Bakıdakı taksi biznesi - Sürücülər işə necə götürülür?
Dünən “City Taxı” şirkətində fəaliyyət göstərən taksi sürücüsünün qadın sərnişinə “necə alt paltarı geyinirsiz?” sualını verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sözügedən şirkət məsələ ilə bağlı üzr istəsə də, xoşagəlməz hadisələrin digər taksi xidmətlərində də baş verəcə biləcəyi istisna deyil. “Qafqazinfo” xəbər verir ki, bu kimi halların yaşanmasında sürücülərdən daha çox şirkətlər cavabdehdir. Belə ki, şəxsi maşınları olmadığı üçün maşın sahiblərini, xüsusilə də bahalı maşın sahiblərini işə götürməyə üstünlük verən şirkətlər bəzən adi təlimatları belə onların diqqətinə çatdırmağı unudur. Bunun nəticəsidir ki, sürücülər yolda qeyri-etik söhbətlər edir, hətta bəzən taksi işarəsini belə qoymur.
Sürücüləri işə götürən zaman hansı keyfiyyətlərə üstünlük verdiklərini və əsas tələblərinin nələr olduğunu öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə taksi xidmətinə zəng vurduq.
“189 Taxı”dən bildirilib ki, sürücülərlə sərnişinlər arasında bu kimi halların yaşanmasının qarşısını almaq üçün müəyyən təlimlər keçirilir: “Hər hansı bir sürücü bizə müraciət etdiyi zaman əvvəlcə onun bütün sənədlərinin yerində olub-olmaması, şəhəri nə dərəcədə tanıması yoxlanılır. Daha sonra müəyyən təlim vaxtı var ki, bu zaman sərnişinlərlə ünsiyyət barədə treninqlər keçirilir, marşrutu görə bilmələri, sifariş almaları üçün nəzərdə tutulmuş xüsusi proqram öyrədilir. Təlimdən sonra sürücülərimiz fiziki şəxs olaraq bizimlə müqavilə imzalayaraq işə başlayırlar. 189 taksi xidməti taksi sürücüsünün davranış qaydaları adlı kodeksimiz var və burada hər şey: sürücünün geyimi, ünsiyyəti, avtomobili və bir çox nüanslar burada maddələrlə göstərilib. Sürücülərimiz həmin kodeksə, qaydalara əməl etmədiyi təqdirdə cərimələnir”.
“Salam Taksi” şirkətinin nüməyəndəsi Anar Ağayev də şirkətə sürücülər qəbul edən zaman şəxsi keyfiyyətlərinə xüsusi diqqət yetirildiyini deyib: “Bizim sürücülərimizin, demək olar ki, hamısı namaz qılır, dindardır. Şirkətimizin adından da göründüyü kimi, biz dini və əxlaqi dəyərlərə xüsusi önəm veririk. Treninqlər keçirilir, sürücülərlə birbaşa işləyən nüməyəndəmiz var, onlara nəzarət edir. Şirkətimizdə elə bir şey olarsa, həmin sürücü dərhal şiddətli töhmət alaraq işindən uzaqlaşdırılacaq. Sürücülərimizə heç siqaret çəkməyə icazə vermirik, qaldı ki, xanımlarla qeyri-etik söhbət etmək, kobud davranmaq”.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məsələyə münasibətində bildirib ki, taksi fəaliyyəti üçün hansısa lisenziyaya ehtiyac olmasa da, Nazirlər Kabinetində bununla bağlı müəyyən tələblər var:
“Nazirlər Kabinetinin təsdiq etdiyi 141 saylı qərar var ki, orada taksi fəaliyyəti üçün də müəyyən tələblər var. Hər bir şirkət taksi sürücüsü kimi götürdüyü şəxsin həm mənəvi, həm fiziki xüsusiyyətlərini nəzərə almalıdır. Ən azı bilməlidir, işçi qəbul edəndə kimi qəbul edir. Bundan başqa, sözügedən qanunvericilikdə o da qeyd olunub ki, işə qəbul edilməmişdən əvvəl sürücü sərnişinlərlə etik davranış qaydaları, ərazinin küçə-yol şəbəkəsini tanımaqla bağlı xüsusi kurs keçməlidir. Bundan başqa şirkət işçiləri də onları təlimatlandırmalıdır. Sürücü sükan arxasına əyləşməzdən öncə nələrin etik normalara uyğun olmadığını yaxşı bilməlidir. Məsələn, dünyanın hər yerində sürücülərə təlimat verilir ki, sürücülərlə artıq ünsiyyət qurmasınlar. Ünsiyyət sadəcə belə ola bilər: Hara gedirsiniz? Harada dayanım? Məbləğ nə qədərdir? Düzdür, əlavə danışıq qadağan deyil, ancaq məsləhət də deyil”.
Taksi xidmətlərindən istifadə edən sərnişinlər ünsiyyətdən başqa, operatorların yolları yaxşı bilməməsi, heç vaxt qəpik qaytarmamasından da narazıdır. Radio aparıcısı Turanə Hüseynova da məsələyə münasibət bildirən zaman artıq uzun müddətdir ki, taksi sifariş etmədiyini qeyd edib. Bunun səbəbi isə:
“Uzun zamandır, bir çox taksi xidmətlərindən imtina etmişəm, çünki ya operator xanımları yolu səhv anlayır, ya da sürücülər yolu yaxşı tanımır. Baş verən hadisəylə bağlı heç kim zəmanət vermir ki, daha pis bir şey baş verə bilməzdi. Belə xəbərlərdən onu başa düşürəm ki, bundan sonra daha ehtiyatlı olmaq lazımdır”.
Son olaraq qeyd edək ki, sözügedən hadisəni hətta Türkiyədə baş verən Özgecan Aslan cinayəti (20 yaşlı tələbə dərsdən evə qayıdarkən avtobus sürücüsü və onunla əlbir olan bir şəxs tərəfindən yandırılaraq amansızlıqla qətlə yetirilmişdi) ilə müqayisə edən sosial şəbəkə istifadəçiləri də var. Onlar bənzər hadisələrin ictimailəşdirilməsinin gələcək cinayətlərin qarşısını almaq üçün vacib amil olduğunu düşünürlər.