Gəncləri qocaldan ağ “kəfən”: Narkotiki ölkəyə kimlər gətirir?

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq qalmaqdadır.
Bu istiqamətdə Azərbaycanda da hüquq-mühafizə orqanları tərəfindən mübarizə tədbirləri həyata keçirilir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, eləcə də narkotik istifadəçilərinin sayı çoxalır.
Bu vəziyyət isə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır. Bu günlərdə antinarkotik təbliğatla bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciətində də göstərilirdi ki, bütün hallarda əsas diqqət ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməlidir. Son günlər ölkədə bu istiqamətdə tədbirlər daha da gücləndirilib, hətta çox sayda "Patı" istifadəçisinin saxlanılması bunun bariz nümunəsidir.
Lakin bu bir faktdır ki, son vaxtlar gənclər arasında narkotikadan istifadə artıb və bu gələcəkdə Azərbaycanın genefondu üçün də təhlükədir. Mövcud təhlükənin qarşısının alınması istiqamətində vətəndaş cəmiyyəti hansı addımlar atmalıdır?
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Cebhe.info-ya bildirdi ki, narkomaniya hazırda çox aktual olan bir problemdir:
"Bəşəriyyətin bəlası olan "Ağ ölüm" bizim ölkədə də nə qədər dövlət qurumları, güc strukturları səviyyəsində mübarizə aparılsa da, yenə də bu narkomaniyanın qarşısı lazımi qədər alınmayıb və ildən-ilə artmaqda, böyük bir təhlükəyə çevrilməkdədir.
Narkomaniya bütün dünyada, o cümlədən ölkəmizdə gəncləşməkdədir. Təəssüflər olsun ki, gənclər arasında yayılmasında yenə də artımlar var. Baxmayaraq ki, inzibati orqanlar öz vəzifələrini yerinə yetirirlər. Son dövrlərdə DİN-in Narkobioznesə qarşı Baş İdarəsi də çox böyük tədbirlər həyata keçirir. Bütövlükdə DİN, güc strukturları, əlaqədar qurumlar bu istiqamətdə işlər görür. Biz də QHT olaraq Narkomaniyaya Qarşı Mübarizə üzrə QHT Koalisiyası yaratmışıq”.
Rauf Zeyninin sözlərinə görə, həmin koalisiyada 12 QHT onun təsisçisidir:
“Sıralarımız gündən-günə artacaq. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət komissiyasının işçi qrupu ilə birgə tədbirlər keçiririk. Bunun qarşısının alınmasının iki yolu var. Birincisi, inzibati yolla narkotikanın ölkəyə gətirilməsinin və yayılmasının qarşısı alınmalıdır, eyni zamanda geniş maarifçilik işləri görülməlidir. Eləcə də narkomaniyaya qarşı mübarizə üzrə ictimai hərəkat geniş vüsət almalıdır.
Bütün QHT-lər, gənclər təşkilatları, vətəndaşlar bu ictimai hərəkata qoşulmalıdır. Biz Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun sayəsində Vətən müharibəsində qalib gəlmişik. Yəni biz hazırda qələbəyə layiq həyat səviyyəsi qurmalıyıq. Ona görə də biz narkomaniyaya qarşı savaş elan etməliyik, bütün tədbirləri gücləndirməliyik. Hər bir evdə necə ki, pandemiyaya qarşı səfərbərlik elan edildi, indi də narkomaniya virusuna qarşı yüksək səviyyədə səfərbər olmalıyıq.
Hər bir evdə ona qarşı mübarizə, çağırış elan olunmalıdır, narkomaniyanın qarşısı alınmalıdır. Bu yalnız valideyn məsuliyyətsizliyi deyil, bəşəriyyətdə olan bəladır, biz də narkotranzit ölkəyik. Bunun səbəbləri çoxdur. Hətta düşmənlərimiz "Patı"nı Qarabağda istehsal edib ölkəmizə yayırmış. Təəsvvür edin ki, nə qədər böyük bir məsələdir. Ancaq hazırda bütün ictimaiyyət narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə səfərbər olmalıdır”.













