Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR

Maraqlı 8 İyul 2026 12:18
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

6 iyul 1926-cı il Azərbaycan tarixində məxsusi günlərdəndir. Həmin tarixdə Bakı sakinləri ilk dəfə elektrik qatarı ilə tanış oldular. Doğrudur, paytaxtda bir neçə il əvvəl tramvay fəaliyyətə başlamışdı. Lakin, qatar tramvaydan fərqli idi və şəhər ətrafını da əhatə edirdi. 

Uzun illərdir belə bir fikir formalaşıb ki, “Bakı–Sabunçu–Suraxanı xətti Azərbaycanda və keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yoludur”. Bəs bu fikir nə qədər doğrudur və nə dərəcədə yarımçıqdır?

Avtosfer.az xəbər verir ki, Bakı–Sabunçu–Suraxanı xəttinin keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolu xətti olması fikri heç bir mübahisə doğurmur. Həmin dövrün sovet qəzetlərində bu barədə kifayət qədər məlumat var. Hazırki Dəmiryolu Muzeyinin binasının üstündəki lövhədə də bu barədə məlumat var. Bəs ümumiyyətlə, Azərbaycanın digər qonşularında həmin dövrdə vəziyyət necə idi? Müsəlman ölkələri arasında dəmir yolu nəqliyyatı bizdən irəlidə idimi?

Tarixi mənbələrə nəzər yetirsək Azərbaycan SSR-də dəmir yolunun təchizat, xüsusilə elektrikləşmə məsələsində Şərq ölkələrini qabaqladığının şahidi olarıq. Söhbət dəmir yolu xətlərinin uzunluğundan getmir. Azərbaycanın ərazisi kiçik olduğu üçün xətlərin də uzunluğu coğrafiyaya uyğundur. 

Elektrikləşməyə gəldikdə isə: Türkiyədə ilk dəfə elektrik qatarı ilə 1955-ci ildə tanış oldular. O vaxt elektrik qatarları İstanbulun sirkəçi və Halqalı məhəllələrini birləşdirirdi. 60-cı illərdən etibarən ölkədə dəmir yolunun inkişafı demək olar dayandı. Bu durğunluq Rəcəb Tayyib Ərdoğanın Baş nazir  seçilməsindən sonra dəyişməyə başladı.

İranın ilk elektrikləşdirilmiş dəmir yolu Şərqi Azərbaycan əyalətində yerləşən Təbriz-Culfa xəttidir. 1969-cu ildə ilkin razılaşmalara əsasən, 148 km uzunluğunda olan bu xətt 1975-ci ildə SSRİ tərəfindən elektrikləşdirilib. Təbriz-Naxçıvan sərhədinə birləşdirmək üçün İsveç istehsalı olan RC4 elektrik lokomotivlərindən istifadə edilib. Bu xəttin elektrikləşdirilməsində Sovet Azərbaycanının mütəxəssisləri yaxından iştirak ediblər.

Britaniya İmperiyasından 8000 kilometr hazır yol və infrastrukturu miras alan Pakistan Dəmir Yollarında ilk  elektrikləşdirmə 1969-cu ildə həyata keçirilib. Həmin dövrdə 290 kilometrlik Lahor-Xanəval mənzili uğurla elektrikləşdirilsə də istismar davamlı olmayıb. Mis naqillərin oğurlanması, cərəyan kəsilməsi və aşağı səviyyətli texniki xidmət səbəbindən işlər 2011-ci ildə tamamilə dayandırılıb.

Səudiyyə Ərəbistanında ilk dəmir yolu xəttinin (Ryad-Dammam) inşası 1947-ci ildə başlayıb, 1951-ci ildə istismara verilib.

Yaxın Şərq ölkələrinin tarixinə nəzaər salsaq onların çoxunun elektrikləşməyə 70-ci illərdə başladığı görünür. Halbuki, həmin vaxtda Azərbaycan SSR-də dəmir yolu inkişafının qızğın dövrünü yaşayırdı.

Ümumi olaraq, bütün müsəlman şərqinə nəzər yetirsək dəmir yolu xətlərinin elektrikləşməsinə hamının Azərbaycandan gec başladığının şahidi olarıq. Halbuki, adını çəkdiyimiz (və çəkmədiyimiz) dövlətlər ərazi, resurs və əhali sayına görə bizdən hər zaman üstün olub. Buna görə də, Bakı–Sabunçu–Suraxanı xətti həm də müsəlman Şərqində ilk elektrikləşdirilmiş dəmir yolu xəttidir desək, tarixi baxımdan daha obyektiv olar.

Vüqar Yaşaroğlu

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh