Tbilisi-Bakı qatarına bilet tapmaq nə dərəcədə rahatdır? - Araşdırma

Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunduqdan sonra xüsusilə Gürcüstandan Azərbaycana istiqamətində biletlərə yüksək tələbat müşahidə edilir. İlk dövrlərdə sərnişinlər bilet tapmaqda çətinlik çəkdiklərini, satışa çıxarılan biletlərin qısa müddətdə tükəndiyini bildirirdilər. Hətta yaranmış vəziyyətdən istifadə edərək biletləri daha baha qiymətə təklif edən vasitəçilərin və saxta bilet satışı hallarının olduğu da bildirilirdi.
Avtosfer.az xəbər verir ki, report bu marşrut üzrə hazırkı vəziyyətlə bağlı araşdırma aparıb.
115 minə yaxın sərnişin daşınıb, doluluq 100 %-dir
Hazırda marşrut üzrə bilet əldə etmək imkanları genişlənib. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) internet saytı və mobil tətbiqi vasitəsilə Gürcüstandan Azərbaycana istiqamətində bilet almaq mümkündür. Məsələn, hazırda sistemdə dekabrın 4-dən 18-nə qədər olan tarixlər üzrə 53,37 manatdan başlayan qiymətlərlə biletlər təklif olunur.
Yeri gəlmişkən, ADY-dən verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat hazırda da müşahidə edilir: "İndiyədək bu marşrutla 115 minə yaxın sərnişin daşınıb, qatarların doluluq səviyyəsi isə 100 % təşkil edir".
Qurumdan bildirilib ki, noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslərin sayının 2-dən 4-ə çatdırılması nəticəsində sərnişin tələbatının kifayət qədər qarşılanmasına imkan yaranıb.
Beləliklə, əvvəlki dövrlə müqayisədə sərnişinlərin səfər planlaşdırmaq və bilet əldə etmək imkanları genişlənib. Bununla belə, qatarların doluluq səviyyəsinin yüksək qalması bu nəqliyyat əlaqəsinə marağın davam etdiyini göstərir.
Əlverişli və rahat nəqliyyat növü
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə "Report"a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi, turizm, qohumluq və ailə əlaqələri kifayət qədər güclüdür.
Onun sözlərinə görə, Gürcüstanda çoxsaylı azərbaycanlının yaşaması da iki ölkə arasında sərnişin hərəkətinə tələbatı artıran amillərdəndir:
"Gürcüstanda çox sayda soydaşımız yaşayır. Bu baxımdan dəmir yolu hazırda həmin marşrutla hərəkət edən insanlar üçün əlverişli və rahat nəqliyyat növüdür. Bakı-Tbilisi-Bakı xəttinə yüksək tələbatın olması da iki ölkə arasında əlaqələrin inkişafının göstəricisidir".
E.Cəfərov hesab edir ki, bu yaxınlarda reyslərin sayının artırılması vaxtında atılmış addımdır. O bildirib ki, əlavə reyslər sərnişinlərə daha geniş seçim imkanı yaratmaqla yanaşı, bilet əldə etmək imkanlarını da yaxşılaşdırır:

"Reyslərin sayının artırılması sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağa şərait yaradır. Eyni zamanda, gündüz səfərlərinin təşkil olunması sərnişinlər üçün əlavə rahatlıqdır. Düşünürəm ki, bu qərar sərnişin tələbatının ödənilməsinə müsbət təsir göstərəcək".
Bu məqamda qeyd edək ki, marşrut üzrə reyslərin artırılması təkcə sərnişinlərin səfər imkanlarının genişləndirilməsi baxımından deyil, həm də mövcud tələbatın daha səmərəli qarşılanması baxımından əhəmiyyətlidir. Çünki əvvəlki dövrdə biletlərin qısa müddətdə tükənməsi sərnişinlərin səfər tarixini seçmək imkanlarını məhdudlaşdırırdı. İndi isə reyslərin sayının artırılması bu çətinliyin aradan qaldırılmasına və bilet satışında daha əlverişli şəraitin formalaşmasına yardım göstərir.
Bilet təklifinin artması süni qıtlıq riskini azaldır
Ekspertin fikrincə, qatarların yüksək doluluq səviyyəsi Bakı-Tbilisi-Bakı marşrutunun populyarlığını və əlavə daşınma imkanlarına ehtiyac olduğunu göstərir. Onun sözlərinə görə, dəmir yolu nəqliyyatına marağın artması, ilk növbədə, bu nəqliyyat növünün təhlükəsizliyi və komfortu ilə əlaqədardır:
"Yüksək doluluq səviyyəsi əslində bu marşrutun nə qədər populyar olduğunu və əlavə daşınma imkanlarına ehtiyac yarandığını göstərir. Bu, dəmir yolu nəqliyyatına olan inamın göstəricisidir. Sərnişinlər üçün daha təhlükəsiz və komfortlu nəqliyyat növü olması da burada mühüm amildir. Gələcəkdə tələbat nəzərə alınaraq vaqonların və reyslərin sayının artırılması mümkün ola bilər. Sadəcə, bunun üçün Gürcüstan tərəfinin də əlavə qatarları qəbul etmək imkanları olmalıdır. Azərbaycan tərəfindən belə çətinliklərin olacağını düşünmürəm. Əsas məsələ Gürcüstanın müvafiq imkanları təmin etməsidir".
Marşrutun bərpasından sonrakı ilk aylarda xüsusilə Tbilisi-Bakı istiqamətində biletlərin tez tükənməsi bəzi hallarda sərnişinlərin narazılığına səbəb olurdu. Rəsmi satış kanallarında bilet əldə edə bilməyən şəxslər alternativ yollar axtarmağa məcbur qalır, yaranmış vəziyyətdən isə bəzi vasitəçilər istifadə etməyə çalışırdılar. Nəticədə rəsmi satış qiymətindən daha baha bilet təklifləri, eləcə də saxta bilet satışı halları gündəmə gəlirdi.

Bu baxımdan reyslərin artırılması ilə yanaşı, bilet satışına nəzarətin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki təklifin genişlənməsi sərnişinlərin biletlərə çıxışını asanlaşdırmaqla yanaşı, bazarda süni qıtlıq yaradılması imkanlarını da məhdudlaşdırır.
E.Cəfərov da hesab edir ki, reyslərin sayının artırılması belə halların qarşısının alınmasına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, bilet təklifinin çoxalması süni qıtlıq yaratmaq imkanlarını azaldır, lakin bu proses nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır:
"Bilet təklifinin artması belə halların qarşısını almağa kömək edir. Bazarda bilet sayı çoxalırsa, bu zaman süni qıtlıq yaratmaq imkanları azalır. Bununla yanaşı, bilet satışına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. ADY bu istiqamətdə nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlı ciddi işlər görüb. Məqsəd belə sui-istifadə hallarının qarşısını almaqdır. Düşünürəm ki, əsas məsələ hər bir sərnişinin bileti rəsmi kanallar vasitəsilə və normal qiymətə əldə edə bilməsidir. Bu istiqamətdə işlər aparılır və müəyyən nəticələr də əldə olunub".
Göründüyü kimi, Bakı-Tbilisi-Bakı marşrutu üzrə əsas məsələlərdən biri sərnişin tələbatının davamlı şəkildə qarşılanmasıdır. Reyslərin sayının artırılması bilet əldə etmək imkanlarını genişləndirsə də, yüksək doluluq səviyyəsi gələcəkdə əlavə daşınma imkanlarının nəzərdən keçirilməsini zəruri edə bilər. Eyni zamanda, xidmətin keyfiyyəti, səfər müddəti və bilet satışının şəffaflığı marşrutun rəqabətqabiliyyətliliyinin qorunmasında mühüm rol oynayacaq.
E.Cəfərov gələcəkdə də dəmir yolu ilə sərnişin daşımalarına tələbatın artacağını gözləyir. O, bu sahənin perspektivlərini müsbət qiymətləndirərək xidmət keyfiyyətinin yüksəldilməsini, səfər müddətinin optimallaşdırılmasını və sərnişinlər üçün daha əlverişli şəraitin yaradılmasını əsas prioritetlər kimi dəyərləndirib:
"Bu sahədə perspektivləri müsbət qiymətləndirirəm və düşünürəm ki, gələcəkdə sərnişin tələbatı daha da artacaq. Burada əsas məsələ xidmət keyfiyyətinin yüksəldilməsi, səfər müddətinin optimallaşdırılması və sərnişinlər üçün daha əlverişli şəraitin yaradılmasıdır. Bakı-Tbilisi xətti iki ölkə arasında nəqliyyat, turizm və insani əlaqələrin inkişafında mühüm rol oynamağa davam edəcək. Bu xəttin fəaliyyəti həm Azərbaycan, həm də Gürcüstan üçün çox əhəmiyyətlidir".
Beləliklə, Bakı-Tbilisi-Bakı dəmir yolu xəttində reyslərin sayının artırılması əvvəlki dövrdə sərnişinlərin üzləşdiyi bilet çatışmazlığı probleminin yumşaldılmasına imkan yaradıb. Hazırda rəsmi satış kanallarında biletlərin mövcud olması sərnişinlər üçün daha geniş seçim imkanı formalaşdırır. Bununla belə, qatarların doluluq səviyyəsinin yüksək qalması göstərir ki, marşrutun potensialı hələ tam tükənməyib. Qarşıdakı dövrdə sərnişin axınının dinamikasına uyğun olaraq daşınma imkanlarının genişləndirilməsi, bilet satışında şəffaflığın qorunması və xidmət keyfiyyətinin artırılması bu nəqliyyat əlaqəsinin davamlı inkişafı baxımından əsas məsələlər olaraq qalacaq.
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO












