İnsanabənzər robotlar iş başında
Çinin “Robot Era” şirkəti özünün flaqman “Star1” insanabənzər robotlarının yeni imkanlarını Qobi səhrasında sınaqdan keçirib. Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, yarış zamanı iki robot çətin və keçilməz yollarda sınaqdan çıxarılıb. Robotlardan biri idman ayaqqabısında, digəri isə ayaqyalın “qaçıb”. İdman ayaqqabısı “geyinən” robot saniyədə 3,6 metr sürətlə rəqibini qabaqlaya bilib. Hər iki robot güclü mühərriklər və yüksəksürətli rabitə modulları ilə təchiz olunub ki, bu da onlara ətraf mühitlə səmərəli əlaqə saxlamağa və müxtəlif şəraitə uyğunlaşmağa imkan verir. Flaqman robotunun hündürlüyü 1,71 m, çəkisi isə 65 kq-dır. 2023-cü ilin avqustunda Tsingua Universitetində qurulan “Robot Era”nın, süni intellektlə idarə olunan universal insanabənzər robotları məişət və peşəkar mühitlərə formalaşdırmaq öhdəliyi var. “Star1”-in nümayişi də növbəti sınaq hesab olunur.