Böyük qələbəyə həsr olunan amnistiya aktı imzalana bilər

“Amnistiya aktının bütövlükdə qəbuledilmə tezliklərinə baxsaq, görərik ki, 3-4 il müddətindən bir qayda olaraq amnistiya aktı qəbul olunur. Bu il üçün amnistiya aktının qəbul edilməsi üçün çox əlverişli bir imkan da var”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Milli.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O, amnistiya aktının qəbul olunma ehtimalını artıran amillər sırasında Azərbaycanın Vətən müharibəsində qələbə qazanması hadisəsinin xüsusi rol oynadığını vurğulayıb:
“Son 200 ildə ilk dəfədir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Belə bir gün - 8 noyabr münasibətilə əlbəttə ki, amnistiya aktının qəbul edilməsi mümkündür. Artıq bu barədə müzakirələr də gedir. İstisna etməzdim ki, qarşıdakı 8 noyabr ərəfəsində belə bir amnistiya aktı Milli Məclis tərəfindən qəbul oluna bilər. Çünki bu, MM-in müstəsna səlahiyyətinə aid olan bir məsələdir və ümumiyyətlə onu da qeyd edim ki, Azərbaycanda müstəqillik əldə ediləndən bu günə qədər 12 amnistiya aktı qəbul edilmişdir ki, bunun nəticəsində 140 minə qədər şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilmişdi. Bu, çox böyük bir rəqəmdir. Bu, eyni zamanda Azərbaycan dövlətinin səviyyəsini göstərir ki, humanizmə, mərhəmətə və qayğıya söykənən hakimiyyətin idarəçiliyindəyik. Prezident İlham Əliyev hər zaman öz fəaliyyətində vətəndaşa münasibətdə məhz mərhəməti, humanizmi ifadə edib”.
Əliməmməd Nuriyev onu da xatırladıb ki, sonuncu amnistiya aktı Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilib. Ümumiyyətlə son dörd (2007, 2009, 2013 və 2016-cı illər) amnistiya aktının hər biri Mehriban xanımın təşəbbüsü ilə olub. Bu dörd amnistiya aktı nəticəsində bütövlükdə 40 minə qədər şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilmişdir. Onlar arasında azadlıqdan məhrum etmə cəzasından azad edilən şəxslərin sayı haradasa üst-üstə 6 mindən yuxarıdır. Qalanları cəzadan və digər cinayət məsuliyyətindən azad edilən şəxslərdir”.
Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər 34 Əfv Sərəncamı imzaladığını diqqətə çatdıran Komissiyası üzvü bunun nəticəsində bütövlükdə cəzadan azad edilən şəxslərin sayının 4 mini keçdiyini deyib:
“İndi qarşıdakı amnistiya aktını da cəmiyyət, eyni zamanda məhkumlar gözləyirlər. Əvvəlki hər bir amnistiya aktının praktikalarına baxsaq görərik ki, qanun qəbulu nəticəsində cəzadan və cinayət məsuyliyyətindən azad edilən şəxslərin bütövlükdə ümumi sayı 9, 10 min nəfər civarında olurdusa, indi daha geniş miqyasda ola bilər. Ona görə ki, dediyim kimi, bu qələbənin (Zəfər bayramı - 8 noyabr) əhəmiyyəti fərqli bir əhəmiyyətdir. Bu qələbə Azərbaycan xalqının illərlə, onillərlə gözlədiyi qələbə idi ki, bu da nəsib oldu, Azərbaycan xalqının ləyaqət hissi özünə qaytarıldı və Azərbaycanın son 200 illik tarixində çox fərqli bir tarix olaraq qalacaq. Belə bir tarixi gün münasibətilə qəbul edilən amnistiya aktı daha çox cinayət məsuliyyətinə cəlb edilən və məhkum olunmuş şəxslərə şamil edilə bilər. İndi müxtəlif rəqəmlər də düşünülür - 15 min, 16 min civarında da ola bilər".













