Maaş və pensiyalarla bağlı müjdə – Çoxdan gözlənilirdi, tarix bilindi

Azərbaycan Mərkəzi Bankı (AMB) maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır. Bunu AMB-nin sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.
Bunlar nədən ibarət olacaq? Banklar maaş və pensiyalardan komissiya tutacaqmı? Yeni mexanizm vətəndaşa necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, AMB-nin əsas məqsədi maaş və pensiya kartları bazarında rəqabəti artırmaq, eyni zamanda vətəndaşlara bank seçimi hüququ verməkdir:
“Hazırda Azərbaycanda bir çox dövlət qurumu və özəl şirkət əməkhaqqını yalnız müqavilə bağladıqları bank vasitəsilə ödəyir. Yeni yanaşmaya əsasən vətəndaşlar maaşını və ya pensiyasını istədiyi bank hesabına köçürə biləcək. Sonrakı mərhələdə bu mexanizmin pensiya ödənişlərinə də tam şəkildə şamil edilməsi nəzərdə tutulur. Əslində sədrin dedikləri yeni ideya deyil. AMB bu istiqamətdə hazırlıqların aparıldığını bir müddət əvvəl ekspertlərlə keçirilən görüşdə də bildirib. Həmin müzakirələrdə maaş və pensiya layihələri bazarında rəqabətin gücləndirilməsi, vətəndaşların bank seçimi imkanlarının genişləndirilməsi, bank xidmətlərinin keyfiyyətinin artırılması əsas prioritetlərdən biri kimi təqdim olunub. T.Kazımovun son açıqlaması isə artıq bu təşəbbüsün praktik icra mərhələsinə keçdiyini göstərir”.
İqtisadçı bildirib ki, T.Kazımovun sədr vəzifəsinə təyinatından sonra maliyyə sektorunda mühüm institusional islahatlar həyata keçirilir:
“Maaş və pensiya kartları bazarında planlaşdırılan yeni mexanizm də məhz bu islahatların davamıdır. Planlaşdırılan modelin əsas mahiyyəti vətəndaşın bank seçmək hüququnun təmin edilməsidir. Yeni sistemdə işəgötürən yaxud dövlət qurumu əməkhaqqını və ya pensiyanı artıq özünün müqavilə bağladığı banka deyil, vətəndaşın seçdiyi bank hesabına köçürəcək. Eyni zamanda, bankın dəyişdirilməsi prosedurları sadələşdiriləcək, elektron inteqrasiya hesabına əlavə bürokratik maneələr aradan qaldırılacaq. Bu isə bankları maaş və pensiya müştərilərini cəlb etmək üçün daha sərfəli kredit məhsulları, daha yüksək xidmət keyfiyyəti, rəqəmsal həllər, əlavə üstünlüklər təqdim etməyə sövq edəcək. Bu açıqlamalardan maaş və ya pensiyalardan yeni komissiyaların tutulacağı barədə nəticə çıxarmaq doğru olmaz. Əksinə, belə bir addım islahatın əsas məqsədi olan rəqabətin gücləndirilməsi ilə ziddiyyət təşkil edərdi. Dünya təcrübəsində maaş və pensiya müştəriləri banklar üçün ən sabit, dəyərli müştəri seqmentlərindən hesab olunur. Buna görə banklar bu kateqoriyaya aid müştərilər üçün kart xidmətlərini əksər hallarda ödənişsiz təqdim edir, bankdaxili köçürmələrə komissiya tətbiq etmir, güzəştli istehlak və ipoteka kreditləri təklif edir, müxtəlif keşbek, loyallıq proqramları həyata keçirirlər”.
Ekspert qeyd edib ki, yeni sistem vətəndaşlar üçün bir sıra üstünlüklər yaradacaq:
“İlk növbədə insanlar istədikləri bankı seçə biləcəklər. Daha rahat mobil tətbiq, daha aşağı kredit faizləri, daha yüksək depozit gəlirləri və ya daha keyfiyyətli xidmət təqdim edən banklara keçmək mümkün olacaq. Dünya praktikası göstərir ki, son 15-20 ildə bir çox ölkə əməkhaqqı və pensiya ödənişlərində bankların inhisarını aradan qaldırmağa çalışıb. Avropa İttifaqında (Aİ) işçi əməkhaqqını hansı bankda alacağına özü qərar verir və işəgötürən yalnız işçinin təqdim etdiyi IBAN hesabına vəsaiti köçürür. Böyük Britaniyada fəaliyyət göstərən “Current Account Switch Service” (CASS) sistemi sayəsində bank dəyişdirilməsi cəmi bir neçə iş günü ərzində həyata keçirilir. ABŞ-da əməkhaqqı “Direct Deposit” sistemi ilə işçinin seçdiyi hesaba köçürülür. Kanada və Avstraliyada da analoji model tətbiq olunur. Almaniya və Fransada pensiyaçılar istədikləri bankı seçə bilirlər. Türkiyədə isə banklar pensiya müştərilərini cəlb etmək üçün birdəfəlik promosyon ödənişləri, güzəştli kreditlər və digər üstünlüklər təqdim edərək ciddi rəqabət aparırlar”.
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı
Hər gedib-gəldikcə böyrək daşım silkələnir - Müğənni üsyan etdi - VİDEO










