Reklam

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıb - FOTO

Texnologiya 27 İyul 2021 17:22 Oxunub 862
COVID-19  pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlanıb.

APA-nın məlumatına görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, artıq ölkədə 4 milyondan çox adam vaksin olunub. Sentyabrın 1-dən etibarən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən istifadəyə veriləcək mobil tətbiqdən qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun COVID-19 pasportunun olub-olmamasını yoxlaya biləcək.

F Cəfərov qeyd edib ki, hər hansı şəxsin üzərində COVID pasportu olmasa, FİN nömrəsi ilə onun COVID pasportu olub-olmadığını yoxlamaq mümkün olacaq. Əgər həmin şəxsin vaksin sertifikatı yoxdursa, dərhal xəbərdarlıq çıxır və o, Nazirlər Kabinetinin qeyd etdiyi məkanlara buraxılmayacaq. Vətəndaşlar COVID-19 sertifikatlarını “myGov.az” elektron hökumət portalı və ya mobil tətbiqi, e-TƏBİB mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər. Mobil tətbiqetmə qurumlar, təşkilatlar üçün nəzərdə tutulub.

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarı ilə 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, həmçinin Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisə işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Həmçinin, Qərara əsasən 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Bununla yanaşı olaraq, 1 sentyabr tarixindən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq. Qeyd olunan bütün məkanlara vətəndaşlar öz COVİD-19 pasportunun QR kodunu oxutdurmaqla daxil ola biləcəklər. Müəssisə və qurumlar COVİD-19 pasportlarının yoxlanılması üçün istifadə edəcəkləri mobil tətbiqi icazə.e-gov.az portalından endirə biləcəklər.

Vətəndaşlar isə COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarını əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləyə bilərlər.
"Android": https://play.google.com/store/apps/details?id=az.gov.my
"iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh