Banner

Yan Katın müasir xalça kolleksiyası Beynəlxalq Astronavtika Konqresində sərgilənəcək - FOTO

Texnologiya 15 Avqust 2023 17:44 Oxunub 626
Yan Katın müasir xalça kolleksiyası Beynəlxalq Astronavtika Konqresində sərgilənəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində müasir xalça sənəti üzrə mükafata layiq görülmüş “Spacecrafted” (Kosmosda hazırlanmış) adlı müasir xalça kolleksiyası nümayiş olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Konqres iştirakçıları xalça istehsalının ənənəvi və müasir üslublarının unikal qarışığı ilə beynəlxalq səviyyədə tanınan və şöhrət qazanan alman dizayneri Yan Katın əl işi xalçalarına baxa biləcəklər. Kosmik mövzuya həsr olunmuş bu kolleksiya özündə səyahət etmək eşqini, istək və macəra dolu ruhu ifadə edir, texniki olaraq xalçaya baxdıqca xalçanın görünüşü yeni bir ölçüyə keçidi göstərir.

“Yan Kat müasir, əllə toxunmuş xalçaların qalaktika təsvirləri ilə vəhdətini yaradan tanınmış dizaynerdir. “Spacecrafted” kolleksiyasının hər bir xalçası uzaq qalaktikanın və kosmik mənzərələrin gözəlliyini və sirrini əks etdirən şedevrdir. Yan Katın 74-cü Beynəlxalq Astronavtika Konqresinin xüsusi qonağı olması və “Spacecrafted” kolleksiyasını Azərbaycanda ilk dəfə nümayiş etdirməsi bizi sevindirir. Bütün kosmos həvəskarlarını və sənətsevərləri Konqresdə iştirak etməyə dəvət edirik”, – deyə “Azərkosmos”un sədri Saməddin Əsədov bildirib.

Unikal xalça sərgisi Astronavtika Konqresinin bir parçası olaraq innovativ və müasir dizaynı ilə Bakının rəmzi olan Heydər Əliyev Mərkəzində keçiriləcək.

Yan Kat Azərbaycanda ilk dəfə təşkil ediləcək sərgisi haqqında bunları deyib: “Biz xoşbəxtik ki, Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində öz xalçalarımızla iştirak edəcəyik. Azərbaycan qədim və çoxəsaslı xalçaçılıq ənənəsinə malik ölkədir. Dünyanın ən mühüm xalça dizaynlarından bəziləri burada yaradılıb ki, bu da məni valeh edir. Qədim sənətkarlıq mənim üçün vacibdir və onun qorunub saxlanılması böyük qayğının nəticəsidir. Kolleksiyalarımızın əksəriyyətini Nepalda – Katmandu şəhərində istehsal etməyimizə baxmayaraq, biz Azərbaycanda da qədim sənətə yeni nəfəs gətirmək istəyirik. Köklərə qayıdıb qədim naxışları müasir baxışla yeni dövrə gətirmək özü böyük çağırış və böyük zövqdür”.

 

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh