Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib
Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib. İndi isə şirkət sözügedən ödənişli abunəlik sistemini rəsmi şəkildə təqdim edib. Twitter Blue adlı yeni ödənişli abunəlik istifad'çinin imkanlarını genişləndirmək üçün nəzərdə tutulub. Məsələn istifadəçi bu abunəlik sisteminə qoşularaq Undo Send adlı funksiyanı əldə edəcək. Sözügedən funksiya tweet-in paylaşılmasına 30 saniyə taymer təyin etməyə imkan verir. Başqa sözlə desək, istifadəçi hər hansı bir tweet-in 30 saniyə öncədən paylaşılmasını planlaşdıra bilər.
Əgər istifadəçi bu və ya digər səbəbdən tweet-i paylaşmaqdan imtina etmək istəsə, onun 30 saniyə vaxtı olacaq. Bundan əlavə olaraq ödənişli abunəlik sisteminə təkmilləşdirilmiş qovluqlar da daxildir. İstifadəçi həmin qovluqlarda tweet-ləri mövzulara görə sıralaya bilər. Bununla yanaşı istifadəçi tətbiqin ikonunu və interfeysin rəng çalarını dəyişə bilər. Şirkət bildirib ki, gələcəkdə Twitter Blue daxilindəki imkanlar daha da genişləndiriləcək. Lakin onların arasında tweet-in redaktə etmək mümkünlüyünün olub-olmayacağı bilinmir. Sözügedən ödənişli abunəlik sistemi artıq ABŞ-da, Kanadada və Avstraliyada istifadəyə verilib. Twitter Blue-nun aylıq abunəlik haqqı 2.99$ təşkil edir. Sistemin digər ölkələrdə daha sonra istifadəyə veriləcəyi bildirilib.