“Samsung” növbəti dəfə təəccübləndirdi
Cənubi Koreyanın nəhəngi “Samsung Electronics” şirkətinin onilliklər boyu smartfon istifadəçilərini qatlanan “Android” telefonlarını istifadəyə təşviq etmək səyləri “Samsung Galaxy Z Fold 4” və “Samsung Galaxy Z Flip 4” kimi güclü yenilənmələrlə böyük dönüş yaradıb.
Ən son “Samsung” smartfonları, iki yeni “smart” saat (“Galaxy Watch 5” və “Galaxy Watch 5 Pro”) və yenilənmiş “Galaxy Buds 2 Pro” qulaqlığı ilə birlikdə Azərbaycan istifadəçiləri üçün cümə axşamı təqdim edilib. “Samsung Unpacked” tədbirində nümayiş olunan bu 4 məhsul başgicələndirici təsir yaradıb.
“Galaxy Unpacked” tədbiri zamanı biz yeni buraxılışların ətraflı təqdimatının şahidi olduq və yeni xüsusiyyətləri göstərən müxtəlif installyasiyaları və “üzən pəncərələri” sınaqdan keçirdik.
Əsasən ekranın qatlanan konsepsiyası maraqlıdır. Lakin bu, problemin bahalı həlli yolu kimi görünürdü. Bəs görəsən dünyanın planşetə çevrilən telefona ehtiyacı varmı?
Beləliklə, “Samsung”şirkəti “Galaxy Z Fold4” və “Galaxy Z Flip4”ü təqdim edib və günümüzdə bu smartfonların cəlbediciliyi daha aşkar görünür. Bu smartfonlar qeyri-adi bir şey kimi deyil, aparat və proqram təminatı ilə bağlı son yenilənmələr sayəsində hazır məhsul kimi görünür. Üstəlik, “Galaxy Z Fold4” və “Galaxy Z Flip4” bu cihazı açanda və daxili displeyin canlandığını görəndə sehirli hisslər yaradır.
Təqdimatda iştirak edən “Samsung Electronics Caucasus Company” MMC-nin Baş direktoru Min Hvanq qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini - şirkətdən yeni flaqmanların buraxılışını qeyd edib.
Tədbirdə çıxış edən “Samsung Electronics Caucasus Company” şirkətinin məhsullar üzrə aparıcı mütəxəssisi Miri Kazımov qeyd edib ki, bu modellərin onlayn təqdimatı ilk dəfə bu il avqustun 10-da Nyu-Yorkda keçirilib.
Təqdimatda bildirilib ki, Bakıda satışların rəsmi başlaması sentyabrın 2-nə nəzərdə tutulub, lakin avqustun 19-dan artıq sifariş etmək mümükündür.
“Galaxy Z Flip4”: Sərbəst əllər, keyfiyyətli şəkil və video
“Galaxy Z Flip 4” dörd fərqli rəngdə təqdim olunur: qrafit, qızılgül qızılı, mavi və məxsusi bənöbşəyi Bora.
“Galaxy Z Flip3”dən fərqli olaraq, “Galaxy Z Flip4” smartfonu ilə telefonu açmadan, siz zənglərə və mesajlara cavab verə, hətta yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz.
“Galaxy Z Flip4” hands-free (sərbəst əllər) funksiyasına sahibdir. Bu, o anlama gəlir ki, siz telefonu istədiyiniz kimi və əlinizlə tutmaq məcburiyyətində qalmadan çox gözəl şəkil və videolar çəkə bilərsiniz.
Telefonun digər məlumatlarına gəlincə isə xarici ekran 1.9 Super Dynamic AMOLED 60 Hz, batareya tutumu 3,700 mAh-dır və smartfonu 30 dəqiqə ərzində 50 %-ə qədər doldurur. Həm də sizi düşünərək daha az enerji sərf edəcək.
“Galaxy Z Fold4”: Çox funksionallıq və istifadə rahatlığı
“Galaxy Z Fold 4” üç rəngdə təqdim olunur: boz-yaşıl, fantom qara və bej. Eksklüziv dördüncü rəng, tünd qırmızı, yalnız “Samsung”un veb-saytından əldə edilə bilər.
“Galaxy Z Fold4” – Güclü və çoxfunksiyalı smartfon özündə “Samsung”un mobil texnologiyalarında yığdığı təcrübə toplusunun təcəssümüdür. “Z Fold3”ə nisbətən daha çox imkanlar genişlənib və funksiyalar artıb. Açıq halda siz onu planşet kimi də istifadə edə bilərsiniz. Yəni, eyni anda həm işləyə, həm də nəyisə izləyə bilərsiniz. Bağlı rejimdə isə 6,2 düym ekranlı smartfona çevrilir.
Portret rejimi artıq “Galaxy Z Flip4”ün ön ekranına da əlavə olunub və üstəlik öndəki ekrandan şəkili daxili ekrana da yerləşdirmək imkanı yaradılıb. Bundan əlavə, daxili ekrana Wi-Fi, Bluetooth və fənər elementləri əlavə olunub. Displeyin qoruyucusu isə Gorilla Glass Victus +. O, telefonu kənar zərbələrdən daha yaxşı qoruyur. Bundan əlavə, “Galaxy Z Fold4” və “Galaxy Z Flip4”də də İPX8 su buraxmayanla qorunur və istifadəçilər ani anlarda daha rahat ola bilər.
“Galaxy Buds2 Pro”: Premium-dizayn ilə yeni eşidilmə təcrübəsi
“Galaxy Z” xəttinin yeniliyi olan naqilsiz “Galaxy Buds2” qulaqlıqları istifadəçilərin istənilən şəraitdə rahat istifadəsinə şərait yaradır. Mükəmməl 24 bitlik hi-fi səsi, kristal təmizliyi və yığcam erqonomik dizayn hesabına qulaqlıqlar 15 % daha balaca olub. Bu, hal-hazırda “Samsung”un ən kompakt vəyüngül qulaqlığı sayılır.
Aktiv səs izolyasiyası xüsusiyyətlərinə malikdir və kənar səsi 60 % izolyasiya edir. Qulaqlıqları yandıranda 5 saat, söndürəndə isə 8 saat işləyəcək. Korpus simsiz şarj hesabına müvafiq olaraq 18 və 29 saat işləmək imkanı verir. Elan edilmiş nəmlikdən qorunma sinfi IPX7-dir.
“Galaxy Watch5” və “Watch5 Pro”: uzunömürlü və bədən temperaturunu ölçmək imkanı
“Galaxy Watch5” standart olaraq iki versiyada təqdim olunur: 40 mm və 44 mm. Birincisi 396×396 piksel təsvir ölçülü 1,2 düymlük, ikincisi isə 450×450 piksel ölçülü 1,4 düymlük ekrana malikdir. “Galaxy Watch4”dan fərqli olaraq yeni versiyada saatın akkumulyatorunun şərti tutumu artıb. Əslində, bu, yeni saatla əvvəlki nəsl saat arasında yeganə texniki fərqdir. Yeni versiya “Galaxy Watch5 Pro”dur. Görünür, o, “Classic”i əvəz edəcək.
Amma bir il əvvəlki saatların iki ölçüsü var idisə (42 və 46 mm), yeni saatlar yalnız bir ölçüdədir, yəni 45 mm-dir. Yeri gəlmişkən, bu saatda 44 mm-lik versiyada olduğu kimi 1,4 düymlük ekran var. Əslində, texniki baxımdan bu saat adi “Watch5” ilə eynidir. Lakin bu saat 590 mAh batareyaya və 10 vatt Qi-doldurma dəstəyinə malikdir.
Digər mühüm fərq sapfir şüşədədir. Bu, ekranı daha yaxşı qoruduğuna görə bu saat uzunömürlü olmalıdır. Qeyd edək ki, “Galaxy Watch5 Pro”da dairəvi çərçivə yoxdur. Yəqin ki, artıq dairəvi çərçivə ilə vidalaşmağın vaxtı yetişib.
Saat eyni “Exynos W920” çip sistemində işləyir. Onlar yalnız 1,5/16 GB versiyada mövcuddur. “Pro” versiyasında giroskop, akselerometr, nəbz ölçən və barometrdən əlavə bədən istiliyi sensoru da var.
“BioActive” sensorunun daha da təkmilləşdirildiyi bildirilir. Bununla nəbzi ölçmək, elektrokardioqrafiya etmək mümkündür. Saatdakı funksiyaların dəqiqliyi 98 %-dir.
“Samsung Electronics Caucasus Company” şirkətinin məhsullar üzrə aparıcı mütəxəssis Miri Kəzımov “Report”a bildirib ki, “Samsung” ildə iki dəfə smartfonlarda əlamətdar dəyişikliklər edir. Bununla əlaqədar ildə bir neçə dəfə yeni qurğular təqdim olunur. Beləliklə daim yenilik axtarışında olduğundan “Samsung” daim imkanları genişləndirməyi düşünür. Hətta, bu yeni “Samsung” smartfonları həyatlarının bir hissəsi olan insanların belə gözləntilərini aşacaq yeni məhsullardır.
Təqdim olunan “Galaxy Z Flip4” modelinin daha çox qadınlara yönəldiyi, hətta reklam çarxlarında belə məzmunun qadınların iştirakı ilə seçildiyi barədə fikrə münasibət bildirən M.Kazımov qeyd edib ki, ilk baxışdan belə görünür: “Biz cihazları istifadə edən müştəri qruplarını təhlil edirik və araşdırma göstərir ki,hər cihazın öz müştəri qrupu var.
Qənaətə gəldik ki, “Galaxy Z Flip4” cihazlarına daha çox qadınlar, “Galaxy Z Fold 4” cihazlarına isə kişilər tərəfindən üstünlük verilir. Bu da çox gümankı onların ölçülərindən, dizayndan irəli gəlir”.
Onun fikrincə, kompaktlıq tendensiyası tezliklə kifayət qədər populyarlaşacaq. Bu, tezliklə smartfonlar arasında birinci yeri tuta bilər: “Samsung” gələcəyə baxır və istehlakçı üçün təcrübəni daha yaxşı etməyə çalışır”.
“Samsung” bir çox amilləri təhlil edir, xüsusən də istehlakçılarla birbaşa əlaqə saxlayır, köhnə smartfonlarda nələrin dəyişdirilməli olduğu və yeni modellərdə nəyi görmək istədikləri ilə bağlı fikirləri daim nəzərə alır. Buna görə də 2019-cu ildə qatlanan smartfonla qlobal bazara çıxdıq”, - M. Kazımov vurğulayıb.
Smartfonların yeni versiyalarının əsas üstünlüklərini sadalayaraq M. Kazımov bildirib ki, “Samsung” heç bir xüsusi səy göstərmədən sizin həyatınızın hər anını lentə almağa imkanı verir. “Galaxy Z Fold4”ün daxili ekranının kifayət qədər böyük olduğunu və onu bir neçə tətbiqə bölməyin, hər biri ilə eyni vaxtda işləməyin mümkün olduğunu nəzərə alsaq, ikinci üstünlüyün çoxfunksiyalılıq olduğunu söyləyə bilərik.
“Bundan başqa, smartfonların əsas xüsusiyyəti ekranın qorunmasının gücləndirilməsi ilə bağlıdır. Yəni, smartfonu, təxminən, 200 min dəfə ekrana zərər vermədən açıb bağlaya bilərsiniz. Həmçinin smartfonu sifariş verərkən istifadəçilərə daxili displey üçün təhlükəsizlik kodu təqdim edirik.
Cihazlar suya qarşı davamlıdır. Lakin toz yalnız daxili ekrana daxil ola bilər.
Qulaqlıqlarda isə küləyin və digər təbiət hadisələrinin səsini azaldan detal var. Qulaqlıqlarda bu komponentin ölçüsü iki dəfə artırılıb. Bu da səs-küyün izolyasiyasında böyük rol oynayır.
Uzun müddət istifadənin rahatlığı üçün qulaqlıqların ölçüsü daha kiçikdir. Amma biz keyfiyyətə və komponentlərə qənaət etməmişik, əksinə cihazın xüsusiyyətlərini yaxşılaşdırmışıq”, - M. Kazımov vurğulayıb.
Beləliklə, 10 sadiq müştərinin, yəni “Samsung” cihazlarının aktiv istifadəçilərinin və 6 lotereya qalibinin mükafatlandırılması tədbirə xüsusi ab-hava qatıb.
Tədbir gənc müğənnilərin çıxışı ilə başa çatıb.