Sağlamlığı qaydasında olmayan ananın yoldakı faciəsi – Ərşad Hüseynov dəhşətli qəzanı şərh etdi - VİDEO

Qaydalar 26 Avqust 2026 19:49
Sağlamlığı qaydasında olmayan ananın yoldakı faciəsi – Ərşad Hüseynov dəhşətli qəzanı şərh etdi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bir qədər uzun alındı. Amma bəzi insanların fərqinə varmadan tez-tez etdiyi bu yanlşlıqları daha qısa şərh etmək də mümkün deyil...

21 avqustda Salyanda baş vermiş yol-nəqliyyat hadisəsinin əks olunduğu bu videodakı görüntülər təkcə bir ailənin ürək ağrıdan faciəsi deyil. O həm də yollarımızda təhlükəsiz davranış səviyyəmizin ümumiləşdirilmiş real mənzərəsidir...

Hadisəyə hüquqi qiymət vermək fikrindən uzağam. Təqsirsizlik prezumpsiyası var, həm də kimisə ittiham edəcək prokuror və ya kimisə müdafiə edəcək vəkil də deyiləm...

Lakin bu hadisə o qədər tipikdir ki, “Keçmiş olsun” deyərək keçmək mümkün deyil...

Diqqətlə baxın. Sağlamlığının qaydasında olmadığı görünən bəxtsiz ana yaxınlaşan avtomobilin təhlükəli olduğunu dərk edir, yolu keçmək fikrindən daşınır, hətta bir az kənara da çəklilir. Amma gəncliyinə güvənən oğul yolu keçmək fikrindən dönmür. Sonda qaçmağa çalışsa da, yolun əks tərəfinə çata bilmir, faciə baş verir. Allah rəhmət eləsin...

Bu məqam piyada olaraq yolda etdiyimiz ən kobud səhvdir. Yolu piyada keçmək istəyərkən çox bəsit bir qaydaya əməl etmək lazımdır: yaxınlaşan avtomobillə məsafə və onun sürəti təhlükəlidirsə, heç vaxt onun qarşısına çıxmaq olmaz. Belə halda heç vaxt sürücüyə güvənmək olmaz. Sürücünün dayandığına və dayana biləcəyinə əmin olmamış yola çıxamaq həyati risqdir, çünki onun sonrakı hərəkətlərini heç vaxt proqnozlaşdırmaq mümkün deyil. Heç buna vaxt da yoxdur: söhbət həyatla ölüm arasındakı 1-2 saniyədən gedir.

Sürücünün davranışı da çox tipikdir. Minlərlə dəfə gördüyümüz, əksər hallarda faciəyə gətirən kobud bir yanlışlıq baş verir.

Piyadanın vurulması qarşılıqlı hərəkət olan 2 zolaqlı yolun sol tərəfində, yəni əks istiqamətdə zolaqda baş verir. Bu nə deməkdir? Ortastatistik Azərbaycan sürücüsünün etdiyi kobud bir səhv deməkdir bu: maneəni görəndə qaçırmaq.

Hörmətli sürücülər, bu lənətə gəlmiş “qaçırmaq” vərdişi”ndən uzaq durun. Bu səhvdir, hərəkət edən maneəyə (yəni hərəkətdə olan piyadaya, nəqliyyat vasitəsinə, heyvana və s.) münasibətdə isə çox təhlükəli bir səhvdir. Axı qaydalar maneə ilə rastlaşan sürücüdən bircə şeyi hər bir halda tələb edir: maneəni gördükdə sürəti azalt, lazımdırsa tam dayanmaya qədər azalt. Vəssalam.

Deyə bilərsiniz ki, bəs məşhur “sığın testi” nə üçündür? Bu test anidən, yəni gözlənilməz yerdə və qısa məsafədə qəflətən peyda olan (kolların arasından yola qaçaraq çıxan sığın kimi) manedən yayınmaq üçün bir testdir. Burada elə bir şəraitdən söhbət gedir ki, sürücü ayağını tormoz pedalına qoyaraq onu sıxana qədər artıq maneə vurula bilər. Həm də real həyatda “sığın testi” şəraitinə düşən sürücü də əyləclə sükanı eyni vaxtda işə salmalıdır. Müasir avtomobillərin “ABS” əyləc sistemi məhz bunun üçün icad edilib. Avtomobilin əyləc pedalını tam sıxaraq da sükanla manevr etmək olur. Amma bunun üçün təlim keçmək, real məşqlər lazımdır.

Yolda hərəkətli maneə, o cümlədən yolu keçməkdə olan piyada olduqda niyə avtomobili qaçırmaq olmaz? Bunun çox aydın izahı var.

1. Maneədən qaçmaq istəyən sürücü, xüsusən də bizim yollarımızda olanların mütləq əksəriyyəti kimi heç bir təlim görməmiş sürücü instinktiv olaraq sürəti artırır. O çalışır ki, toqquşa biləcəyi maneənin yanından daha tez keçsin. Faciəvi səhv də elə budur: toqquşma bir az daha yüksək sürətdə olur, nəticə də, təbii ki, daha ağır olur.

2. Bunu sadə statistika və riyaziyyat təsdiqləyir. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı araşdırmalar göstərir ki, hərəkətli maneə ilə toqquşmadan yayınma şansı orta hesabla 50 % olur, yəni 50 % hallarda qaçırma uğursuz olur (bu videodakı kimi). Hələ bunun o biri üzü də var. Hərəkətli maneə ilə toqquşmadan qaçmağın uğurlu olduğu halların 50 %-ində başqa bir qəza, bəzən hətta qaçmaq istədiyinizdən də ağır qəza baş verir. Piyadanı vurmaqdan qaçmaq istəyən avtomobilin yanaşı zolaqdakı və ya qarşıdan gələn avtomobillə toqquşmasını, yol infrastrukturu elementlərinə (ayırıcı zolağa, qoruyucu səddə, işıq dirəyinə və s.) çırpılmasını, yoldan kənara çıxaraq dayanmış avtomobilə və ya başqa nəyəsə (ağaca, divara və s.) dəyməsini, sərt manevr səbəbindən aşmasını dəfələrlə görmüsünüz. İlk maneədən “uğurlu” qaçırmanın 50 % uğursuz sonluğu məhz belə hadisələrdir. Axı hamı “sığır testini” bacarmır və ya hər avtomobil bu testdən çıxa bilmir, yaxud bu test sadəcə hər sürətdə mümkün deyil: fizika qanunları pozulmur. Beləlkilə, statistika və riyaziyyat deyir ki, hərəkətli manedən qaçırmada uğurlu nəticə ehtimalı cəmi 25 %-dir.

3. Həyatını risqə ataraq və kobud qayda pozaraq yaxınlaşan avtomobilin qarşısından keçmək istəyən piyada ona yaxınlaşan avtomobili gəldiyi zolaqda gözləyir. Piyada avtomobilin onun üstünə düz gələcəyini gözləyir, onun qabağından həmin zolaqda keçməyi hesablayaraq risq edir. Sürücü qaçırmağa başladıqda piyadanın düşündüyü və proqnozlaşdırdığı sxem dağılır. Belə olduqda piyadanın bioloji olaraq özünü qoruma instinkti önə çıxır. Həmin instinkt isə piyada hərəkət edən insana həm “Qaç!”, həm “Dayan!, həm də “Geri qayıt!” komandasını, bəzən hətta eyni vaxta bunların hər üçünü verə bilər. Saniyələr, bəzən millisaniyələr müddətində baş verən bu proses yolda xaotik və proqnozlaşdırılmayan davranış deməkdir. Dəfələrlə gördüyünüz belə mənzərini mənim yazdıqlarımı düşünərək göz önünə gətirsəniz, hər şey aydın olacaq. Belə situasiyaya düşən insanın qəribə davranışının səbəbi məhz budur. Özü də bu xaos təhlükənin daha yaxınında baş verir. Bundan sonra sükan arxasındakı insanın da beyninin əməliyyat gücü yeni qərar verməyə çatdırmır, bəzən o da artıq stress vəziyyətində, instinktiv davranışa keçir. Nəticə isə faciəli olur.

Bu hadisədə də məhz belə oldu: gənc piyadanın ”3-4 addımdır, keçərəm” düşüncəsi ilə sürücünün  “o boyda yoldur, qaçırdıb keçərəm” düşüncəsi üst-üstə düşmədi...

Əziz dostlar, bir daha xahiz edirəm: Bu “qaçırtmaq vərdişi”nizdən uzaq durun. Maneə gördükdə əvvəlcə sürəti azaldın (şəraitə uyğun tormozlama edin), çünki qaydalar da bunu belə istəyir. Labüd qaçırma olan hallarda isə bunu əyləclə birlikdə etməyi öyrənin. Belə olduqda ən azından bir qədər aşağı sürətlə toqquşmuş (piyadaya toxunmuş) olacaqsınız. Bunun nəticəsi isə daha yüngül olacaq.

Piyada hərəkət edərkən isə, heç vaxt risqli məsafədə olan avtomobilin qarşısına çıxmayın, onun sükanı arxasındakına güvənməyin. Qaydalar başlıca olaraq özünüzü qorumaq, öz təhlükəsizliyinizi təmin etmək üçündür.

Ərşad Hüseynov

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh