Banner

Sürət qatarı ilə Ankaradan İstanbula 80 dəqiqəyə getmək olacaq

Texnologiya 7 İyul 2024 20:19 Oxunub 768
Sürət qatarı ilə Ankaradan İstanbula  80 dəqiqəyə getmək olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yüksək sürətli dəmir yolu xətti Ankara ilə İstanbul arasında gediş müddətini indiki 4 saat 20 dəqiqədən 80 dəqiqəyə endirəcək.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və logistika naziri Abdulkadir Uraloğlu “CNN Türk” telekanalının efirində məlumat verib.

Nəqliyyat Nazirliyinin rəhbəri xatırladıb ki, bu gün Türkiyənin iki ən böyük şəhəri yüksək sürətli dəmir yolu ilə bir-birinə bağlıdır, lakin hökumət bununla kifayətlənmək niyyətində deyil.

“Mənzilə 4 saat 20 dəqiqəyə çatan sürətli qatarlar kifayət etmir. Biz qatarların 350 kilometr-saat sürətə çatacağı yüksəksürətli xətti istifadəyə verməyi planlaşdırırıq. Bu layihə Türkiyənin 25 milyon əhalisi olan bölgələrində kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq”, -deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu cür təşəbbüslər Türkiyənin nəqliyyat sisteminin perspektivləri nəzərə alınmaqla hazırlanır. “Apardığımız hesablamalara görə, Ankara ilə İstanbul arasındakı magistralın müəyyən hissələrində avtomobillər yaxın vaxtlarda orta hesabla 80 kilometr-saatdan çox olmayan sürətlə hərəkət edə biləcək. Bu gün artıq 10-15 ildən sonra bizi gözləyən bu problem barədə düşünürük və yollardakı tıxacları aradan qaldırmağı planlaşdırırıq”, -deyə Uraloğlu bildirib.

Nazir qeyd edib ki, 2034-cü ilə qədər nəqliyyat sektorunda yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri ölkənin ən böyük hava limanı - İstanbul Hava Limanı ilə bağlı planları da bölüşüb.

“Təkcə iyunun 30-da İstanbul Hava Limanından 268 min 275 sərnişin keçib. Bu, çox yüksək rəqəmdir və Türkiyənin bəzi əyalətlərinin əhalisindən də çoxdur”, -deyə Uraloğlu bildirib.

Onun sözlərinə görə, ilin sonunadək İstanbul aeroportunun üçüncü uçuş-enmə zolağının sınaqdan keçirilməsi planlaşdırılır. “İstanbul Hava Limanı dünyada eyni vaxtda üç zolağın istifadə olunacağı ikinci hava limanı olacaq”, -deyə Nəqliyyat Nazirliyinin rəhbəri vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh