"TikTok"da canlı yayımlarla bağlı QADAĞA – Yalnız bu insanlar...
Qısa videolar üzrə məşhur platforma olan "TikTok" yaxın zamanda istifadəyə veriləcək yeniliklər barəsində məlumat verib. Reallaşdırılacaq yeniliklər "TikTok"dakı yaş məhdudiyyətləri ilə bağlı olacaq.
Avtosfer.az xarici KİV-ə istinadən bildirir ki, söhbət, daha yuxarı yaş kateqoriyalı izləyicilər üçün canlı yayımları və streamingləri reallaşdıran istifadəçilərin yaşlarına dair olacaq daha ciddi tələbdən gedir. Hazırda 16 yaşdan yuxarı olan və minimum 1000 nəfər abunəçiyə sahib istənilən "TikTok" istifadəçisi canlı yayımlar keçirdə bilər. Lakin noyabrın 26-dan başlayaraq canlı yayımları keçirmək imkanı yalnız 18 yaşından başlayan istifadəçilər üçün aktiv olacaq.
Bundan əlavə, canlı yayımları reallaşdıran istifadəçilər öz kontentlərini daha yuxarı yaş kateqoriyasına aid olan izləyicilərə istiqamətləndirə biləcəklər. Hazırda canlı yayımlar "TikTok" daxilindəki For You bölməsində təqdim olunur. Canlı yayımların müəllifləri öz canlı yayımlarını xüsusi qeydlər ilə işarələyə biləcəklər. Bu üsul ilə onlar yaratdıqları kontentin daha yuxarı yaş kateqoriyasına aid olan izləyicilər üçün nəzərdə tutulduğunu əks etdirə biləcəklər.
"TikTok" canlı yayımlar keçirən kontent müəllifləri üçün yeni funksiyalar da anons edib. Bundan sonra kontent müəllifləri öz canlı yayımlarına 5 qonaq istifadəçini əlavə edə və bu halda müxtəlif effektlərdən istifadə edə biləcəklər.
ted.az