Məcburi köçkün statusunun ləğvi nələri dəyişəcək? – Deputat AÇIQLADI

Sosial 3 İyun 2026 22:12
Məcburi köçkün statusunun ləğvi nələri dəyişəcək? – Deputat AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Məcburi köçkün statusu ilə bağlı yeni dəyişiklik təklifi ictimai müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, təklifin qəbul ediləcəyi təqdirdə işğaldan azad edilmiş ərazilərə qayıdış prosesinə təsir göstərə biləcəyi bildirilir.

Bəs bu dəyişikliklər azad olunan torpaqlara köçənlərin sayında ciddi artıma səbəb olacaqmı?

Milli Məclisin deputatı Zahid Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, yeniliyə əsasən, iki hüquqi-siyasi anlayış bir-birindən tam fərqlidir. Statusun ləğvi hüquq itkisi kimi başa düşülə bilər.

Lakin layihənin əsas ideyası və məqsədi tamamilə başqadır:
"Burada insan müvəqqəti statusdan daimi hüquqa, müvəqqəti məskunlaşmadan daimi mülkiyyət hüququna keçir. Dövlət himayəsindən evinin tam hüquqlu sahibi olur. Yeni qanunda isə “İşğaldan Azad Edilən Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılır. Ona görə də inidəyədək qüvvədə olan redaksiyada köçkünlərin hüquqlarını məhdudlaşdıran norma mövcud idi-onlara verilən mənzillər və evlər Xüsusi təyinatlı yaşayış fonduna aid idi və həmin sahələr özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzdi. Yeni qurumun yaradılmasının məqsədi ondan ibarətdir ki, vətəndaşa verilən yaşayış sahəsi artıq müvəqqəti deyil, daimi hüquqi əsas daşıyır''. 

Deputat qeyd edib ki, Mümkün olan hallarda yerli sakinlərin tikinti, bərpa və xidmət sahələrinə cəlb olunması həm məşğulluq yaradar, həm də mülkiyyət hissini gücləndirər. İnsan yalnız ev almır -  o, öz ocağını qurduğunu hiss etməlidir.

Qarabağın yenidən qurulması böyük iqtisadi layihədir. Proses təkcə dövlət büdcəsinin vəsaitləri ilə deyil, həm də dövlət-özəl tərəfdaşlığı mexanizmləri ilə daha sürətli və davamlı şəkildə aparıla bilər. İşğaldan azad edilmiş ərazilərdə tikinti sektoruna özəl şirkətlərin cəlb olunması üçün vergi güzəştləri, sadələşdirilmiş prosedurlar, güzəştli icarə və investisiya təşviqləri kimi mexanizmlər nəzərdən keçirilə bilər. Təklif edirik ki, fədakarlıq dövlət tərəfindən görülməsi və qiymətləndirilməsi məqsədəuyğun olar. “Vətən quruculuğunda xidmətlərə görə” medalının təsis olunması mühüm ictimai və siyasi əhəmiyyətli qərar olardı. Qarabağın bərpasında çalışan inşaat briqadalarının əməyinin mənəvi və maddi qiymətləndirilməsi dövlət quruculuğunun və siyasətinin əsasını təşkil edə bilər. Qanun layihəsinin hüquqi mexanizmlərinə gəldikdə, burada bir neçə Mənzil Məcəlləsinə edilən dəyişikliklə “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılır. Fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya  imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.
“Məcburi köçkünlərin sosial müdafiəsi haqqında” Qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq.
Keçid müddəaları da vacibdir. Qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi  imtiyazlardan yararlana biləcəklər.

Yurd yaddaşını, sosial müdafiəni, iqtisadi inkişafı və milli bərpanı vahid hüquqi çərçivədə birləşdirir.
Otuz il ərzində dünyanın müxtəlif tribunalarından "qaçqınlar", "məcburi köçkünlər", "didərginlər" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir.

Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu əsas insan hüquqlarından biri kimi təsbit edir. Qanun həmin konstitusion hüququ ən ağır tarixi sınaqlardan keçmiş insanlar üçün real həyata çevirir.

Böyük Qayıdış artıq Azərbaycan dövlətinin hüquqi, siyasi və mənəvi reallığına çevrilir”.

Fatimə

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh