İstənilən adamın nömrəsi ilə başqasına zəng edilir - TƏHLÜKƏLİ PROQRAM
Son günlər bir çoxları mobil telefonlarına yaxınları tərəfindən müəmmalı zənglər gəldiyindən şikayət edir. Kiber təhlükə ilə üzləşən şəxslər ilk baxışda bunun mahiyyətini anlamır. Bu zəngin kiber hücum olduğunu belə ağlına gətirməyərək zəng edən şəxsi yaxını bilib bütün məlumatları ona ötürür.
Ucnoqta.az məlumat verir ki, bu haqda texnobloger Fərid Pərdəşünas sosail şəbəkə hesabından paylaşım edib.
O bildirir ki, Azərbaycanda artıq "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb:
“Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım və işləyir. Şəkildə özümə 050 -111-11-11 nömrəsindən zəng etmişəm. Bu məşhur "Spoofing Caller ID" hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda “Ata” çıxır amma danışan başqa adamdır. Yaxud sizə, polisdən, bankdan zəng gəlir, amma arxada danışan cinayətkardır.
Bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir”.
Texnobloger qeyd edir ki, işin pis tərəfi bu əlavə ilə səsi də dəyişmək olur:
“Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin, VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların problemi deyil. Telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Tətbiqi məndən soruşmayın. Yayılmasının qarşısını almaq üçün heç kəsə bu barədə məlumat vermirəm. Aşağıda yazılanlara əməl edin və qorunun:
- Gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin. Bu, bank hesab nömrəniz, ananızın qız vaxtının soyadı, sirli kod və digər məlumatlardır:
- Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə, o zənglərə cavab verməyin”.///lent.az