Trampın “Green Card”la bağlı 100 min dollar tələbinin səbəbi nədir? - AÇIQLAMA

Gündəm 16 İyul 2026 16:46
Trampın “Green Card”la bağlı 100 min dollar tələbinin səbəbi nədir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

ABŞ administrasiyası “Green Card” almaq istəyən bəzi şəxslərdən təxminən 100 min dollar məbləğində girov tələb etməyi nəzərdən keçirir.

Avtosfer.az xəbər verir ki, “The Wall Street Journalın” yaydığı məlumata görə, yeni qayda ilkin mərhələdə məhdud sayda ölkədə sınaqdan keçirilə bilər. Bildirilir ki, girov məbləği hər müraciətçi üçün eyni olmayacaq və fərdi vəziyyətdən asılı olaraq 100 min dollardan az və ya daha çox müəyyən edilə bilər. Məqsəd isə ABŞ-yə köçən şəxslərin ölkədə maddi çətinliklə üzləşdiyi halda dövlət üçün maliyyə təminatı yaratmaqdır.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, miqrasiya qəbul edən inkişaf etmiş ölkələrin əksəriyyətində ölkəyə köçən şəxslərin müəyyən maliyyə vəsaitinə malik olması tələbi dünya praktikasında geniş tətbiq olunur:

"Bu tələb həmin şəxslərin ilk dövrdə öz yaşayış xərclərini qarşılaya bilməsi və dövlətin sosial yardım sistemindən asılı qalmaması məqsədi daşıyır. Lakin “Green Card” çərçivəsində gündəmə gətirilən 100 min dollarlıq məbləğ kifayət qədər yüksək görünür. Adətən bəzi Avropa ölkələrində miqrantlardan təxminən 5-10 min avro həcmində vəsaitin olması tələb edilir. Bu da onların müəyyən müddət ərzində öz ehtiyaclarını müstəqil şəkildə ödəyə bilmələri üçün nəzərdə tutulur. Ümumilikdə miqrasiya siyasətinin əsas məqsədi gənc əhalinin azaldığı və ya əlavə işçi qüvvəsinə ehtiyac yaranan ölkələrə xaricdən ixtisaslı kadrların cəlb edilməsidir. ABŞ də dünyada ən çox miqrant qəbul edən ölkələrdən biridir. Ölkənin ərazisi və iqtisadi potensialı nəzərə alındıqda, əhali sıxlığı hələ də bir çox inkişaf etmiş dövlətlərlə müqayisədə aşağıdır. Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin miqrasiya siyasətində yanaşma dəyişib. Əsas diqqət miqrantların sayından çox onların keyfiyyətinə yönəlib. ABŞ inkişaf etməkdə olan ölkələrdən gələn aşağı ixtisaslı miqrantlardan daha çox, Yaponiya, Çin, Hindistan və Avropa ölkələri kimi inkişaf etmiş dövlətlərdən yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsində maraqlıdır".

Politoloq qeyd edib ki, bu yanaşmanın əsas səbəbi təhsil və peşə hazırlığı aşağı olan miqrantların sayını azaltmaq, iqtisadiyyata daha çox töhfə verə biləcək şəxsləri cəlb etmək istəyidir:
"ABŞ-a miqrasiya etmək istəyənlərin sayı kifayət qədər çoxdur. Bununla belə, ölkəyə gələnlərin əhəmiyyətli hissəsi qanunsuz yollarla, əsasən Meksika üzərindən sərhədi keçərək ABŞ-yə daxil olur. “Green Card” proqramı isə ABŞ hökumətinin təşkil etdiyi lotereya əsaslı qanuni miqrasiya mexanizmidir. ABŞ-yə köç edənlərin böyük hissəsi qeyri-qanuni yollarla gələn şəxslərdir. Buna görə də “Green Card” şərtlərində ediləcək dəyişikliklərin ümumi miqrasiya prosesinə ciddi təsir göstərəcəyi düşünülmür. ABŞ hər il yüz minlərlə miqrant qəbul edir və qanunsuz miqrasiyanın qarşısını almaq üçün daha çox sərhəd təhlükəsizliyi tədbirlərinə üstünlük verir. Meksika ilə sərhəddə divarın inşası təşəbbüsü də bu siyasətin tərkib hissəsi idi. Yeni məhdudiyyətlər müəyyən qədər təsir göstərə bilər. Xüsusilə qanuni yollarla ABŞ-yə köçmək istəyən şəxslərin bir hissəsi bundan imtina edə bilər. Eyni zamanda, paradoksal olaraq, qeyri-qanuni yollarla ölkəyə gəlməyə çalışan insanların sayının artması ehtimalı da istisna edilmir. Bu, ABŞ-nin daxili siyasəti və suveren qərarıdır. Belə qərarlar Konqres və Senatın iştirakı ilə qəbul edilir və yalnız prezidentin şəxsi qərarı hesab edilə bilməz. Donald Trampın miqrasiya siyasətinin formalaşmasında rolu olsa da, qəbul edilən qərarlar ABŞ-nin dövlət institutlarının ümumi mövqeyini əks etdirir. Beynəlxalq ictimaiyyət digər dövlətin daxili miqrasiya qaydalarına birbaşa müdaxilə edə bilməz. Hər bir ölkə öz sərhədləri və miqrasiya siyasəti ilə bağlı qərar vermək hüququna malikdir. Bu gün Almaniya, İsveç, Hollandiya, Norveç və digər Skandinaviya ölkələri də daxil olmaqla bir çox Avropa dövləti xaricdən intensiv miqrasiya qəbul edir".
Politoloqun fikrincə, bunun əsas səbəbi həmin ölkələrdə həyat səviyyəsinin yüksək olması və doğum səviyyəsinin aşağı düşməsi nəticəsində əhalinin qocalmasıdır:
"İnkişaf etmiş ölkələrdə əhalinin artım tempi zəiflədiyi üçün dövlətlər əmək bazarında yaranan boşluğu miqrantlar hesabına doldurmağa çalışırlar. Çünki iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi gənc və əmək qabiliyyətli əhalidir. Hazırda Avropada yerli əhalinin artımı zəif olduğu halda, miqrantların sayı artır. Bu isə uzunmüddətli perspektivdə həmin ölkələrin demoqrafik və etnik tərkibinə də təsir göstərir. Bir çox Avropa ölkəsində doğum səviyyəsini artırmaq məqsədilə sosial proqramlar həyata keçirilir. Gənc ailələrə müxtəlif sosial dəstək paketləri təqdim olunur, mənzil, maliyyə yardımı və digər güzəştlər tətbiq edilir. Bütün bunlar dövlətlərin gələcək demoqrafik balansını qorumaq məqsədi daşıyır. ABŞ-nin də miqrantlara ehtiyacı var. Lakin hazırkı mərhələdə əsas məqsəd miqrantların sayını artırmaq deyil, daha yüksək ixtisaslı və iqtisadiyyata daha çox töhfə verə biləcək şəxsləri ölkəyə cəlb etməkdir. Hazırda ABŞ-yə əsasən Afrika, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələrindən miqrant axını müşahidə olunur, Avropa ölkələrindən gələnlərin sayı isə nisbətən azdır".

İqtisadçı Xalid Kərimlinin fikrincə isə,  ABŞ daha çox maliyyə imkanları olan şəxsləri ölkəyə cəlb etsin:

"Bununla həm riskləri azaltmağa çalışırlar, həm də ölkəyə gələn immiqrantların dövlətin sosial yardım sistemindən asılı olmamasını istəyirlər. 100 min dollar girov göstərə bilən şəxs artıq müəyyən maliyyə imkanlarına malikdir. Bu qərarın təsirinə gəlincə, təbii ki, müəyyən mənfi təsirləri olacaq. Çünki bu, ciddi maliyyə baryeridir. ABŞ artıq istəmir ki, ölkəyə hər kəs asanlıqla daxil olsun. Məqsəd yüksək ixtisaslı, savadlı və ölkə iqtisadiyyatına töhfə verə biləcək insanların cəlb edilməsidir. Başqa sözlə, ABŞ “beyin axını” siyasətini gücləndirməyə çalışır və istəyir ki, digər ölkələrdə yetişmiş peşəkar kadrlar onun iqtisadiyyatına xidmət etsin. Bu addımın dövlət büdcəsinə təsirinə gəlincə, burada söhbət birbaşa büdcəyə ödənilən vəsaitdən getmir. Bu, girovdur və müəyyən şərtlər daxilində geri qaytarılan məbləğdir. Əgər bu vəsait büdcəyə ödəniş olsaydı, o zaman gəlir mənbəyi kimi qiymətləndirilə bilərdi. Girov formasında saxlanılan vəsait isə maliyyə sistemində müəyyən dövriyyə və likvidlik yaratsa da, əsas məqsəd gəlir əldə etmək deyil. Əsas məqsəd maliyyə baxımından təminatlı, yüksək ixtisaslı insanların ABŞ-a köçünü stimullaşdırmaqdır. Yəni dövlət daha çox özünü təmin edə bilən, savadlı və iqtisadiyyata fayda verəcək şəxslərin ölkəyə gəlməsini istəyir. Hazırda bu təşəbbüs pilot layihə kimi sınaqdan keçirilir. Əgər tətbiq olunan bu maliyyə baryeri məhz ABŞ-ın cəlb etmək istədiyi yüksək ixtisaslı və imkanlı insanların da ölkəyə marağını azaldarsa, bu halda gözlənilən nəticəni verməyə və əks təsir göstərməyə də bilər. Ümumilikdə isə bu təşəbbüs ABŞ administrasiyasının həyata keçirdiyi selektiv immiqrasiya siyasətinin tərkib hissəsidir və məqsəd ölkəyə daha seçilmiş, maliyyə baxımından təminatlı və yüksək ixtisaslı immiqrantların cəlb edilməsidir".

Fatimə Dadaşova

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh