Banner

BNA Avropa təcrübəsi dedikdə bu suallara cavab tapıbmı? - İctimai nəqliyyata qayıdış

Yazarlar 8 Dekabr 2022 09:12 Oxunub 1272
BNA Avropa təcrübəsi dedikdə bu suallara cavab tapıbmı? - İctimai nəqliyyata qayıdış
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda ictimai nəqliyyatın təşviqi; alınacaqmı?

Son günlərdə Sumqayıt yolunda və digər ərazilərdə avtobus zolaqlarının salınması, yolların genişləndirilməsi kimi zəruri məsələ geniş müzakirə edilir. Hətta BNA da bununla bağlı mətbuat konfransı keçirdi. 
Deyilənlərdən belə məlum olur ki, məqsəd sıxlığı azaltmaq, həm də insanların şəxsi avtomobil deyil, ictimai nəqliyyatdan istifadə etməsini təşviq etməkdir. Əslində çox gözəl və mütərəqqi ideyadır, təqdirəlayiqdir. Amma... 
Söhbətə 100 il əvvəl baş vermiş hadisə ilə başlayaq. 1922-ci ildə Genuya konfransına gedən Nəriman Nərimanov Bakıya qayıtdıqda bir neçə xoşagəlməz hadisənin baş verdiyinə şahid olur. Məmurlardan “niyə belə etmisiniz” sualına cavabı isə bu cür olur: “Rusiyada da belə ediblər”. Doktor yarıtmaz qərarları ləğv etdirdikdən sonra ara sakitləşir. Sonradan əsərlərində kor-koranə hansısa modelin tətbiqini kəskin tənqid edir.

Sözümün canı budur ki, Bakı şəhərinin nəqliyyatına məsul olan şəxslər çox vaxt Avropa təcrübəsi deyilən mücərrəd bir şeyə əsaslanırlar. Bəli, dünya təcrübəsinə əsaslanmaq zəruri və məcburidir. Heç bir dövlət hansısa böyük məsələni təkbaşına, kiminsə təcrübəsinə müraciət etmədən reallaşdıra bilməz. Dünya gör-götür dünyasıdır (Ərazi və əhali baxımından çox kiçik olan Azərbaycanın hərb təcrübəsini bu gün əsgər sayı bizim sayımızdan çox olan ölkələr öyrənir). Lakin nəyisə olduğu kimi “kopyalamaq” fikri bəri başdan uğursuzluğa düçardır. 
Görəsən istər Ziya Məmmədovun Nəqliyyat Nazirliyi, istərsə də BNA Avropa təcrübəsi dedikdə aşağıdakı suallara cavab tapıblarmı?
1.    Berlində ictimai nəqliyyatı hansı qurum idarə edir?
2.    Parisdə metro, tramvay və avtobusun işi necə sinxronlaşdırılır?
3.    Strasburq-Kel (Fransa-Almaniya) tramvay xəttinin işi necə təşkil edilib ki, hər 2 dövlətin vətəndaşları razı qalıb?
4.    Cenevrədə tramvayda gediş haqqı nə üçün iyul-avqust aylarında 3 frankdan 1 franka endirilir?
5.    Lüksemburqda ölkə boyu pulsuz ictimai nəqliyyat necə təşkil edilib?
6.    Madrid, Roma, Berlin, Ştutqart, Frankfurt kimi şəhərlərdə avtomobil sahiblərinin neçə faizi gündəlik həyatda ictimai nəqliyyatdan istifadə edir?
7.    İctimai nəqliyyatda güzəş mexanizmi necə işləyir?

Əslində bu tip sualların sayını sonsuzadək uzatmaq olar. Lakin bunların cavabını bilmədən hansısa Avropa təcrübəsindən danışmaq yumşaq desək, yersizdir.  Ən əsası isə yerli şərait və mentalitet nəzərə alınmalıdır. 
Hansısa Şərq ölkəsində, o cümlədən Şərqin tarixən ən qabaqcıl dövləti olan Azərbaycanda avtomobili olan şəxs hansı halda ictimai nəqliyyatdan istifadə edər? 
Şəxsi təcrübəmizdən görürük ki, hansısa iş yoldaşımız vəlvələdən və ya zəlzələdən işə 3 ildə 1 dəfə ictimai nəqliyyatla gəldikdə günümüzü qara edir. Yayın istisində, qışın soyuğunda dayanacaqda gözləyən sərnişinləri yuxarıdan aşağı süzərək maşına qaz verənləri hər gün görürük. 
İctimai nəqliyyatda yeganə nəqliyyatın avtobus olduğu ərazilərdə isə bu təbliğatın uğurlu olması çətin, bəlkə də qeyri-mümkündür. Müasir sərnişindaşımda avtobus ümumiyyətlə cəlbedici nəqliyyat vasitəsi deyil. Şəhərin yaraşığı metro və tramvaydır.  
Hansı iş birinci olmalıdır: keyfiyyəti yaxşılaşdırıb əhalini ictimai nəqliyyata dəvət etmək, yoxsa əksinə? Cavab bəllidir: keyfiyyət yaxşılaşdırılmadan edilən dəvət əvvəl toyuq olub, yoxsa yumurta sualına bənzəyəcək.
Amma təbliğat hər bir halda olmalıdır. Həm də televiziyalara böyük pullar tökməklə deyil, şəxsi nümunə ilə. Məsələn, BNA-nın bütün heyəti ayın hansısa günündə işə ictimai nəqliyyatla gəlsinlər. Bu zaman həm problemləri real olaraq görərlər, həm də yaxşı nümunə olarlar. Yeri gəlmişkən, Qərb təcrübəsində bu addım özünü doğruldub. 
Nəhayət, nəqliyyatın işinin yaxşılaşdırılması şəxsi avtomobillərə məhdudiyyət yaradılması hesabına baş verməməlidir. Amma görünür Sumqayıt yolunda çəkiləcək avtobus zolaqları digər hərəkət iştirakçılarının işinin çətinləşdirilməsi hesabına baş tutacaq.

Dünya təcrübəsi göstərir ki, birinin yolunu kəsib digərinə yol açmaq çarə deyil. Əlinin papağını Vəlinin başına qoymaq çıxış yolu deyil. Hərəkətin tənzimlənməsində bütün dövlət qurumları birgə, koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Həm də tənzimləmə bütün nəqliyyat növlərinə aid edilməlidir.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh