Banner

Şirkətlərin vakansiya namizədləri arasında ayrı-seçkiliyi niyə artır? – EKSPERTLƏR AÇIQLADI

Sosial 15 Dekabr 2025 18:27 Oxunub 134
Şirkətlərin vakansiya namizədləri arasında ayrı-seçkiliyi niyə artır? – EKSPERTLƏR AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müasir dövrdə bərabərlik və inklüzivlik anlayışları tez-tez dilə gətirilsə də əmək bazarında bu prinsiplər çox zaman kağız üzərində qalır. İş vakansiyalarında açıq şəkildə “yalnız qadın satıcı”, “yalnız kişi işçi”, “gülərüz, baxımlı, boyu hündür, çəkisi az” kimi tələblərin yazılması gender bərabərliyinin hələ də ciddi şəkildə pozulduğunu göstərir. Bu elanlar təkcə peşəkar bacarıqları deyil, insanın cinsini və bədənini əsas meyar kimi önə çıxarır.

Əmək bazarında işçi seçimi bacarıq, təhsil və təcrübə üzərindən aparılmalı olduğu halda, bir çox hallarda qadınlar xarici görünüşə, kişilər isə fiziki gücə görə dəyərləndirilir. Qadınlardan “gözə xoş görünmək”, “gülərüz olmaq”, “baxımlı və incə bədən quruluşuna sahib olmaq” tələb olunur. Bu yanaşma qadını peşəkar şəxsiyyət kimi deyil, vizual obyekt kimi təqdim edir. Kişilərə yönəlik “yalnız kişi işçi” tələbi isə cəmiyyətdə güc, ağır iş və məsuliyyətin yalnız kişiyə aid olduğu stereotipini möhkəmləndirir.

Avtosfer.az xəbər verir ki, insanın xarici görünüşündən sui-istifadə xüsusilə qadınlar üçün sistemli bir problemə çevrilib. Vakansiyalarda yazılan fiziki tələblər bir çox insanı əvvəlcədən əmək bazarından kənarlaşdırır. Boyu, çəkisi, yaşı və görünüşü “standarta uyğun olmayan” şəxslər peşəkar bacarıqlarına baxılmadan avtomatik şəkildə kənarda qalır. Bu isə özünə inamın azalmasına, psixoloji təzyiqə və sosial bərabərsizliyin dərinləşməsinə səbəb olur.

Daha təhlükəli məqam isə bu cür elanların cəmiyyət tərəfindən normallaşdırılmasıdır. Bir çox işaxtaran bu tələbləri sual altına almır, çünki illərdir formalaşmış stereotiplər artıq adi hal kimi qəbul olunur. Halbuki bu, açıq diskriminasiyadır və insan ləyaqətinə ziddir. İnsan bədəni işə qəbul prosesində alətə çevrilməməli, dəyər ölçüsü olmamalıdır.
Bu problemlər yalnız işəgötürənlərin məsuliyyətsizliyindən deyil, həm də nəzarət mexanizmlərinin zəifliyindən qaynaqlanır. Gender və görünüş əsasında qoyulan tələblər qanunvericiliyə və etik normalara zidd olsa da, əksər hallarda cəzasız qalır. Nəticədə əmək bazarında bərabər imkanlardan danışmaq formal xarakter daşıyır.

Nəticə olaraq, iş vakansiyalarında gender bərabərliyinin pozulması və insanın xarici görünüşündən sui-istifadə cəmiyyətin sosial inkişafına ciddi maneədir. Əgər insan yalnız bacarığına görə deyil, bədəninə və cinsinə görə qiymətləndirilirsə, bu artıq müasir əmək bazarı deyil, köhnəlmiş və ədalətsiz bir sistemdir. Bu yanaşma dəyişmədikcə, bərabərlik yalnız söz olaraq qalacaq.

Məsələ ilə bağlı İnsan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva Avtosfer.az-a açıqlamsında bildirib ki, Beynəlxalq İnsan Resursları etikası və bərabər imkanlar yanaşmasına görə vakansiya elanlarında genderin məhdudlaşdırılması ümumiyyətlə etik və peşəkar hesab edilmir. İşə qəbul prosesi namizədin cinsinə deyil, onun kompetensiyalarına, bacarıqlarına və işə uyğunluğuna əsaslanmalıdır:
“Azərbaycan kontekstində də əmək münasibətlərinin əsas fəlsəfəsi ayrı-seçkiliyin aradan qaldırılması üzərində qurulub. Bu yanaşma hüquqi müstəvidə də təsbit olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində şəxslərin cinsinə, irqi mənsubiyyətinə, milliyyətinə, dilinə, ailə vəziyyətinə, sosial mənşəyinə və digər qeyri-peşəkar meyarlara görə fərqləndirilməsini qadağan edir. Gender burada birbaşa ayrı-seçkilik əlaməti kimi qiymətləndirilir. Bu o deməkdir ki, vakansiya elanlarında genderə istinad yalnız işin mahiyyətindən obyektiv və qaçılmaz şəkildə irəli gəldiyi istisna hallarda mümkündür. Lakin bu istisnalar olduqca məhduddur və ciddi hüquqi və peşəkar əsaslandırma tələb edir”.

Vəfa Mehdiyeva iş elanlarının yazılma qaydasında diqqətli olmalı məqamları xatırladıb:
“İlk olaraq, elanda aydın və bazarda tanınan vəzifə adı istifadə edilməlidir. Şirkət haqqında qısa giriş hissəsində işəgötürənin missiyası, dəyərləri və iş mühiti təqdim olunaraq employer brendinq gücləndirilməlidir. Vəzifə öhdəlikləri konkret və strukturlaşdırılmış şəkildə göstərilməli, real gündəlik funksiyaları əhatə etməlidir. Tələblər bölməsində minimum və üstünlük verən bacarıqlar ayrılmalı, əsassız şəkildə yüksək təcrübə və ya bacarıq tələbləri irəli sürülməməlidir.  Azərbaycan qanunvericiliyinə əsasən, xüsusilə Əmək Məcəlləsinin 16-cı və 17-ci maddələrinə uyğun olaraq iş elanlarında diskriminasiyaedici tələblərə yol verilməməlidir. Yəni cinsiyyət, yaş, irq, milliyyət, din, ailə vəziyyəti, fiziki məhdudiyyət və digər şəxsi xüsusiyyətlərlə bağlı məhdudlaşdırıcı ifadələrdən istifadə qadağandır. Buna görə də elanlarda inklüziv və neytral dil istifadə olunmalıdır. Müraciət prosesi sadə və aydın izah edilməli, namizədlərin şəxsi məlumatlarının “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq qorunacağı qeyd oluna bilər”.

Mütəxəssis “boyu hündür”, “çəkisi az”, “baxımlı” kimi subyektiv anlayışlara aydınlıq gətirib:
““Gülərüz, baxımlı, boyu hündür, çəkisi az” kimi tələblər peşəkar seçim meyarı hesab edilmir. Namizədin fiziki xüsusiyyətləri, görünüşü və ya bədən ölçüləri yalnız o halda qeyd edilə bilər ki, bu tələblər işin mahiyyəti ilə birbaşa və obyektiv şəkildə bağlı olsun. Azərbaycan qanunvericiliyinə əsasən, Əmək Məcəlləsinin 16-cı və 17-ci maddələri əmək münasibətlərində bərabər imkanlar prinsipini təsbit edir və cinsiyyət, yaş, fiziki xüsusiyyətlər, ailə vəziyyəti və digər şəxsi göstəricilərə görə ayrı-seçkiliyi qadağan edir. “Boyu hündür”, “çəkisi az” kimi ifadələr dolayısı ilə diskriminasiya yaradır və hüquqi risk daşıyır. Eyni zamanda, “baxımlı” kimi subyektiv anlayışlar ölçülə bilən və obyektiv seçim meyarı deyil”.

Sözsüz ki, sadalanan məsələlər sosioloji problemlərin yaranmasına gətirib çıxara bilir. Bununla bağlı sosioloq Elçin Bayramlı bildirib ki, sözügedən məsələ ciddi sosial-psixoloji tendensiyadır və insanların meyarlarını dəyişdirir, işə də zərər vurur. Həm fərdlərin özünə, həm də işə götürənlərin fəaliyyətinə:
“Çox təəssüf ki, son dövrlərdə vakansiyalarda iş elanlarında belə bir hallara rast gəlinir: 90% hallarda qadın-qız işçi tələb olunur və bəzi fiziki parametrlər qeyd edilir. Bu, ümumiyyətlə qəbul olunmaz bir haldır. Cəmiyyətdə sosial diskriminasiya yaradır. İşçilərin peşə bacarıqları, bilik və istedadları deyil, hansısa fiziki göstəriciləri, gözəlliyi önə çəkilir. Bu isə insanlarda əsas kriteriyaların bunlar olduğu qənaətini formalaşdırır. Yəni insanlar peşə və bacarıqlarını artırmaq əvəzinə, xüsusən qadınlar və qızlar, çalışırlar ki, özlərini estetik baxımdan gözəlləşdirsinlər, müəyyən standartlara uyğunlaşsınlar – çəki, forma, geyim baxımından. Yalnız buna üstünlük verilir. Bu isə həm insanların özlərinə problem yaradır, çünki onlar intellektlərini, istedadlarını, bacarıqlarını artırmalı olurlar. Halbuki əksinə, görürlər ki, həssas kriteriyalar bunlar deyil. Eyni zamanda, işə götürənlər üçün də bu ciddi problemdir. Hər hansı bir müəssisənin, şirkətin və ya idarənin effektiv işləməsi üçün ona peşəkar, bacarıqlı mütəxəssislər lazımdır. Onların yaş, cins və sosial təbəqəsi, gözəllik parametrləri işə qəbulda rol oynamamalıdır. Əsas olan işi bacaran, müəssisəyə fayda verə bilən, vicdanlı, məsuliyyətli və düzgün işləmək qabiliyyətinə malik insanlara üstünlük verməkdir. Təəssüf ki, bizdə artıq bu parametrlər arxa plana atılır”.

Sosioloq iş elanlarının tənzimlənməsi üçün bir neçə addımların atılmalı olduğunu bildirib:
“Çox vaxt elanların arxasında qadınların əxlaqsızlığa cəlb edilməsi kimi müxtəlif məqsədlər də ola bilər, bu da mediada və sosial şəbəkələrdə görünür. Bu halların qarşısını almaq vacibdir. Ümumiyyətlə, işçi bazarında vahid standartlar müəyyən edilməlidir. Yaxşı olar ki, bir platforma yaradılıb, bütün elanlar standartlara uyğun kateqoriyalar üzrə yerləşdirilsin. İşə götürənlər tələblərini əvvəlcə bu bölmələrdə doldurmalı, yalnız işə aid parametrləri qeyd etməlidirlər. Başqa parametrlərin yerləşdirilməsinə imkan verilməməlidir. Çünki bacarıqlı, məsuliyyətli, vicdanlı və düzgün işləyən insanlar kənarda qalır, əksinə heç bir iş bacarığı olmayan insanlar işə götürülür. Hətta bəzi elanlarda 35 yaşa qədər qadın tələb olunur. Bu, əsassızdır, çünki məsələn, 38 yaşında bir şəxs 20 yaşındakından daha bacarıqlı, təcrübəli və məsuliyyətlidirsə, onu kənarda qoymaq düzgün deyil”.
Nurcan Babək

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh