Cərimələr artırılıb, amma sürücülər hələ də bu səhvə yol verir – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Ölkəmizdə son 10 ildə bir sıra inzibati xətalarla bağlı cərimələrin artırılmasının şahidi oluruq. Məsələn, nəqliyyat vasitəsini yolun 2-ci cərgəsində saxlamağa, avtobus zolağına girməyə və digər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr bir neçə dəfə artırılıb. Bununla yanaşı əvvəllər avtomobildən yol kənarlarına zibil və siqaret atmağa görə cərimə miqdarı daha az idi amma bu ildən etibarən artıq cərimə miqdarı artırılıb. Sürücülər isə cərimə miqdarı artırılmasına rəğmən bu səhvləri təkrarlayırlar. Avtobus zolaqlarında hərəkət etməyə görə cərimə miqdarı 100 manat və 2 bala qədər artırıldı. Hətta bununla belə aylarla yol polisi bu istiqamətdə sürücülərin maarifləndirilməsi üçün tədbirlər həyata keçirdi. Aylarla mətbuatda, eləcə də sosial şəbəkələrdə avtobus zolağına digər nəqliyyat vasitələrinin girməməsi üçün məlumatlandırma işləri görüldü. Buna baxmayaraq, hər dəfə yol polisinin keçirdiyi tədbirlər zamanı hansısa sürücünün avtomobili zolaqda rahatlıqla saxlamasının, yaxud digər zolaqlar tıxac olduğu üçün avtobus zolağına baş vuranlara hər dəfə rast gəlmək mümkün idi. Hətta sürücülər aylarla aparılan tədbirlər və xəbərdarlıqlara baxmayaraq, “zolaq olduğunu bilmirdim, nişanı görmədim” və s. kimi bəhanələr gətirməkdən də çəkinmirdilər. Bütün bu halların qarşısının alınması üçün mütəxəssislər də artıq həmin sürücülərlə bağlı ciddi tədbirlərin görülməsini tövsiyə etməyə başladılar. Bunun nəticəsində maarifləndirmə tədbirləri öz yerini profilaktik tədbirlərə verdi və avtobus zolağına girən sürücülərim cərimələnməsinə başlanılıdı. Yol polisinin xüsusi texniki vasitələri zolağa girən bütün sürücülərlə bağlı inzibati protokol tərtib etdi və bundan sonra artıq sürücülər zolağa girməyə çəkindilər. lakin bu gün 2025-ci ilin orta ayları olmasına rəğmən hələ də bəzi sürücülər cərimələrə, xəbərdarlıqlara rəğmən zolağa girməyə çəkinmir. Bu məsələ təkcə avtobus yox, velosiped zolaqlarına da aiddir. Hər dəfə velosiped zolaqlarında saxlayan, hərəkət edən avtomobil idarəçiləri ilə bağlı mediada da xəbərlər onu göstərirdi ki, sürücülər bu zolağın təkərli yüngül nəqliyyat vasitələri üçün ayrıldığını qəbul edə bilmirlər. Ötən ilin oktyabr ayında yol polisinin avtomobildən çölə siqaret və zibil atan sürücülərə qarşı təşkil etdiyi maarifləndirmə və profilaktiki tədbirlər də bu gün qismən də olsa nəticəsiz qalır. Sürücülərə bunun qadağan olunduğunu, cərimə səbəbi olduğu bildirilsə də, hələ də bəzi nəqliyyat vasitəsi idarəçilərinin qolunu yan pəncərədən çölə çıxarıb siqaret çəkə-çəkə maşın sürdüklərini hamımız görürük. Cərimə miqdarı 200 manata qədər artırılsa da, görünür, bu məbləğ bəzi sürücülərə ciddi təsir etmir.
Ot daşıyan nəqliyyat vasitələrinin yanması halları havalar isindikcə artmağa başlayır. Yay aylarında temperaturun yüksəlməsi, quru otların alışma riskini daha da artırır. Bu kimi halların qarşısını almaq üçün sürücülərin diqqətli olması vacibdir.
Ən əsası, daşıdıqları otun düzgün və sıx şəkildə bağlanması təmin edilməlidir ki, hərəkət zamanı ot parçası yola düşüb avtomobilin egzoz borusu və ya digər isti hissələri ilə təmasda yanğına səbəb olmasın. Həmçinin, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi, mühərrik hissəsinin, səsboğucu sisteminin təmiz və saz vəziyyətdə olması da vacib amillərdəndir. Avtomobildə yanğınsöndürən balonun olması və sürücülərin yanğın zamanı ilkin müdaxilə qaydalarını bilməsi də təhlükəsizliyin artırılmasında mühüm rol oynayır.
Bəs bu cür halların qarşısını almaq üçün sürücülər daha hansı tədbirləri görməlidirlər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, son dövrlər ot daşıyan traktorlarda, digər nəqliyyat vasitələrində yanğın hadisələrinin artmasının şahid oluruq:
“Xüsusən rayonlarda, rayon yollarında tez-tez rast gəlinir. Bu hadisələrin baş verməsində ilk növbədə ehtimal kimi digər nəqliyyat vasitələrinin sürücülərinin siqaret kötüyünü pəncərədən, sürətlə hərəkət edən avtomobilin pəncərəsindən yola atması göstərilə bilər.
Eyni zamanda köhnə texnikaların, mühərrikinin həddən artıq qızması, hər hansı bir temperaturun yaranması da bu yanğına səbəb ola bilər. Yağ və yanacaq damlaya bilər və siqaret kötüyü də yanğına səbəb ola bilər. Ona görə İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edildi. Nəqliyyat vasitəsindən zibil, siqaret kötüyü atılması ilə bağlı cərimə məbləği artırıldı.
Bu qədər sərt qərarlar verildi, amma təəssüf ki, bəzən sürücülər hələ də bu cür səhvlərə yol verirlər, digər insanları düşünmürlər. Söndürülməmiş siqaret kötüyünü yola atırlar ki, bu da vətəndaşlara nə qədər ziyan vurur”.
Ekspert bir çox hallarda texnikanın tamamilə yanıb külə döndüyünü və ya onun daşıdığı ot və digər yüklərin yanıb zay olmasını da qeyd edib. O vurğulayıb ki, hamı bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isə bildirib ki, Respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur:
“Qeyd olunanlar, habelə yüklərin bu şəkildə daşınmasının nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə təsiri nəticəsində yükün yola dağılması və ya avtomobilin özünün aşma ehtimalının yüksək olması nəzərə alınaraq, DİN-in Baş DYP İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, xüsusilə belə daşımaları həyata keçirən sürücülərə yük daşıma qaydalarına ciddi riayət etmələrini tövsiyə edir, həmçinin sürücülərin diqqətinə çatdırılır ki, yük daşıma qaydalarının pozulmasına görə törədilmiş hər bir əməl nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır”.
Onu da vurğulayaq ki, istər ot daşıyan nəqliyyat vasitəsinin sürücüsünün, istərsə də onun yaxınlığından keçərkən siqaret kötüyünü yola atan avtomobil idarəçilərinin məsuliyyətsiz yanaşması sonda ağır nəticələrə səbəb ola bilər. Burada təkcə sürücüyə dəymiş maddi zərərdən söhbət getmir, belə hadisələrin sonunda yaranan tüstülənmə yolda görmə şəraitinə mane ola, ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxarır.


Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Eltac Zülfüqaroğlu














