Bakı Limanında rekord nəticə: illik konteyner aşırma ilk dəfə 100 000 TEU-ya çatdı

Bakı Beynəlxalq Dəniz Limanında konteyner yükaşırması üzrə mühüm nailiyyət əldə olunub. İlk dəfə olaraq limanın illik konteyner aşırma həcmi 100 min TEU həddini keçib. Bu barədə liman ərazisində təşkil olunan mediatur zamanı jurnalistlərə məlumat verilib.
Avtosfer.az xəbər verir ki, dəniz limanı ilə dəmir yolu əməliyyatlarının əlaqəli şəkildə təşkili yüklərin daha sürətli və səmərəli daşınmasına şərait yaradıb, logistik marşrutların optimallaşdırılmasına mühüm töhfə verib. Xüsusilə bu ilin sentyabr ayından fəaliyyət göstərən Vahid Keçid Mərkəzi limanda müxtəlif qurumlar və ekspeditor şirkətləri arasında koordinasiyanı gücləndirərək əməliyyatların çevikliyini artırıb. Bu da yükaşırma göstəricilərinin davamlı yüksəlməsinə səbəb olub.
Bakı Limanı Orta Dəhlizin əsas logistik qovşaqlarından biri kimi regionda strateji əhəmiyyət daşıyır. Qlobal tədarük zəncirlərində baş verən dəyişikliklər fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiya ilə Avropa arasında ən qısa və etibarlı tranzit xətti kimi önə çıxır. Müasir infrastruktur, yüksək texniki imkanlar və peşəkar kadr potensialı Bakı Limanının regionun logistika mərkəzi kimi rolunu daha da gücləndirir. Eyni zamanda limanın “Yaşıl Liman” sertifikatına sahib olması əməliyyatların beynəlxalq ekoloji standartlara uyğun həyata keçirildiyini göstərir.
Statistik göstəricilər də artım dinamikasını aydın şəkildə əks etdirir. Belə ki, 2020-ci ildə liman vasitəsilə 40 min 395 TEU konteyner daşındığı halda, 2024-cü ildə bu rəqəm 76 min 775 TEU-ya çatıb. Cari ildə isə 100 min TEU həddinin aşılması konteyner əməliyyatlarının səmərəliliyinin bariz göstəricisi kimi qiymətləndirilir.
Ümumi yükaşırma həcmlərində də ciddi artım müşahidə olunur. Ələt qəsəbəsində yeni liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə 3,8 milyon tona yaxın yük aşırıldığı halda, cari ilin 11 ayı ərzində bu göstərici 7,5 milyon tonu ötüb.
Əldə olunan nəticələr Bakı Limanının regionun ən etibarlı logistik mərkəzlərindən biri olduğunu təsdiqləyir və Azərbaycanın Şərqlə Qərb arasında strateji tranzit ölkə mövqeyini daha da möhkəmləndirir. Yaşıl və rəqəmsal həllərin tətbiqi, eləcə də Orta Dəhliz üzrə əməkdaşlığın genişlənməsi gələcəkdə daha böyük yük həcmlərinə və ölkə iqtisadiyyatı üçün əlavə dəyərin artmasına zəmin yaradır.













