Banner

2023-cü ilin elmi nailiyyətləri: Sintetik insan emrbrionu, traxeyadan hazırlanan robot...

Texnologiya 2 Yanvar 2024 00:20 Oxunub 900
2023-cü ilin elmi nailiyyətləri:  Sintetik insan emrbrionu, traxeyadan hazırlanan robot...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az oxu.az-a istinadla geridə qoyduğumuz ildə bəşəriyyətin əldə etdiyi innovasiyaları, elm, tibb, texnologiya sahələrində yenilikləri təqdim edir: 

Bərk haldan mayeyə çevrilən, sonra yenidən əvvəlki vəziyyətinə qayıdan robot yaradılıb

Çinli alimlər bərk haldan mayeyə və yenidən öz ilkin halına qayıdan robot yaradıblar. Bu texnologiya möcüzəsi möhkəm vəziyyətdə öz kütləsindən 30 dəfə çox yük daşımaq iqtidarındadır. Eyni zamanda, robot maye kimi yumşalaraq sürünə bilir.

Təcrübə zamanı robot süni mədədə yerləşən maddəni də oradan çıxarmağı bacarıb.

Robot, həmçinin, özünü əridib dəmir barmaqlıqlar arxasından çıxa, sonra isə yenidən bərk vəziyyətə qayıdıb hərəkət edə bilir.

Dünyada ilk: Üç valideynin DNT-sindən uşaq doğulub

Böyük Britaniyada sağalmaz xəstəliklərin irsiliyinin qarşısını almaq məqsədilə həyata keçirilən unikal layihə uğurla nəticələnib. Belə ki, süni mayalanma prosedurundan sonra üç valideynin DNT-sindən dünyada ilk uşaq doğulub.

Körpə həm ana və atasının DNT-sinə, həm də donordan az miqdarda genetik materiala - təxminən 37 genə malikdir.

Körpənin DNT-sinin 99,8%-dən çoxunun valideynlərindən gəldiyi vurğulanıb.

Layihə mutasiyaya uğramış mitoxondriləri olan qadınlara genetik pozğunluqları ötürmə riski olmadan uşaq sahibi olmağa kömək məqsədi daşıyıb.

Viruslarla qidalanan bakteriya kəşf edilib

Alimlər viruslarla qidalanan "Halteria" bakteriyasını kəşf ediblər.

Bu barədə Nebraska-Linkoln Universitetinin tədqiqatçıları məlumat veriblər.

Alimlərin sözlərinə görə, bunu sübut etmək üçün gölməçə suyundan nümunələr götürüblər, "Halteria" bakteriyası təcrid edilib və sonra həmin qaba yaşıl yosunları yoluxduran xlorovirus əlavə edilib. Bir neçə gün ərzində mikroorqanizmlərin populyasiyası izlənib. Məlum olub ki, sınaq şüşəsindəki virusların sayı azalıb, "Halteria"nın isə iki gün ərzində populyasiyası təxminən 15 dəfə artıb.

İnsanın "Y" xromosomu tamamilə deşifrə edilib

Beynəlxalq alimlər qrupu ilk dəfə olaraq insanın "Y" xromosomunun strukturunu tamamilə deşifrə edə biliblər. Mütəxəssislər onda əvvəllər məlum olmayan 41 gen aşkar ediblər.

"Bu yaxınlara qədər çoxlu sayda mürəkkəb seqmentlərə görə insanda "Y" xromosomunun təxminən yarısı deşifrə edilməmiş qalmışdı. Bir neçə il əvvəl biz bu sahələri hətta nə vaxtsa "oxuya biləcəyimizə" əmin deyildik", - deyə işin müəlliflərindən biri Monika Çexova bildirib.

Onun sözlərinə görə, elm adamlarını hər zaman kişi "Y" xromosomu xüsusilə maraqlandırıb. Məməlilər təkamül etdikcə onun ölçüləri sürətlə kiçilir, o, həmçinin, özündə deşifrə edilməsi çox çətin olan seqmentləri ehtiva edir. Ətraflı məlumatın olmaması genetiklərə "Y" xromosomunun mutasiyaları ilə bağlı kişilərdə xəstəliklərin inkişaf mexanizmlərini tam öyrənməyə mane olurdu.

"Y" xromosomunun strukturunun tamamilə deşifrə edilməsi DNT strukturunun kişilərdə sonsuzluğun inkişafına necə təsir etdiyini öyrənməyə kömək edəcək.

Mühəndislər 3D printerdə elastik ürək çap etməyi öyrəniblər

Ürək formasının ölçüləri və detalları hər bir şəxs üçün fərdidir. Bu, ürək xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsində ciddi problem ola bilər.

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçı mühəndisləri 3D printerdə ürək çap etməyi öyrəniblər.

Bunun üçün ürəyin və ya aortanın tibbi təsvirləri üçölçülü kompüter modelində hazırlanıb, daha sonra elastik polimerin istifadəsi ilə 3D nümunə çap edilib.

Mühəndislər işə pasiyentin ürəyinin kompüter tomoqrafiyası (KT) şəkillərini 3D modelə çevirməklə başladılar. Onlar 3D çap etmək üçün çevik fotopolimer qatranından istifadə edərək xəstənin sol mədəcik (ürəyin əsas nasos kamerası) və aorta (qanı bədənin digər nahiyələrinə paylayan böyük arteriya) haqqında məlumatlardan istifadə ediblər. Daha sonra pnevmatik sistemə qoşulan yumşaq robot xortumlar dizayn edilib. Onlar çap olunmuş sol mədəciyi və aortanı əhatə edir. Xortumlar mühəndislərin fərdi proqramına uyğun olaraq ürəyin işini təqlid edir, büzülür və sonra açılır.

Təcrübələr təsdiqləyib ki, belə bir model xəstənin "orijinal" ürəyindəki təzyiqi və qan axınının sürətini dəqiq şəkildə simulyasiya edir. Yenilik, həmçinin, süni aorta qapağının implantasiyasını sınaqdan keçirərək onların effektivliyini yoxlamaq və optimal protez variantlarını seçmək imkanı verir.
İlk dəfə sperma və yumurtahüceyrədən istifadə etmədən sintetik insan embrionu yaradılıb

Kembric Universitetinin alimləri professor Maqdalena Zerniçka-Getsin rəhbərliyi ilə kök hüceyrələrini yenidən proqramlaşdıraraq - klassik komponentlərdən, oositlərdən və spermadan istifadə etmədən - süni insan embrionları yaradıblar.

Bu kəşf orqanizmin inkişafının ilkin mərhələlərində genetik pozğunluqların diaqnostikasına kömək edəcək. Lakin mübahisəli etik və hüquqi komponentə görə (insanları süni şəkildə yaratmaq imkanından tutmuş onların yaşamaq hüququna qədər) metodun klinik praktikada tətbiq olunma ehtimalı azdır.

Altsheymer xəstəliyi üçün dünyada ilk dərman təsdiq edildi

FDA (ABŞ-nin Qida və Ərzaq Administrasiyası - red.) Altsheymer xəstəliyinin simptomları ilə mübarizə aparan, həm də onun inkişafını ləngidən ilk dərman - "Lecanemab"ın (kommersiya adı "Leqembi") istifadəsini təsdiqləyib.

Belə ki, agentliyin ekspertləri tərəfindən aparılan əlavə araşdırmalar erkən mərhələdə xəstəlikdən əziyyət çəkən insanlar üçün dərmanın təhlükəsizliyini və effektivliyini təsdiqləyib. Xəstələrin bu kateqoriyası Altsheymer xəstəliyi diaqnozu qoyulmuş insanların ümumi sayının təxminən 1/6-ni təşkil edir.

Hindistanın "Çandrayan-3" stansiyası Aya enib - VİDEO

İyulun 14-də Hindistan Kosmik Tədqiqatlar Təşkilatı özünün ilk kosmik peyki olan "Çandrayan-3"ü orbitə çıxarıb. Avqust ayında stansiya Ayın səthinə uğurlu eniş edib. Stansiyanın enişi Ayın tədqiq olunmamış cənub qütbü regionunda həyata keçirilib.
Tarixdə bir ilk: insanın nəfəs borusu hüceyrələrindən robotlar yaradılıb

Tafts Universiteti və Harvard Universitetinin Vissa İnstitutunun tədqiqatçıları insanın nəfəs borusu (traxeya) hüceyrələrindən antrobot adlandırdıqları kiçik bioloji robotlar yaradıblar. Onlar müstəqil şəkildə hərəkət edə bilir və zədələnmiş ərazidə neyronların böyüməsini stimullaşdırırlar.

Ölçüləri insan saçının enindən iti qələmin ucuna qədər dəyişən çoxhüceyrəli robotlar öz-özünə yığıla bilir. Onlar digər hüceyrələrə də qeyri-adi terapevtik təsir göstərir.

Rusiya SSRİ dağılandan sonra Aya ilk missiyasını yollayıb

Rusiyanın "Soyuz-2.1b" raketi "Luna-25" kosmik gəmisini müvəffəqiyyətlə Yerin orbitinə çıxarıb. Kosmik gəmi Rusiyanın Amur vilayətindəki "Vostoçnıy" kosmodromundan buraxılıb. Ancaq avqustun 21-də avtomatik planetlərarası stansiyanın Ayın cənub qütbünə enməyi gözlənilsə də, bu baş verməyib, missiya iflasa uğrayıb. Sonradan NASA  "Luna-25" aparatının Ayda qəza yerinin görüntüsünü paylaşıb.

Hindistan Günəşi öyrənmək üçün kosmosa stansiya göndərib

Hindistan "Aditya-L1" avtomatik Günəş stansiyasının uğurlu buraxılışını həyata keçirib. Bu, Nyu-Delhi tərəfindən təşkil edilən ilk genişmiqyaslı ekspedisiyadır.

Göyərtəsində stansiya olan "PSLV C57" ("Polar Satellite Launch Vehicle") daşıyıcı raketi Benqal körfəzindəki Şriharikota adasındakı milli kosmodromdan buraxılıb.

Planlaşdırılır ki, qurğu Yerdən təxminən 1,5 milyon km məsafədə Günəş-Yer sisteminin Laqranj nöqtəsi (L1 nöqtəsi) regionunda haloorbitə buraxılacaq. Oraya çatmaq üçün cihaza 125 gün lazımdır. Bu nöqtədə avtomatik stansiya Yerə və Günəşə nisbətdə hərəkətsiz qalacaq. Bu yerdə heç vaxt Günəş tutulması baş vermir, həmçinin, işığı sərbəst şəkildə müşahidə etmək və onun şüalanmasını qeydə almaq mümkündür. Bundan əlavə, cihaz Yerin maqnit sahəsindən uzaqda olacaq, bunun sayəsində ölçmələrdə hər hansı bir problem olmayacaq.

Stansiya müxtəlif Günəş parametrlərini öyrənmək üçün yeddi tədqiqat sistemi ilə təchiz olunub. O, ulduzdan gələn hissəciklərin axınını araşdıracaq, maqnit sahəsini ölçəcək, Günəş tacını və tac kütləsinin atılma dinamikasını öyrənəcək. Stansiya, həmçinin, Günəşin fotosferini, xromosferini tədqiq edəcək və Günəş radiasiyasında dalğalanmaları ölçəcək. Cihazın kosmosda beş il işləyəcəyi nəzərdə tutulur.

Daha sonra Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) "Aditya-L1" aparatı ilə kosmosdan çəkilmiş ilk görüntüləri yayımladı.

Diyetik məhsullarda istifadə olunan aspartam kanserogen kimi tanındı

Pəhriz kolaları, yoqurtlar, sorma konfetlər və saqqızlar kimi onlarla ümumi qidada olan süni dadlandırıcı aspartam uzun müddət təhlükəsiz hesab olunsa da, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fikrini dəyişib. Təşkilat aspartamı xərçəng riskini artıran potensial kanserogen elan edib.

ÜST maddəni qadağan etməyib, lakin eyni zamanda, ən təhlükəli dozanı - gündə 40 mq/kq təyin edib. Təşkilat, həmçinin, şirkətləri tərkibində dadlandırıcı olan məhsulların etiketində "ehtimal ki, kanserogen" sözləri yazmağa məcbur etmək istəyir.

Ekspertlər, həmçinin, müəyyən ediblər ki, aspartam və digər dadlandırıcılardan istifadə ikinci tip şəkərli diabetə, ürək-damar xəstəliklərinə gətirib çıxarır və ümumiyyətlə, ölüm riskini artırır.

Dünyada ilk uğurlu tam göz transplantasiyası həyata keçirildi

ABŞ-də həkimlər dünyada ilk dəfə xəstəyə bütöv bir göz transplantasiyası həyata keçiriblər. Əməliyyat yüksəkgərginlikli elektrik cərəyanı vurmuş və üzünün sol nahiyəsi, o cümlədən gözü, burnu və ağzı zədələnmiş 46 yaşlı keçmiş hərbçi Aaron Ceymsin üzərində aparılıb. 21 saat davam edən əməliyyatı 140-dan çox cərrah, tibb bacısı və feldşer həyata keçirib.

Laqon Tibb Mərkəzinin press-relizinə görə, transplantasiya edilmiş gözdə sağlamlığın əlamətləri olub, lakin xəstənin onunla görüb-görə bilməyəcəyi hələ məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh