Azərbaycanda mobil və sabit internetin sürəti azalıb
Bu ilin iyul ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,21 Mbit/s təşkil edib.
Avtosfer.az-ın "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici iyun ayı ilə müqayisədə 7,2% azalıb.
Cari ilin iyulunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyun ayının göstəricisi ilə müqayisədə 8,5% azalaraq 9,21 Mbit/s olub.
Qeyd edək ki, hesabat ayında dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,78 Mbit/s və 8,55 Mbit/s təşkil edib. İyul ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 2 pillə geriləyərək 60-cı yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (120,35 Mbit/s), Qətər (117,43 Mbit/s) və Cənubi Koreya (109,65 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 20,89 Mbit/s, çıxış sürəti isə 22,1 Mbit/s təşkil edib. İyun ayı ilə müqayisədə giriş sürəti 5%, çıxış sürəti isə 6,6% azalıb.
Bu ilin iyul ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında iyun ayına nisbətdə 3 pillə geriləyərək 121-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili – 212,98 Mbit/s, Sinqapur – 211,36 Mbit/s və Tayland – 189,14 Mbit/s olub.
Bu ilin iyulunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 67,25 Mbit/s və 28,5 Mbit/s təşkil edib.