İnsan nəzarətindən çıxan iki tonluq peyk Yerə düşüb - FOTO
Təxminən 30 il əvvəl kosmosa buraxılan və artıq insan nəzarətində olmayan “ERS-2” peyki Yerə düşüb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Avropa Kosmik Agentliyindən (ESA) xəbər verilib.
Bildirilir ki, Avropa Məsafədən Zondlama Peyki (“ERS-2”) atmosferdən keçərək Sakit okeanın şimal hissəsində batıb.
Həmçinin, agentlik əmin edir ki, peykin materiallarında radioaktiv və zəhərli maddələr yoxdur.
“ERS-2” 1995-ci ilin aprelində kosmosa buraxılıb və 2011-ci ilin sentyabrına qədər fəaliyyət göstərib. Qurğu Yer kürəsi, buzlaqlar və okeanlar haqqında məlumat toplamaq, həmçinin təbii fəlakətlərin təsirlərini izləmək üçün hazırlanmışdı. 2,5 ton ağırlığındakı peyk sərnişin avtobusunun ölçüsündə olub. Yanacaq sərf edildikdən sonra onun kütləsi 2,2 tona qədər azalıb.
Planetin tədqiqi missiyasını başa vurduqdan sonra cihaz təxminən 13 il ərzində tədricən enməyə başlayıb. Bu mərhələdə isə peykdə yanacaq qalmadığı və bütün elektron sistemlər söndüyü üçün o, ESA mütəxəssislərinin nəzarətindən çıxıb.
oxu.az