Banner

Azərbaycan xalqı yeni ilə necə girdi: nələr qazanıldı, nələr itirildi? – EKSPERT RƏYİ

Sosial 6 Yanvar 2026 12:30 Oxunub 404
Azərbaycan xalqı yeni ilə necə girdi: nələr qazanıldı, nələr itirildi? – EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeni ilin gəlişi cəmiyyət üçün yeni ümidlər, planlar və gözləntilərlə müşayiət olunur. İnsanlar geridə qalan ilin yekunlarını dəyərləndirir, qarşıdakı ildən isə daha sabit və firavan həyat gözləyirlər. Lakin bu dəfə Azərbaycan cəmiyyəti yeni ilə yalnız bayram əhval-ruhiyyəsi ilə deyil, eyni zamanda iqtisadi çətinliklər, artan qiymətlər və sosial narahatlıqlar fonunda qədəm qoyub. Yeni il ərəfəsində bazarlarda və xidmət sahələrində müşahidə olunan qiymət artımları xüsusilə diqqət çəkib. Ərzaq məhsulları, nəqliyyat, əyləncə və xidmət sektorunda bahalaşma ailə büdcələrinə ciddi təsir göstərib. Bayram süfrəsi açmaq, hədiyyə almaq və ailəvi istirahət planları bir çoxları üçün əlavə maliyyə yükünə çevrilib. Bu fonda əhalinin gündəlik xərclərində kommunal və nəqliyyat xərclərinin payının necə dəyişməsi, bayram dövründə bu xərclərin büdcəyə təsiri daha çox müzakirə olunan mövzulardan olub.

Digər tərəfdən, bayram xərclərinin ümumi inflyasiya göstəricilərinə real təsir edib-etməməsi də aktual suallardandır. Bütün bunların fonunda kimlər nələr qazandı, kimlər isə nələri itirdi? İqtisadi reallıqlar, sosial davranışlar və psixoloji durum bir-biri ilə necə uzlaşdı?

Bununla bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a bildirib ki, bayramların özlərinin də qiymət artımına müəyyən təsirləri var. Təbii ki, istehlak artır, tələbat yüksəlir və tələbat artan kimi qiymətlərin də qalxdığını müşahidə edirik:
“Azərbaycanda ümumilikdə inflyasiyanın, qiymət artımının təməl, fundamental, obyektiv və subyektiv səbəbləri var. Yəni səbəblər çoxşaxəlidir. Real və əsas səbəblərdən biri odur ki, Azərbaycanda yerli istehsal zəifdir və biz idxaldan çox asılıyıq. Bəzi məhsul növləri üzrə isə ümumiyyətlə 10% asılılıq mövcuddur. Ərzaq məhsulları sahəsində, insanların daha çox maraq göstərdiyi istiqamətdə, təxminən 74–75% xaricdən asılılıq var. Buna görə də əsas problemlərdən biri məhz bu idxaldan asılılıqdır ki, bu da inflyasiyanı yaradan başlıca səbəblərdən hesab olunur. Digər səbəblərdən biri dövlətin tənzimlədiyi qiymətlərlə bağlıdır və bunun da müəyyən təsirləri mövcuddur. Məsələn, yanvarın 1-dən dizel yanacağında 10% artımın olması daşıma xərclərinə, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalına təsir göstərir. Nəticədə məhsulların maya dəyəri artır və bu da istər-istəməz inflyasiyanı gücləndirən amilə çevrilir”.

Məsələnin sosial və psixoloji tərəfi də az əhəmiyyət kəsb etmir. Sosial şəbəkələrdə yayılan bayram görüntüləri, bahalı şənliklər və “ideal həyat” təqdimatları bir çox insanlarda müqayisə hissini gücləndirdi. Bu isə xüsusilə maddi imkanları məhdud olan ailələr üçün psixoloji gərginlik, özünə inamın azalması və emosional narahatlıq yaratdı. Bayram günlərində maddi sıxıntıların psixoloji yükü artırması, bahalaşmanın insanların emosional vəziyyətinə təsiri cəmiyyətin geniş təbəqələrində hiss olundu.

Psixoloq Aygül Məlikova deyib ki, bu il yeni ilə daxil olarkən cəmiyyətimizdə ümumilikdə ikili emosional fon müşahidə olunurdu. Bir tərəfdən insanlar üçün Yeni il ümid, yenilənmə, “bəlkə bu il hər şey daha yaxşı olar” hissini daşıyırdı. Digər tərəfdən isə sosial-iqtisadi çətinliklər, qeyri-müəyyən gələcək qorxusu və yığılıb qalmış psixoloji yorğunluq fonunda daxili gərginlik hiss olunurdu:
“Bir çox insan Yeni ili sevinclə deyil, daha çox məsuliyyət və məcburiyyət hissi ilə qarşılayırdı. “Bayramı necə qeyd etməliyəm?”, “başqalarından geri qalmamalıyam” kimi düşüncələr daxili rahatlığı azaldırdı. Bu da bayrama psixoloji istirahət yox, emosional sınaq kimi baxmağımıza səbəb olurdu. Sosial şəbəkələrdə paylaşılan parlaq süfrələr, bahalı hədiyyələr, lüks məkanlar və marka məhsullar insanların böyük hissəsində müqayisə və çatışmazlıq hissini gücləndirir. İnsan şüuru reallıqla filtrdən keçmiş görüntünü ayırd edə bilmədikdə, bu paylaşımlar “mən yetərli deyiləm”, “mən bacarmıram” kimi daxili dialoqlara səbəb olur. Xüsusilə emosional həssaslığı olan insanlarda özünə inamın azalması, öz həyatının dəyərsizləşdirilməsi, gizli utanc və narazılıq hissləri müşahidə olunur. Unutmamalıyıq ki, sosial şəbəkə real həyatın vitrini deyil, seçilmiş və redaktə olunmuş anların nümayişidir. İnsan bunu unutduqda isə psixoloji yük qaçılmaz olur. Bayram günlərində maddi gərginliyin psixoloji yükü artırıb-artırmaması ilə bağlı sual verilsə, cavab qəti şəkildə bəlidir. Çünki bahalaşma fonunda insanlarda təzyiq altında sevinmək vəziyyəti yaranır. Maddi imkanlarla sosial gözləntilər arasındakı uçurum psixikada güclü stress yaradır. Üstəlik, tədbirlər və korporativlər olduqda bu gərginlik daha da artır”.

Sosioloq Yusif Nəbiyevin sözlərinə görə, sosial bərabərsizlik yeni ildə daha aydın görünən olur. Qəribə də olsa, bayram artıq hamını birləşdirən yox, tam tərsinə, gəlir səviyyəsinə görə insanları ayıran, onları “kim daha xoşbəxt görünə bildi” yarışının atlarına çevirən bir perioda dönüb:
“Cəmiyyətin Yeni ilə daxil olması vahid bir ovqatla müşahidə oluna bilməz. Cəmiyyətin fərqli sosial siniflərinin fərqli psixoloji vəziyyət və ovqatda olmasını dana bilmərik. Kimlər üçünsə Yeni il sosial şəbəkələrdə reklam olunacaq bir süni şənlikdir, kimlər üçünsə bahalı səyahət və alış-veriş bəhanəsi, kimlər üçünsə ciddi maddi sıxıntı gərginlik səbəbidir. Amma işin maraqlı və acı tərəfi budur ki, imkanı zəif olan insanlar arasında belə hansısa formada bayram ovqatı formalaşa bilir. İnsanlar bəzən real rifahdan daha çox, paylaşım ritulları ilə bir-birini sakitləşdirməyə, əyləndirməyə çalışırlar. Bəlkə də bu da kasıb təbəqənin həyatda qala bilməsi üçün qazandığı bir özəllikdir. Amma nəzərə alanda ki, bayramın özü də artıq sevinc və şadyanalıqdan daha çox müqayisə və yarış predmetinə çevrilib, insanların yeni il stolunu nə qədərə bəzəyə bildiyi, necə daha maraqlı şəkillər çəkib paylaşa bildiyi üzərində yarışma gedir, bu halda cəmiyyət üzvlərinin fərqli emosional notlar altında davrandıqlarını daha aydın anlamaq olur. Yeni ildə insanların davranışlarında da bu ziddiyyət və xaos açıq görünür. Bəziləri xərcləri kəskin azaltmaqla “təvazökar bayram” modeli seçir, digərləri isə borc bahasına da olsa, əvvəlki səviyyəni qorumağa çalışır. İnsanlar maddi imkanları azalsa belə, ətraflarına verdikləri sosial status görüntüsünü itirməmək üçün ciddi səy göstərirlər”.
 

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh