bağlı da çox ciddi nəzarətə ehtiyac var. Hər daşıyıcı şirkətin qarajı olmalıdır, avtobuslar birmənalı olaraq qaraja getməlidir, qaraja gedən avtobusların sürücüləri reysqabağı ciddi şəkildə tibbi müayinədən keçirilməlidir, ondan sonra xəttə buraxılmalıdırlar. Çox təəssüf ki, bu gün hələ də küçələrdə, binaların həyətində, yol kənarında avtobus saxlayan sürücülər var. Həmin sürücülərə heç bir nəzarət yoxdur”.
E.Muradlı hesab edir ki, avtobus sürücülərinə ciddi nəzarət edilməlidir. Onun sözlərinə görə, avtobus sürücülərinə nəzarət edilmədikdə onların sükan arxasına əyləşməsi sərnişinlərin həyatını təhlükəyə atmaqdır, ona görə də, bütün bunları qaydaya salmaq tələb olunur.













