PANDEMİYA TERRORU: Kompüterləri “xəstələn”dirib sıradan çıxaran viruslar

Texnologiya 18 Fevral 2021 19:00 Oxunub 1020
PANDEMİYA TERRORU:  Kompüterləri  “xəstələn”dirib sıradan çıxaran viruslar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Koronavirus pandemiyası gündəlik həyat tərzimizə, vərdişlərimizə, yediyimizə, içdiyimizə, bir sözlə hər şeyə təsir etdi. Tarixdən hansısa pandemiyalar haqqında eşitmişdik. Lakin Koronavirus sayəsində bu “xoşbəxtlik”(y)in canlı şahid olduq. Pandemiya o qədər sürətli və qəddarcasına yayıldı ki, bütün davranışlarımız kimi ünsiyyətimizi də onlayn sferaya daşımaq məcburiyyətində qaldıq. Əgər bizim ölkəmizdə terror olsaydı, əvvəllər evdən çıxıb işə, yaxud da hansısa görüşə getməyə çəkinərdik. Əlbəttə ki, stabil ölkədə yaşadığımız üçün belə qorxumuz yoxdur. Lakin pandemiya evdən çıxmadığımız halda bizi qorxmağa məcbur etdi. Xəstəlikdənmi? – Xeyr. Təəssüflər olsun ki, kibercinayətkarlar məkansızdır. Dünyanın bizdən ən uzaq nöqtəsində olan haker üçün qonşusu kimi biz də hədəfik. Axı deyirdilər, internet dünyanı qloballaşdırır, xalqları yaxınlaşdır. Bu yaxınlaşmanın bu cür YAN TƏSİRLƏRİ DƏ VAR!

Demək olar ki, hər gün mediada kiber hücumlarla bağlı xəbərlərlə qarşılaşırıq. Ən çox da kompüter istifadəçilərinə qarşı edilən hücumlar haqqında.

Maraqlıdır ki, koronavirus fonunda hansı yeni kompüter virusları yarandı?

Bununla bağlı Ted.az-a danışan Azərbaycan Dövlət Neft Fondunda İT şöbəsinin müdiri, İT üzrə mütəxəssis Fərhad Kərimov bildirib ki, pandemiya fonunda “Ransomware”, “Malware” virusları və “Ddos”, “Phishing” hücumlarının sayı artıb: “Pandemiya demək olar ki, hər kəsi texnologiyadan istifadəyə məcbur etdi. Əksər fəaliyyət növlərinin sürətlə rəqəmsallaşması təbii ki, kiber dələduzluq hallarının artmasına gətirib çıxardı. Pandemiya fonunda və ümumiyyətlə hakerlərin kompüter istifadəçilərinə qarşı ən çox istifadə etdikləri Ransomware və Malware viruslarıdır. Onların vasitəsilə kompüterə virus salıb məlumatları şifrələyib qarşılığında müəyyən vəsait tələb edirlər. Bundan başqa Ddos hücumların sayı artıb. Bu hücumlarla sistemlərin fəaliyyətini dayandırırlar. Phishing isə ən məşhur hücum növü olaraq qalır. Hakerlər bu kiber hücum növündən mütəmadi istifadə edirlər”.

 

Mütəxəssis qeyd edib ki, bu kimi virus və kiber hücum növlərindən qorunmağın bir neçə yolu var: “Lisenziyalı əməliyyat sistemlərindən istifadə etmək mütləqdir. Eyni zamanda, lisenziyalı proqram təminatları, antivirus proqramlarından istifadə etməliyik. Təəssüf ki, bəzən antivirus proqramlarından lisenziyasız istifadə edirlər. Lisenziya əsasında işləyən proqramlar daha etibarlı olur, təhlükəsizlik baxımından mütəmadi yenilənirlər və s. Şirkətlər də tez-tez təlimatlandırılmalıdırlar. Qurumların İT mütəxəssisləri tərəfindən istifadəçilər, eləcə də əməkdaşlar proqramlar barədə məlumatlandırılmalıdırlar. Ev şəraitindən internetdən istifadə edən şəxslər özləri diqqətli olmalıdırlar. Onlara gələn müəyyən keçidlər olur ki, istifadəçini başqa yerə yönləndirir. Phishing məqsədilə göndərilən keçidlərə klik etdikdə diqqətli olmaq lazımdır. Xüsusilə domen adlarına, eləcə də gmail vasitəsilə gələn proqram, şəkil video fayl kimi məlumatlara diqqətlə yanşmaq lazımdır. İstifadəçilər çalışıb naməlum ünvanlardan kompüterə fayl yükləməsinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh