İcra hakimiyyətinin maşını ilə vurulan piyadalardan biri də öldü; yeni faktlar - FOTOLAR
Səbail rayonu ərazisində minik maşını tərəfindən vurulan üç piyadadan daha biri ölüb. Bu barədə Avtosfer.az saytına hadisə baş verən ərazidə yaşayan sakinlər məlumat veriblər. Bildirilir ki, Salyan şossesində yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan Misir Şirinov hadisə yerində ölüb, iki nəfər isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb. Xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Dünən Zəfər Xəlilov xəstəxanada ölüb.
Misir Şirinov ailə idi, onun iki övladı var. Küçə ticarəti ilə məşğul olub ailəsini dolandırırdı.
Əldə etdiyimiz məlumata görə, avtomobil yüksək sürətlə, 140-160-la hərəkət etdiyi üçün vurduğu piyadalardan ikisi zərbənin təsirindən bir neçə metr hündürə qalxıb və yolun kənarındakı reklam lövhəsinə dəyiblər. Fotolardan da görünür ki, zərbə ilə toxunulduğu üçün reklam lövhəsi cırılıb. Şahidlərin sözlərinə görə, hadisə yerində dünyasını dəyişən piyadanın başı reklam dirəyinə dəyib və boynu dirəyin dəmir parçasına ilişdiyi üçün elə oradaca ölüb. Digər piyadanın isə başı zərbə ilə reklam lövhəsinə dəyərək yerə düşüb. Xəstəxanada ölən də elə həmin piyadadır. Ağır yaralanmış digər piyada isə hazırda xəstəxanadadır. Onun onurğası qırılıb: «Maşın çox yüksək sürətlə hərəkət edirdi. Bu ərazi isə sərt döngə olduğu üçün o qədər sürətin qarşısını almaq mümkün deyildi. Bu küçəni neçə illərdir işıqlandırmırlar. Ona görə də burada piyadaların həyatı təhlükədədir».
Avtosfer.az-ın əməkdaşı qəza baş verən ərazidə müşahidə apararkən məlum olub ki, həmin yerin 20 metrliyində Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin müşahidə kamerası var. TŞ-1-059 saylı həmin kamera əgər işlək vəziyyətdə olubsa, qəzanı qeydə alıb. Lakin bir məqamı da qeyd etmək lazımdır ki, ərazidə yolun işıqlandırılması demək olar ki, yox səviyyəsindədir. Qaranlıqda isə görüntünün keyfiyyəti barədə bir söz demək çətindir. Hər halda, Dövlət Yol Polisinin rəsmiləri bəyan edirlər ki, bu kameralar qaranlıqda da keyfiyyətli görüntülər çəkə bilir. Üstəlik, DYP iddia edir ki, bu kameralar 300 metr məsafəni rahatlıqla çəkir. Bundan başqa, qəza baş verən yerdən 200 metr kənarda Səbail rayon Dövlət Yol Polisi İdarəsinin yeni binası yerləşir. Qəza yerinin 100 metr yaxınlığında isə «Azpetrol» yanacaqdoldurma məntəqəsi yerləşir ki, həmin məntəqənin qarşısında da müşahidə kameraları və radar mövcuddur. Qəzanı törədən avtomobil şəhər istiqamətindən üzü 20-ci sahə yaşayış massivinə tərəf hərəkət etdiyi üçün «Azpetrol»un yanındakı kamera və radar onun hansı sürətlə oradan keçdiyi dərhal müəyyən edə bilər. Əgər elədirsə, qəzanı törətmiş avtomobilin kim tərəfindən və hansı sürətlə idarə olunduğunu da aşkara çıxarmaq çətin olmaz. Lakin maraqlıdır ki, bu günə kimi yol polisi bu hadisə ilə bağlı hər hansı geniş açıqlama ilə çıxış etməyib. Məsələ burasındadır ki, qəzanı törədən «Hyundai» markalı avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanı əslində Səbail Rayon İcra Hakimiyyətinə məxsis “QAZ 3110” avtomobilinə aiddir. Avtosfer.az saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində (MMX) 10 AS 509 dövlət nömrə nişanı ilə bağlı axtarış aparıldıqda «QAZ-3110» markalı nəqliyyat vasitəsi üzə çıxır. Yəni, həmin nömrə rəsmi olaraq «QAZ-31»ə aiddir. Lakin icra hakimiyyətində qanunsuz olaraq həmin nömrəni «Hyundai» markalı avtomobilə bağlayıblar. Əslində isə artıq «QAZ-3110» markalı avtomobil mövcud deyil. Yəni, həmin avtomobil çıxdaş edilərək Səbail RİH-in balansından çıxarılıb. Elədirsə, çıxdaş olunmuş avtomobilin nömrə nişanı qanunsuz olaraq başqa avtomobilə vurulub. Bu o deməkdir ki, Səbail rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən və yüksək sürətlə hərəkətdə olarkən 3 piyadanı vuran Hyundai” markalı avtomobilin üzərindəki nömrə saxtadır.
Məlumat üçün bildirək ki, həmin hadisə ilə bağlı Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimov saxdanılıb. Hadisə şahidləri qəza baş verərkən sükan arxasında Yavər Allahverdiyevin özünün olduğunu bildirsələr də, nədənsə, məsuliyyətə cəlb olunan sürücü olub. Nömrənin dəyişdirilməsi məsələsinə gəlincə, əlbəttə, sürücü bu işi görə bilməzdi. Yəni, sürücünün özbaşına olaraq nömrəni bir maşından açıb başqasına bağlaması o qədər də inandırıcı deyil. Və yol polisi bu barədə də hər hansı açıqlama vermir(!?).
Qəza ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi tərəfindən rəsmi məlumat yayılıb. Məlumatda bildirilir ki, Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi «Hyundai Grandeur» markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Nəticədə M.Şirinov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Fakta görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd; Avtosfer.az-ın əməkdaşı qəza yerində müşaşidə apararkən orada gül dəstələrinin olduğunu görüb. Ətrafda yaşayanlar bildiriblər ki, hər gün bir qadın bura gələrək gül qoyur və ağlayıb fəryad qoparır. Sonda isə bu sözü deyib, gedir; «Balamın qanını batırmaq istəyirlər…».
Elməddin Muradlı